Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Rusiyanın yaydığı dezinformasiyadan "həddindən artıq narahatdır"

Rusiya hökuməti "Avropada və bütün dünyada yalan və şayiələri yaymaq üçün dezinformasiyadan istifadə edir", bu barədə çərşənbə axşamı Dövlət Departamenti bildirib.

Brifinqdə Turan-ın Avropada bu həftə sonu keçiriləcək seçkilər ərəfəsində Rusiyanın dezinformasiyasının artması haqqında sualına cavabda mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ Rusiyanın dezinformasiyasından "həddindən artıq narahatdır".

"Bu, ötən həftə Praqada NATO xarici işlər nazirlərinin görüşündə danışıqların mühüm mövzusu olub, dövlət katibi bu məsələni qaldırıb və avropalı tərəfdaşlarımızın da ciddi narahatlıqları olduğunu eşidib", deyə o, əlavə edib. 

"Biz Rusiya hökumətinin öz xalqına qarşı, Avropada və bütün dünyada yalan və şayiələri yaymaq üçün dezinformasiyadan necə istifadə etdiyini gördük. Və biz buna necə daha yaxşı cavab verəcəyimizi tərəfdaşlarımızla müzakirə edirik", deyə Miller bildirib.

ABŞ-ın guya parlament seçkiləri ərəfəsində "yeni Maydan təşkil etməyi planlaşdırdığı" haqqında Rusiya dezinformasiyası ilə bağlı suala cavabda Miller deyib ki, bu, Kreml tərəfindən dezinformasiya kampaniyasının daha bir nümunəsidir.

"Son bir neçə həftədir Gürcüstanda gördükləriniz gürcü xalqının öz iradəsini ifadə etməsi və Gürcüstan hökumətinin qəbul etdiyi Rusiyayönümlü qanuna etirazıdır. Bunun Birləşmiş Ştatlarla heç bir əlaqəsi yoxdur, bu, Gürcüstan xalqının mövqeyidir.

Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qalluzin bildirib ki, Gürcüstanda "xarici agentlər haqqında" qanun qəbul edildikdən sonra ölkədəki gərginlik fonunda Qərb, "ola bilər ki, Gürcüstanda hökuməti devirməyi planlaşdırır".