Logo
news content
User
Kateqoriyalar

İcmal

The Telegraph (Böyük Britaniya): Azərbaycan 500.000 köçkünü qəbul edə biləcək qədər torpaq qaytarıb

Müəllif: Kolin Friman

İngilis dilindən tərcümə - WorldMedia.Az

Foto: AFP/Azərbaycan əsgəri Cəbrayıl şəhərində bayraq asır

Azərbaycanın yüksək rütbəli rəsmisi deyir ki, ölkəsi Dağlıq Qarabağ uğrunda Ermənistanla apardığı müharibədə artıq xeyli ərazini geri qaytarıb. Azad edilmiş ərazilər azərbaycanlı məcburi köçkünlərinin yarım milyonunun geri qaytarmasına imkan verir.

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev The Telegraph nəşrinə açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin 5 həftədir davam edən müharibədə artıq 4 vacib bölgəni geri qaytardığını söyləyib. Demək, 500 min azərbaycanlı Ermənistan hərbi birləşmələrinin 1990-cı ilin əvvəlində tutduğu rayonlara qayıda bilər. Dağlıq Qarabağ regionu Bakının nəzarətindən məhz həmin illərdə çıxıb.

“Söhbət böyük ərazilərdən gedir. Odur ki, münaqişənin başa çatmasından sonra çox sayda azərbaycanlı doğma ev-eşiyinə qayıdacaq”, - deyə cənab Hacıyev qeyd edib: “Azərbaycanlı məcburi köçkünlər artıq 30 ildir bu ərazilərə qayıdacaqları anı gözləyir. Doğrudur, hələ oralarda böyük tikinti işləri aparılmalıdır. Bundan başqa, minalanmış ərazilər təmizlənməlidir. İstənilən halda, azad edilmiş hər bir kənd Azərbaycan xalqının uğurudur”.

Cənab Hacıyev bütün bunları Azərbaycanın Ermənistan üzərində qələbə xəbərlərinin artdığı dövrdə deyir. Bakı bu döyüşlərdə xüsusilə yeni dronlar sayəsində qələbə qazanır. Məhz dronlar sayəsində Azərbaycan ermənilərin istər Dağlıq Qarabağda, istərsə də ətraf rayonlardakı tankları üzərində üstünlük əldə edir.

Deyilənə görə, artıq Ermənistanın 100-dən çox tankı məhv edilib, 1000-dən çox hərbi qulluqçusu həlak olub. Azərbaycanın hərbi itkiləri ilə bağlı isə məlumat vermir.

Azərbaycan uzun illərdir Ermənistanın nəzarətində olan rayonlarından 4-nü artıq geri qaytarıb. Bunlar Qubadlı, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarıdır. Bu rayonlarda ümumilikdə bir neçə şəhər və 200-dək kənd var. Cəbhə bölgəsində yerləşən bu ərazilər uzun illərdir tərk edilib...

Cənab Hacıyevin sözlərinə görə, geri çəkilmək məcburiyyətində qalan Ermənistan bu əraziləri qəsdən dağıdır: “Onlar bir növ “yandırılmış ərazi” taktikasından istifadə edib. Məsələn, ordumuz Füzulini azad etdikdən sonra Azərbaycan bayrağını asmaq üçün bina tapa bilmirdi”.

1990-cı illərin əvvəlində qızışmış müharibə nəticəsində 700 mindən çox azərbaycanlı ermənilərin nəzarət etdiyi Dağlıq Qarabağ və ona bitişik rayonlardan didərgin düşüb. Onlar bu gün ölkənin digər ərazilərində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin hədəfi bütün məcburi köçkünləri doğma evlərinə qaytarmaqdır.

Azərbaycan prezidentinin köməkçisi beynəlxalq birliyin Dağlıq Qarabağ regionunu Azərbaycan ərazisi kimi tanıdığını deyir. Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlara Rusiya, Fransa və ABŞ-ın münaqişənin həllilə bağlı uzun illər həyata keçirdiyi diplomatik səylərin “dalana dirənməsindən” sonra başlayıb və bu, tamamilə qanunidir. Bakı bildirir ki, Ermənistan silahlı qüvvələri regiondan çıxarılmazsa (Ermənistan hökuməti bundan imtina edir), Azərbaycan hərbi əməliyyatları Dağlıq Qarabağın mərkəzi bölgəsinə daşıyacaq.

Bu gün Dağlıq Qarabağın əhalisi, demək olar ki, etnik ermənilərdən ibarətdir. Burada 150 min erməni yaşayır. Hikmət Hacıyev deyir ki, regionun Azərbaycanın nəzarətinə qaytarılmasından sonra da orada etnik ermənilərin yaşaması üçün şərait yaradılacaq və hətta onların həyat şəraiti daha da yaxşılaşacaq.

Hacıyev hesab edir ki, bölgə münaqişədən əziyyət çəkməkdənsə, sülh və çiçəklənməyə doğru gedə, Azərbaycanın böyük neft gəlirlərindən bəhrələ bilər: “Ermənistanın təbliğatından asılı olmayaraq, Dağlıq Qarabağda insanların necə pis şəraitdə yaşadığını görürük. Regionda böyük demoqrafik problemlər var. Gənclər oranı tərk edib”.

“Barışığın asan olmayacağını başa düşürük. Onların Azərbaycanın düşmən olmadığına inandırılması üçün böyük səylər lazımdır. Biz regiona sərmayə yatırmağa hazırıq. Azərbaycan multikultural cəmiyyətdir. Ermənilər ölkəmizin müxtəlif şəhər və rayonlarında bu gün də yaşayır və heç bir problemlə üzləşmir”, - deyə Hikmət Hacıyev sonda vurğulayıb.

04.11.2020