ABŞ Putini legitim prezident kimi tanımayıb
07 May 2024
Turanın
Vaşinqton müxbiri xəbər verir ki, bazar ertəsi ABŞ Vladimir Putinin andiçmə
mərasimində iştirak etməyəcəyini açıqlayıb.
Vaşinqton
Putini legitim prezident hesab edirmi? Turanın bu sualına Dövlət
Departamentinin sözçüsü Metyu Miller brifinqdə belə cavab verib: “Əlbəttə, biz
bu seçkiləri azad və ədalətli hesab etmirik, lakin o, prezident kimi
fəaliyyətini davam etdirir. Nümayəndəmiz orada olmayacaq... Özünüz nəticə
çıxarın”.
Mart ayında
Kreml Putinin ən tanınmış rəqibi Aleksey Navalnının həbsdə ölməsindən bir neçə
həftə sonra, beşinci müddətə prezident seçkilərində onun “inandırıcı
qələbəsini” elan etdi.
Bazar ertəsi
Rusiya KİV-i Kremlin yüksək rütbəli rəsmisinə istinadən bildirib ki, bugünkü
inauqurasiya mərasiminə Moskvadakı bütün xarici diplomatik nümayəndəliklərin
rəhbərləri dəvət olunub.
Aİ həftə sonu
elan etdi ki, bloka üzv olan ölkələrin əksəriyyətinin mövqeyinə uyğun olaraq,
Moskvadakı səfiri mərasimdə iştirak etməyəcək. Bu arada, medianın məlumatına
görə, təxminən yeddi Aİ üzv dövlətinin nümayəndələrini göndərəcəyi gözlənilir.
İnauqurasiya
Putinin Ukraynaya genişmiqyaslı işğalına başlamasından 2,5 il sonra baş
tutacaq. Ukrayna Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Kiyev Putini
demokratik yolla seçilmiş və legitim prezident kimi tanımaq üçün “heç bir
hüquqi əsas görmür”.
Bugünkü
mərasim “Rusiya Federasiyasını təcavüzkar dövlətə, hakim rejimi diktaturaya
çevirən şəxsin demək olar ki, ömürlük hakimiyyətdə qalması ilə bağlı legitimlik
illüziyasını” yaratmaq məqsədi daşıyır”, - deyə Ukrayna Xarici İşlər Nazirliyi
qeyd edib.