Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və İran bir-birilərinə qarşılıqlı hücum edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə iyulun 18-də Şərq vaxtı ilə saat 23:30-da (Bakı vaxtı ilə 19 iyul saat 07:00) İrana qarşı növbəti zərbələr seriyasını həyata keçirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-ın ardıcıl səkkizinci gecə davam edən zərbələri zamanı İranın hərbi sahil müşahidə və hava hücumundan müdafiə obyektlərini, dəniz imkanlarını, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələri uğurla vuraraq İranın hərbi potensialının zəiflədilməsi istiqamətində əməliyyatlar davam etdirilib: "ABŞ hərbi qüvvələri həmçinin iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirən İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrini də hədəfə alıb".

İran isə şəhərlərinə endirilən zərbələrə cavab olaraq Küveytdəki ABŞ bazalarına hücum edib.

İran Ordusu “İldırım” əməliyyatı çərçivəsində həyata keçirilən hücumlar zamanı ABŞ-ın Küveytdəki Əl-Ədiri düşərgəsində yerləşən sursat anbarları, eləcə də Əli əs-Səlim aviabazasındakı “Patriot” hava hücumundan müdafiə sisteminin radarı və hava müşahidə radarı hədəfə alınıb.

Bu barədə "Mehr" İran Ordusuna istinadən məlumat yayıb.

Qeyd edilib ki, İran sərhədindən 104 kilometr məsafədə yerləşən Əl-Ədiri düşərgəsi ABŞ qüvvələri üçün əsas təminat və döyüş hazırlığının yenidən təşkili mərkəzlərindən biri hesab olunur. Bildirilib ki, bu bazanın fəaliyyətinin pozulması ABŞ-ın regiondakı logistika əməliyyatlarına ciddi təsir göstərə bilər. Nəzərə çatdırılıb ki, ABŞ hərbi qulluqçularının Qərbi Asiyaya daxil olduğu əsas məntəqələrdən biri və hava nəqliyyatı üzrə mühüm qovşaq hesab edilən Əli əs-Səlim aviabazası ABŞ-ın hərbi və logistika strategiyasında mərkəzi rol oynayır.