ABŞ-ın Kanada, Meksika və Çin mallarına tətbiq etdiyi rüsumlar qüvvəyə minir
04 Mart 2025
ABŞ administrasiyası Kanada və Meksikadan faktiki olaraq bütün idxal mallarına 25 % rüsum tətbiq edir və Çindən gələn mallara tarifləri artırır.
Bu barədə Ağ Evdən bildirib.
Bu addım ABŞ-ın ticarət balansını yaxşılaşdırmaq və daxili istehsalı təşviq etmək məqsədi daşıyır.
ABŞ-ın əlavə gömrük rüsumu tətbiq etməsinə cavab olaraq, hər üçi ölkə ABŞ mallarına qarşı analoji tədbirlər görəcəklərini açıqlayıblar.
Kanadadan cavab tədbiri
Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, ölkəsi ABŞ-dan idxal olunan 155 milyard dollar dəyərindəki məhsullara 25% rüsum tətbiq edəcək. Bu tədbirlər 4 martdan etibarən mərhələli şəkildə qüvvəyə minəcək. İlkin olaraq 30 milyard dollarlıq mallara dərhal, qalan 125 milyard dollarlıq məhsullara isə 21 gün ərzində əlavə rüsumlar tətbiq olunacaq. Trüdo həmçinin vətəndaşları ABŞ məhsulları əvəzinə yerli Kanada məhsullarını almağa çağırıb.
Meksikanın ABŞ-yə cavabı
Meksika Prezidenti Klaudia Şeynbaum da ABŞ-ın rüsum qərarına cavab olaraq, hökumətinə Meksikanın maraqlarını qorumaq üçün rüsum və qeyri-rüsum tədbirlərini əhatə edən "B Planı"nı həyata keçirməyi tapşırdığını bəyan edib. Rüsumlarla bağlı digər detallar hələ açıqlanmayıb.
Bu qarşılıqlı rüsum tədbirləri ABŞ, Kanada və Meksika arasındakı ticarət əlaqələrinə əhəmiyyətli təsir göstərə bilər.
Çinin cavab tədbiri
Çin ABŞ-dan bəzi idxal məhsullarına martın 10-dan etibarən əlavə tariflər tətbiq etdiyini açıqlayıb.
Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Konkret olaraq, toyuq, buğda, qarğıdalı və pambığa 15%, sorqo, soya, donuz əti, mal əti, su məhsulları və süd məhsullarına isə 10% tarif tətbiq ediləcək.