Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-İran münaqişəsi aviaşirkətlərin səhmlərini salır, nefti bahalandırır

Martın 2-də, ABŞ və İsrailin İrana həftəsonu zərbələrindən sonra aviaşirkətlərin səhmləri düşüb, neft isə bahalanıb.

Artıq üçüncü gündür Yaxın Şərqin əsas habları, o cümlədən Dubay və Dohada aeroportlar bağlanıb, on minlərlə sərnişin çıxılmaz vəziyyətdə qalıb.

Neft isə son aylar ərzində ən yüksək – 7 faizədək bahalanıb.

"Brent" neftinin bareli 82.27 dollara yüksəlsə də, sonradan 78.28-ə düşüb.

"Qərbi Texas" neftinin bareli isə 75.33 dollara yüksələndən sonra 71.76-ya düşüb.

ABŞ və İsrailin İrana zərbələri, Tehranın cavab hücumları nəticəsində tankerlərə ziyan dəyib, Hörmüz boğazında nəqliyyat kəskin pisləşib.

Bazar günü – martın 1-nə olan məlumata görə, 200-dən gəmi, o cümlədən neft və mayeləşdirilmiş qaz tankeri boğazdan kənarda lövbər salıb.

Adi günlərdə bu boğazdan qlobal tələbin 1/5-nə bərabər neft daşınır.

"Bazarlar münaqişənin ciddiliyini anlayırlar, amma indilik bunun sistematik böhran deyil, geosiyasi şok olmasının siqnalını verirlər", – "Phillip Nova"nın aparıcı təhlilçisi Priyanka Saçdeva "Reuters"ə deyib.

Beynəlxalq Enerji Agentliyinin direktoru Fatih Birol martın 1-də deyib ki, qurum Yaxın Şərqdə böyük istehsalçılarla təmasdadır. Bu agentlik fövqəladə vəziyyətlərdə inkişaf etmiş ölkələrdən strateji neft ehtiyatlarının açılmasını koordinasiya edir.

"Citi" təhlilçiləri bu həftə "Brent" neftinin barelinin 80-90 dollara satılacağını gözləyirlər.