Logo
news content
User
Kateqoriyalar

Xəbər

2021-ci ildə il dünyada 55 jurnalist öldürülüb

“Ötən il dünyada 55 jurnalist və media işçisi öldürülüb”.

Bunu UNESKO-nun baş direktoru Odre Azule deyib.

O bildirib ki, 2021-ci ildə xeyli sayda jurnalistə həqiqəti üzə çıxarmaq baha başa gəlib: “İndi dünyanın hər zamankından daha çox obyektiv xəbərə ehtiyacı var. Biz bu işi görənlərin qorxmadan işləmələri üçün daha çox çalışmalıyıq. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də jurnalistlər etiraz aksiyalarından reportajlar hazırlayarkən fiziki təzyiqlərə, həbslərə və hədə-qorxulara məruz qalıblar”.

Baş direktor diqqətə çatdırıb ki, UNESKO-nun hesablamalarına görə, ötən il qadın jurnalistlərin təxminən dörddə üçü onlayn təzyiqlərlə üzləşiblər. 2021-ci ildə öldürülən qadın jurnalistlərin üçdə ikisi müharibə olmayan ölkələrdə qətlə yetiriliblər.

O.Azulenin sözlərinə görə, ötən il jurnalist qətli ən çox Asiya-Sakit okean regionunda (23) və Latın Amerikası, Karib hövzəsində(14) baş verib.

“BMT-nin məlumatına görə 2006-cı ildən bəri dünyada hər 10 jurnalist qətlindən 9-nun üstü hələ də açılmayıb”, - baş direktor vurğulayıb.

Qeyd edək ki, UNESKO-nun bütün dünyada jurnalistlərin ifadə azadlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mandatı var.

Hər dəfə hansısa jurnalist və ya media mütəxəssisi öldürüləndə agentlik hakimiyyəti sistemli şəkildə araşdırma aparmağa çağırır.

UNESKO, həmçinin jurnalistlər və məhkəmə orqanları üçün treninqlər keçirir. Eyni zamanda, qurum hər il 3 May- Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı tədbirlər təşkil edir.

Xatırladaq ki, ötən il dünyada qətlə yetirilən media nümayəndələrindən ikisi azərbaycanlı jurnalistlərdir. Onlar erməni terrorunun qurbanı olublar. Belə ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar. (Report)