
ABŞ Çin mallarına rüsumları 104 %-ə qaldıra bilər
08 Aprel 2025
Pekin Amerika mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal edilən mallara rüsumlarını 104 %-ə qaldıra bilər.
Bu barədə AFP agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu cür vəziyyət ABŞ prezidenti Donald Trampın Çinə qarşı tarifləri əlavə 50 % artırmaqla bağlı səsləndirdiyi sonuncu fikirlər real olacağı təqdirdə yaranacaq. Yeni artımın aprelin 9-da təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ artıq Çin mallarına 54 faiz rüsum tətbiq edib.
Bundan əvvəl, Donald Tramp “Truth Social” hesabındakı paylaşımda Çinə sabahadək vaxt qoyub. Onun sözlərinə görə, rəsmi Pekin 8 aprel 2025-ci il tarixinə qədər 34 % tarif artımını geri götürməzsə, ABŞ Çinə 50 % əlavə rüsum tətbiq edəcək.