ABŞ İrana başsağlığı verib, amma yardım etməyib
21 May 2024
ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“ABŞ İranın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahiyan və onların nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir. İran yeni prezidenti seçdiyi üçün biz İran xalqını və onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsini dəstəklədiyimizi bir daha təsdiqləyirik”, - məlumatda deyilir.
Bununla belə, rəsmi Tehranın helikopter qəzasından sonra yardım üçün ABŞ-a müraciət etməsinə baxmayaraq, Vaşinqton İrana kömək göstərməyib. Bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.
“İran hökuməti kömək üçün bizə müraciət edib. Biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Və sonda biz bu yardımı göstərə bilmədik”, - deyə Metyu Miller bildirib.
Miller qeyd edib ki, Vaşinqton “əsasən logistik səbəblərə görə” Tehrana yardım göstərə bilməyib.