Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ müharibəyə qoşuldu - İranın 3 nüvə obyekti darmadağın edildi

Prezident Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini bildirib.

Bu barədə dövlət başçısı “Truth Social”da yazıb.

“Biz İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – o yazıb.

“ABŞ İranın uranı zənginləşdirən obyektlərini tamamilə məhv edib.” Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdən müraciəti zamanı bildirib.

"Bu gecə mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib", - Tramp deyib.

"İndi İran sülh bağlamalıdır", - deyən Tramp İranda "hələ çox hədəf qaldığını" və sonrakı hücumların daha da dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç ən böyük nüvə obyektini bombalamasından iki saat sonra xalqa müraciət edib.

O, Fordo, Natanz və Isfahanın "görkəmli hərbi uğur" nəticəsində tamamilə məhv edildiyini bildirib.

"Belə davam edə bilməz. İran üçün ya sülh, ya da faciə olacaq", - Tramp vurğulayıb.

O, ABŞ və İsrail hərbçilərinə təşəkkür edib.

"Bu gün etdiyimizi başqa heç bir ordu edə bilməzdi", - ABŞ lideri qeyd edib.

Trampın çıxışı bir neçə dəqiqə davam edib.