ABŞ Konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunub
04 May 2024
Konqresmen-demokrat Henri Kuelyar və onun həyat yoldaşı İmeldaya qarşı Azərbaycanın dövlət energetika şirkətindən 600 min dollara yaxın məbləğdə rüşvət almaq ittihamı irəli sürülüb, xəbəri New York Tomes yayıb.
Kuelyar 2014-2021-ci illərdə rüşvət alıb. Pul vəsaiti konqresmenin həyat yoldaşının saxta şirkətləri vasitəsilə leqallaşdırılıb.
"Azərbaycanın neft-qaz şirkətinin ödədiyi rüşvət müqabilində konqresmen Kuelyar guya ABŞ-ın xarici siyasətinə Azərbaycanın xeyrinə təsir göstərməyə razılaşıb", Amerikanın Ədliyyə Nazirliyi belə hesab edir.
2022-ci ilin yanvar ayında konqresmenin evində və seçkiqabağı qərargahında axtarış aparılıb, həmin vaxt Kuelyar ABŞ Konqresinin Azərbaycan üzrə fraksiyasına rəhbərlik edirdi. O, bu vəzifədə olarkən bir neçə digər konqresmenlə birlikdə konqresə Azərbaycan və Ermənistan arasında müharibə ilə əlaqədar qaçqınlara humanitar yardım göstərmək çağırışı ilə məktubu imzalayıb. Bundan başqa, ittiham aktında Kuelyarın ABŞ tərəfindən Azərbaycanın maliyyələşdirilməsinə dəstəyi və onun nümayəndələr palatasında səsləndirdiyi Azərbaycanpərəst nitq də yada salınır.
Konqresmen təqsirsiz olduğunu bildirib. "Mən bildirmək istəyirəm ki, nə yoldaşım, nə mən ittiham olunduğumuz məsələdə təqsirli deyilik. Konqresdəki fəaliyyətim yalnız Cənubi Texas sakinlərinə xidmətə yönəlib", deyə o, bildirib.
Kuelyara və onun həyat yoldaşına qarşı 14 bənd üzrə ittiham irəli sürülüb, bu bəndlərin bəziləri üzrə onları 20 il həbs cəzası gözləyir.