Logo
news content
User
Kateqoriyalar

İcmal

Rusiyanın saxta saytlar şəbəkəsi

Tərcümə: Novator

Fransa Rusiyanın növbəti dezinformasiya kampaniyasını ifşa edib. Xarici işlər naziri Ketrin Kolonnaya istinad edən “Frans Press” agentliyi belə xəbər yayıb.

Ketrin Kolonna bəyan edib ki, Rusiya Avropanın yüzlərlə kütləvi informasiya vasitəsinin onlayn versiyasının oxşarını hazırlayıb. Həm tərtibatı, həm də internet ünvanı (domen adı) əslinə bənzəyən saxta saytlarda Ukrayna ordusu, Avropa ölkələrinə sığınmış ukraynalı qaçqınlar haqqında böhtan xarakterli materiallar, Rusiyaya qarşı sanksiyaları qınayan şərhlər yerləşdirilib. Avropa KİV-lərinin sosial media hesablarına oxşayan hesablar da açılıb və saxta saytlarda yerləşdirilən materiallar həmin hesablar vasitəsilə sosial şəbəkələrdə tirajlanıb. Məqsəd guya Avropa KİV-lərinin Kremlin rəsmi təbliğatını, dezinformasiyalarını təsdiqlədiyi görüntüsü yaratmaq olub.

Ketrin Kolonna bu işdə Rusiyanın dövlət qurumlarının, o cümlədən Fransadakı səfirliyinin, mədəniyyət mərkəzlərinin fəal iştirak etdiyini vurğulayıb. O, Fransa Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsinin də oxşarının yaradıldığını söyləyib: “Məqsəd rəsmi Parisin Ukrayna məsələsinə münasibəti ilə bağlı çaşqınlıq yaratmaq, demokratik dövlətlərin bu məsələdə tutduğu vahid mövqeyə kölgə salmaq olub”.

Xarici İşlər Nazirliyinin saytının oxşarı 2023-cü ilin may ayında aşkarlanıb, hökumətin təcili müdaxiləsi nəticəsində həmin saytın əhatə dairəsi məhdudlaşdırılıb.

Fransa hökuməti ümumilikdə Rusiyanın Avropa KİV-lərinin haqqını tapdayan 355 sayt açdığını müəyyənləşdirib. Ölkənin “Le Monde”, “Le Figaro”, “Le Parisien”, “20 Minutes”, Almaniyanın “Bild”, “Frankfurter Allgemeine Zeitung” kimi məşhur gündəlik qəzetlərinin, “Der Spiegel” həftəlik jurnalının onlayn versiyalarının da oxşarı hazırlanıbmış.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkəyə qarşı total müharibə aparır və yeni ərazilər ələ keçirib. Rusiyanın işğalçı müharibəsi dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur. (Novator.az)