ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
13 Noyabr 2026
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək edən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb.
Bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayımlanıb.
"Dövlət Departamentinin doğuş turizminin qarşısının alınması üzrə işçi qrupu indiyədək bu prosesdə iştirak edən və ya onun həyata keçirilməsinə şərait yaradan əcnəbilərə aid 6 mindən çox vizanı ləğv edib", - deyə qurumun bəyanatında bildirilir.
Dövlət Departamenti diqqətə çatdırıb ki, bu növ "qanunsuz fəaliyyətdə" əli olan bütün şəxslər müəyyən edilir və qanun qarşısında məsuliyyətə cəlb olunurlar.
Qeyd edək ki, "doğuş turizmi" (birth tourism) - hamilə qadınların uşaqlarını dünyaya gətirmək məqsədilə başqa bir ölkəyə səfər etməsi təcrübəsidir. Bu səfərlər adətən doğuşdan bir neçə ay əvvəl planlaşdırılır və əsas məqsəd doğulacaq körpəyə həmin ölkənin vətəndaşlığını qazandırmaq və ya daha yüksəksəviyyəli tibbi xidmətdən yararlanmaqdır.