ABŞ Novorossiysk limanına zərbəyə görə Ukraynaya diplomatik xəbərdarlıq göndərib
25 Fevral 2026
ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə Qara dənizdə onun maraqlarına toxunan obyektlərə zərbələrdən çəkinmək tələbi ilə bildiriş göndərib.
CNN xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina brifinq zamanı bildirib.
"Biz eşitdik ki, Ukraynanın Novorossiyska hücumları Qazaxıstan vasitəsilə həyata keçirilən bəzi ABŞ investisiyalarına təsir edib. Dövlət Departamentindən bildirilib ki, ABŞ-nin maraqlarına hücumlardan çəkinməliyik", - o deyib.
Bununla yanaşı, onun sözlərinə görə, ABŞ Kiyevə ümumilikdə Rusiyanın hərbi və enerji infrastrukturuna hücumlardan çəkinməyi təklif etməyib.
"Bu, məhz orada ABŞ-nin iqtisadi marağının zərər görməsi faktı ilə bağlı idi. Biz bunu nəzərə aldıq", - səfir deyib.
2025-ci ilin noyabr ayının sonunda Ukrayna pilotsuz uçuş aparatları Novorossiysk limanına hücum edərək, böyük investoru ABŞ şirkəti "Chevron" olan Xəzər Boru Kəməri Konsorsiumunun əsas infrastrukturuna ziyan vurub.