Logo
news content
User
Kateqoriyalar

İcmal

“Orada heç kim qalmayacaq” – Qarabağdan gedən erməniləri necə qarşılayırlar? 

Dağlıq Qarabağ Bakının nəzarətinə keçdi. Bu, Ermənistanda etiraz dalğasına səbəb oldu – aksiya iştirakçıları Nikol Paşinyan hökumətinin istefasını tələb edirlər. Eyni zamanda Qarabağ qaçqınları Ermənistan-Azərbaycan sərhədinə doğru hərəkət edirlər. “Meduza” saytının müxbiri həm Yerevandan, həm sərhədyanı Gorusdan reportaj hazırlayıb.

Yerevan. “Hər şey arxada qalanda şaqqalamaq, tribunalla mühakimə etmək”.

“Arsaxda genosid baş verir, bizim qohumlarımız sadəcə öz vətənlərində yaşamaq istədiklərinə görə ölürlər. Biz də, həqiqi ermənilər kimi onlarla birlikdə olmalıyıq”, - “Dağlıq Qarabağ respublikası”nın bayrağına bürünmüş qız deyir.

Yerevandakı Fransa universitetinin tələbəsi olan qızın adı Anaitdir. Qarabağda doğmaları, o cümlədən üç qardaşı qalıb. Onun ailəsi əslən Hadrut qəsəbəsindəndir, bu məntəqə hələ 2020-ci ildə Azərbaycanın nəzarətinə keçib. Orada yaşayan bütün ermənilər köçüblər. 



Ermənistandakı etirazlar Azərbaycanın “antiterror əməliyyatı”na başladığı sentyabrın 19-dan davam edir. Hökumət evinin qarşısındakı Respublika meydanında hər gün bir neçə min nəfər toplanır. Nümayişçilər bir neçə dəfə binanı ələ keçirmək istəyiblər. Bu da polislərlə toqquşmaya səbəb olub. 

Anait baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Onun fikrincə, Paşinyan “Dalıq Qarabağı və Ermənistanı satıb”. Rusiyanı isə günahlandırmır: “Ermənistan iqtidarı özünü ləyaqətli aparmır. Əgər onlar Arsaxda yaşayanların təhlükəsizliyini təmin etmirsə, bunu niyə Rusiya etməlidir? Əgər Ermənistan onları qorumursa, bizim bunu [Rusiyadan] tələb etmək haqqımız yoxdur”.

Nümayişçilər arasında 19 yaşlı tələbə Vahan, onun 49 yaşlı atası Vartan və 63 yaşlı tanışları Farad da var. “Biz qohumlarımızı, Arsaxda yaşayan 120 min ermənini xilas etmək üçün gəlmişik”, - Vartan deyir.

Onun fikrincə, bunun üçün Yerevan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqdan imtina etməlidir. Bu isə Paşinyanın istefasına nail olmaqdan keçir: “Əgər bu it oğlu getsə, bizim müttəfiqlərimiz – İran və Rusiya bizə Arsax ermənilərinin təhlükəsizliyini təmin etməyə icazə verəcəklər. Heç kəs bizim üçün döyüşməyəcək, amma ermənilər özləri döyüşməyə hazırdırlar. 1990-cı illərdə heç kim kömək etməyəndə vəziyyət daha ağır idi”.

Daşnaksutyun üzvü və iki Qarabağ müharibəsinin veteranı olan Farad “Meduza” müxbirinə Qarabağın əzəli erməni torpağı olduğunu deyir. O, Nikol Paşinyanın adını çəkmir, yalnız təhqirlərdən istifadə edir: “Biz o satqının bircə gün də olsun orada qalmasını istəmirik – başı ilə hökumət evini göstərir. – Əgər biz Qarabağı xilas edə bilməsək, heç olmasa, sakinlərin təhlükəsiz şəkildə bura gəlməsinə nail olmalıyıq.  Amma bizim baş nazir heç nə etmir. Ona görə buradayıq”.

Hər üçünün Rusiyaya münasibəti ziddiyyətlidir: hə, erməniləri müdafiə etmədi, amma əsas günah onun deyil. 

“Bu Rusiyadan yox, baş nazir kreslosunda oturan türkdən asılıdır, - Vartan deyir. – O, KTMT-dən çıxmaq, NATO ilə dostluq etmək istəyir. Amma biz bilirik ki, NATO-da ən böyük ordu Türkiyəninkidir. Biz onlarla heç vaxt dost olmayacağıq”.

Söhbətə qulaq asan orta yaşlı bir kişinin bütün görkəmi deyilənlərlə razılaşmadığını göstərir. Söhbət Ermənistanın Dağlıq Qarabağı necə qaytara biləcəyindən düşəndə isə acıqla “heç cür” cavabını verir. 

Mixail şəhər administrasiyasının əməkdaşıdır. Respublika meydanına toplaşanları iki kateqoriyaya bölür: “azmış qoyunlar” və “satqınlar”. O, etirazçıların nə danışdığına qulaq asmağa gəlib. Özünü Paşinyanın tərəfdarı hesab etmir. Düşünür ki, baş nazir Ermənistanın Rusiyadan müstəqil olması üçün yetərincə iş görməyib.

“20 il əvvəl məlum idi ki, Rusiya ilə bizim yolumuz bir deyil. Mən Rusiyaya qarşı deyiləm, xristian dövlətdir, amma Ermənistan anlamalı idi ki, Putin şərdir. Ermənistan isə Putinə satıldı. Bütün bu Köçəryanlar, Sarqsyanlar Rusiyanın pulu ilə bəslənirdilər. Paşinyan bundan uzaqlaşmaq istəyir, o üzdən Putinin onu görməyə gözü yoxdur. KTMT ilə təlimləri ləğv edib NATO ilə təlimlər keçirəndə Putin bunun hesabını sormağı qərara aldı”.

Mixail düşünür ki, hakimiyyət dəyişikliyi olarsa, Yerevan özünün cənub ərazilərini də itirə bilər. Axı Bakı “Zəngəzur dəhlizi”nə iddialarını gizlətmir. Ermənistan ərazisindən keçən bu dəhliz Azərbaycanı öz eksklavı olan Naxçıvanla birləşdirməlidir. 

“Buraya yığışan adamlar isə boşboğazlardır. Onlar Qarabağa gedib döyüşməyəcəklər. Heç bir qüvvə yoxdur, xüsusən də Türkiyə silahına qarşı. Siz hələ bu adamların sayına baxın, - o, tam dolmayan meydanı göstərir. – Cəfəngiyyatdır”

“Meduza” müxbirinin fikrincə, Paşinyanın istefasını tələb edənlərin sayı bir neçə mindir.

— Bunu [etirazları] təşkil edənlərin hamısı Ermənistana xəyanət edənlərdir, onlar ölkəni tam çökdürəcəklər. Ermənistanın bir hissəsini də qoparacaqlar, - Mixail cənub rayonlarını nəzərdə tutaraq davam edir. 

— Bəs Paşinyan qalsa, qoparmayacaqlar?

— Məsələ Nikolda deyil. Onların baş nazir qoyacaqları kimsələri yoxdur. Əgər hakimiyyətə gəlsələr. Rusiyanın istədiyi kimi Ermənistanı tam çökdürəcəklər. Mən Paşinyanı axmaq və zəif hesab edirəm: əgər Rusiyanın əleyhinə getmisənsə, sona qədər get. 

*** 

Ölkədəki ən populyar radiostansiyalardan biri olan “Van”ın direktoru Şuşanik Arevşatyan Qarabağın itirilməsindən ötrü etirazlara qoşulmayanlardandır. O, redaksiyadakı mətbəxdə oturub, dalbadal siqaret çəkir: “Hələ 2020-ci ildə mən qatı ruspərəst idim. Mənim radiostansiyam həmişə rusdilli olub. Amma Rusiyanın hansı oyun oynadığı 2020-ci ildə aşkara çıxdı”.

Davam edir: “İndi vətəndaşların iki kateqoriyası etiraz edir. Qarabağlıların etirazi emosional səviyyədə başa düşüləndir. Orada ailələri var. Onlar spontan şəkildə bu mitinqlərə çıxıblar, çünki evdə otura bilmirlər. Amma ən qorxulusu odur ki, vəziyyətdən təxribatçılar yararlanmağa çalışırlar. Onlar kimdir? Pula satılmış, rusyönümlü publika, məqsədləri Ermənistanda dövlət çevrilişi etməkdir”.

Arevşatyan əmindir ki, indi Paşinyanı devirmək olmaz: “Biz onsuz da zəifik. Paşinyanın yerinə kimi qoyacaqsan? İndi bunun vaxtıdır? Qarabağdan 120 min qaçqın gələcək, Tanrının izni ilə. Onları haradasa yerləşdirmək lazımdır. Hə, nə zamansa, hər şey arxada qalanda – şaqqalamaq, tribunalla mühakimə etmək də olar. Amma bu gün və indi yox”.

Gorus, sərhəd. “Siz bizi satdınız! Rusiya bizi satdı!”

Dağlıq Qarabağdan çıxanda ilk böyük erməni şəhəri Gorusdur. İlk baxışda küçələr sakitdir, tezliklə buraya minlərlə qaçqının gələcəyinə inanmaq çətindir. 

Amma şəhərdəki bütün böyük tikililərdə - məktəblərdə, mehmanxanalarda, teatrda - humanitar yardımla dolu qutular və paketlər qalaqlanıb. 

Sentyabrın 24-də bir çoxları təxliyənin həqiqətən başlayacağına inanmırdılar. Daha pisinə - etnik təmizləmələrə hazırlaşırdılar. Azərbaycanın maksimum ağır yaralıları buraxacağına ümid edirdilər. 

Azərbaycanın hava zərbələri günortadan sonra başladı. İlk saatlarda Stepanakertdə (Xankəndi) xaos hökm sürürdü: rabitə olmadığından insanlar bir-birini tapa bilmirdilər. Eyni zamanda yerüstü əməliyyat başladı. Azərbaycan ordusu şəhər və kəndləri mühasirəyə alır, amma onlara daxil olmurdu: Qarabağ ərazisini sektorlara bölürdü və kommunikasiyaları atəşə tuturdu. 

Mühasirədən çıxa bilənlər Stepanakertə (Xankəndi) üz tuturdular. Sentyabrın 20-də minlərlə insan hava limanına toplaşdı: düşünürdülər ki, buradan təxliyə başlayacaq (amma daha 4 gün gözləməli oldular). 

Sentyabrın 24-də nahar vaxtı Azərbaycanın təxliyəyə icazə verməsi xəbəri gəldi. İlk qaçqınlar Gorusa axşama doğru yetişdilər. “Gorus” mehmanxanasında ilk məskunlaşanlardan biri Zarime və onun Emma adlı yaşlı anasıdır. Onların Yextsahoq (Sarıbaba) kəndi Azərbaycanın nəzarətinə keçdikdə 4 gün Rusiya sülhməramlılarının kazarmalarında yaşayıblar. Zarimenin sözlərinə görə, onları yaxşı qarşılayıblar, “yedirib içiriblər”. 

Gorus xəstəxanasının həyətində Qarabağdan yenicə gəlmiş 10-a yaxın təcili yardım maşını var. Qapıları açılanda yaralıların sarınmış bədəni görünür. Rusiya jurnalistlərindən ibarət qrup yaralıların düşürülüb xəstəxana binasına aparılmasını çəkmək istəyir, amma yaxınlıqdan keçən gənc bir goruslu qadın qışqırmağa başlayır:

— Çəkmək sizin nəyinizə lazımdır? Ümumiyyətlə, burada nə edirsiniz? Siz bizi satdınız. Rusiya bizi satdı. Siz hamınız faşistsiniz, faşist!

Yaxınlıqda dayanan polis onu sakitləşdirməyə çalışır. Qadın geriyə çəkilsə də “faşistlər” qışqırmağa davam edir.

Yerevan. “Ermənistan bu vəziyyətə öz istəyi ilə düşməyib”.

Qaçqınların yerləşdirilməsi ilə Əmək və sosial məsələlər nazirliyinin əməkdaşları məşğul olur. Qurumun qiymətləndirməsinə görə, 40 min ailəyə yaşayış yeri lazım olacaq. Bütün Ermənistanda mehmanxanalar, pansionatlar, sanatoriyalar hazırlanıb.

“Nazirliyin əməkdaşları anket tərtib edirlər, adamın Qarabağda doğmalarının qalıb-qalmadığını, hospitalizasiyaya ehtiyacının olub-olmadığını və başqa şeyləri dəqiqləşdirirlər”, - VİVA fondunun rəhbəri Tatyana Ohanesyan “Meduza”nın müxbirinə izah edir. 

Hakimiyyət qaçqınların ilkin qəbulunda VİVA-nın iştirakına icazə verib. “Biz 7,5 ildir mövcuduq, Səhiyyə və Müdafiə nazirlikləri ilə daim əməkdaşlıq edirik, müşavirələrə qoşuluruq. Buna görə də hakimiyyətlə birgə işləyirik”, - Ohanesyan deyir. 

Anketləşmədən sonra qaçqınlar Qırmızı xaç könüllülərindən humanitar yardım alırlar, bundan sonra onlarla VİVA əməkdaşları məşğul olur. Qaçqınlara gigiyenik vasitələr, eləcə də korvalol, parasetamol və başqa reseptsiz preparatlar verilir. 

Gələnlərə təkcə erməni təşkilatları kömək etmir. Yerevanın mərkəzindəki həyətlərin birində Ermənistandakı ukraynalılara yardım qərargahı yerləşir. Onun rəhbəri Yelena Şevçuk odessalıdır. 2011-ci ildə erməni ilə evlənib və Yerevana köçüb. 

Ukrayna müharibəsi başlayandan sonra Şevçuk müharibədən Ermənistana qaçan həmvətənləri  - onun sözlərinə görə, belələri bir neçə mindir - üçün humanitar yardım toplamağa başlayıb. İndi Qarabağ qaçqınlarına da kömək etməyə hazırlaşır. “Ermənistanı Rusiyaya dost ölkə sayırlar, amma o, belə vəziyyətə öz istəyi ilə düşməyib. Bundan əlavə, müharibənin ilyarımı ərzində vurğular çox dəyişib, ermənilər arasında Ukraynaya mərhəmət çox güclüdür”, - Şevçuk deyir.

Onun sözlərinə görə Qarabağ konflikti onun üçün “şəxsi acıdır”. Şevçukun fikrincə, Azərbaycanın bu əraziyə heç bir hüququ yoxdur: “Təəssüf ki, Ukraynada bunu anlamırlar və belə hesab etmirlər. Mən bunu beynəlxalq arenada Azərbaycanın səsinin daha ucadan gəlməsi ilə izah edirəm”.

*** 

25 sentyabr. Gorusda qaçqınların sayı saatbasaat artır. Rəsmi rəqəmlərə görə, humanitar dəhliz açılandan sonrakı iki sutka ərzində Ermənistana 13 min adam daxil olub. 

Bütün günü yağış yağır. Qarabağ tərəfdən təkcə adamlar deyil, buludlar da gəlir. Qaçqınların qəbulu məntəqəsinə çevrilən teatr binasına hər 10 dəqiqədən bir avtobuslar və insanlarla dolu yük maşınları gəlir. 

Şuşa rayonundan gələn yaşlı Qarabağ ermənisi girişin ağzında yağışdan gizlənir. 2020-ci il təxliyəsi zamanı artıq bir dəfə Gorusda olub: səfərbərliyə cəlb olunmuş oğlunu dəfn edib. Müharibə qurtaranda geri qayıdıb. Bu dəfə daha qayıtmayacaq: “Orada heç kim qalmayacaq. Hamı tərk edəcək”

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2023/09/27/nikto-ne-budet-za-nas-voevat 

REDAKSİYADAN: Reportajdakı bəzi ifadə və terminlərlə razı olmasaq da, Ermənistandakı daxili vəziyyət və Qarabağdan köçmüş ermənilərin oradakı durumu haqda məlumat almaq baxımından maraqlı hesab etdiyimiz üçün yayımlayırıq.