ABŞ İsrailin Rəfah əməliyyatını dəstəkləməkdən imtina edib
07 May 2024
ABŞ İsrailin Rəfah əməliyyatını indiki mərhələdə dəstəkləyə bilməz.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Əlbəttə ki, Rəfah əməliyyatını hazırda nəzərdə tutulduğu formada dəstəkləyə bilmərik. Dövlət katibi Antoni Blinken də keçən həftə İsrailin baş naziri Benyamin Netanyahu və hökumətin digər üzvləri ilə söhbətlərində aydın şəkildə deyib ki, burada humanitar plan görmürük", - Miller bildirib.
Onun sözlərinə görə, Rəfahda əməliyyat dinc əhali arasında itkilərin sayının artmasına səbəb olacaq, eləcə də humanitar yardımın çatdırılmasını kəskin şəkildə pozacaq.
Qeyd edək ki, mayın 6-da İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib. "The Times of İsrail”in məlumatına görə, ABŞ Prezidenti Cozef Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Liderlər Rəfahda keçirilən əməliyyatı müzakirə ediblər.