Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Hörmüzdə gəmilərdən pul yığan İran qurumuna sanksiya qoyur

ABŞ İranın Hörmüz boğazından keçidi tənzimləmək məqsədilə yaratdığı "Fars Körfəzi Boğazı İdarəsi" adlı quruma qarşı sanksiyalar tətbiq edib.

Bu idarə İranın fevralın 28-də ABŞ və İsraillə müharibəsinin başlamasından sonra, Hörmüz boğazını bağladığı dövrdə yaradılıb.

Müharibədən əvvəl dünyada neft və təbii qaz tədarükünün beşdə biri bu dar su yolundan keçirdi. İranın gəmiçiliyə tətbiq etdiyi məhdudiyyətlər isə qlobal enerji bazarlarında ciddi pozuntulara səbəb olub.

ABŞ Maliyyə Nazirliyi mayın 28-də xəbərdarlıq edib ki, bu qurumla əməkdaşlıq edən və ya tranzit haqqı ödəyən şəxslər İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək göstərmiş hesab olunaraq sanksiyalarla üzləşə bilərlər.

İran isə iddia edir ki, gəmilərdən "keçid haqqı" deyil, sadəcə "naviqasiya xidmətləri" üçün ödəniş alınır.

Mayın 20-də sözügedən idarə Tehranın bu strateji su yolunun böyük hissəsi üzərində tənzimləyici yurisdiksiyasını əks etdirən xəritə yayımlayıb.