Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya silah-sursat tədarükünə başlayıb - Amma kifayət etməyə bilər

ABŞ Ukraynanın ehtiyacı olan əsas silah-sursatların Kiyevə tədarükünə başlayıb.

Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder deyib.

O bildirib ki, ABŞ-nin yardım paketinə müxtəlif silah və texnika daxildir.

Rəsminin sözlərinə görə, bəzi növ silahların Ukraynaya çatdırılması daha uzun çəkə bilər.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu isə rəsmi Vaşinqtonun son hərbi yardımının Ukraynaya işğal altındakı bütün əraziləri azad etmək üçün kifayət etməyə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunub ki, ABŞ rəsmiləri də bundan narahatdırlar: “Bu hərbi yardım Ukraynanın hazırda ehtiyac duyduğu yardımın yalnız bir hissəsidir. ABŞ rəsmilərindən biri bəyan edib ki, sözügedən hərbi yardımın məqsədi rəsmi Kiyevin itkilərini dayandırmaq və Ukraynaya müəyyən uğurlar əldə etməyə kömək etməkdir”.

Hesabatda yazılıb ki, Ukraynanın işğal altındakı əraziləri azad etməsi təkcə hərbi yardımdan yox, həm də qoşunların yenidən qruplaşdırılmasından asılıdır: “Rusiya qüvvələri, ehtimal ki, qarşıdakı həftələrdə taktiki nailiyyətlər əldə etmək üçün cəbhənin müəyyən istiqamətlərində hücum əməliyyatlarını gücləndirəcək”.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.