Logo
news content
User
Kateqoriyalar

İcmal

Newsweek, ABŞ: Qarabağın gələcəyi üçün inancda birləşmək

Müəlliflər:

Şneor Seqal (Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini),

Aleksandr Ata (Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu),

Şeyxülislam Hacı Allahşükür Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri)

 

Tərcümə: WorldMedia.Az

Biz – Azərbaycanın yəhudi, xristian-pravoslav və müsəlman icmalarının dini liderləri olaraq, beynəlxalq medianın ölkəmizin “xristianların təhlükə altında olduğu müqəddəs müharibəyə” qoşulduğu haqda xəbərlərini eşitdiyimiz zaman anladıq ki, artıq danışmağın zamanıdır.

Doğrudur, biz müxtəlif dini inanclara sahibik. Amma hər birimiz azərbaycanlıyıq. Bəziləri Ermənistanla Azərbaycan arasındakı münaqişəni “dini müharibə” kimi göstərməyə, işə islam dinini qatmağa çalışır. Doğrudur, bu gün dünya Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşdiyinə şahidlik edir. Lakin bu savaş bəzilərinin arzuladığı kimi, dini mahiyyət daşımır. Azərbaycan da “işğalçı müsəlman ölkəsi” rolunu oynamır.

Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir. Burada aşkenazi yəhudi icması, unikal dağ yəhudi icması, katolik, pravoslav və erməni ənənələrinə sahib xristianlar yaşayır, çiçəklənir. Azərbaycanda hətta islam dini belə, bir mənsəbə əsaslanmır. Vətəndaşlar arasında həm sünni, həm də şiələr var.

Ermənistan isə şübhəsiz ki, sırf xristian ölkəsidir və bu gün bu məsələ 30 il əvvəldən daha aktualdır. Yeri gəlmişkən, 1988-1994-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişə zamanı 300 mindən çox azərbaycanlı (onların əksəriyyəti müsəlmandır) məhz bu ölkədən qaçqın düşüb.

1990-cı illərin əvvəllərində baş vermiş müharibə nəticəsində beynəlxalq birliyin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ və ona bitişik rayonlar qonşumuz tərəfindən işğal olunub. Həmin vaxt 700 min azərbaycanlı həmin torpaqlardan qovulub. Bu, bir daha göstərir ki, Azərbaycan bəzilərinin iddialarının əksinə olaraq, qətiyyən “müsəlman işğalçı” rolunda deyil.

Yeri gəlmişkən, vaxtilə Dağlıq Qarabağda da erməni və rus pravoslav kilsələri məscidlərlə yanaşı fəaliyyət göstərib. Amma bu gün regionda yalnız erməni kilsələri qalır. Oradakı başqa ibadət yerləri ya dəyişdirilib, ya zədələnib, ya da ümumiyyətlə dağıdılıb. Halbuki, Azərbaycanın digər şəhər və qəsəbələrdə bu gün  də kilsələr, sinaqoqlar və məscidlər fəaliyyətdədir.

Bakının münaqişənin həllilə bağlı təklifləri də Dağlıq Qarabağda yaşayan əhalinin oradan çıxarılmasını deyil, oradan didərgin salınmış insanların geri qaytarılmasını nəzərdə tutur. Bakı bu regionda fərqli dinlərə, mədəniyyətlərə və etnik mənsubiyyətə aid şəxslərə, həmçinin sülh şəraitində yaşamaq istəyənlərə Azərbaycanın qanuni sərhədləri daxilində muxtariyyət şansı da verir. Bölgədə yenidənqurma yalnız bu halda mümkündür. Daha çox qətiyyət, daha çox öhdəlik olarsa, bölgədə qarşılıqlı anlaşmaya nail oluna bilər.

Biz ölkəmizdə bütöv bir nəslin (hələ son həftələrdə) İbrahimi dinlərinin nümayəndələri və icmaları kimi birləşməsinə çalışırıq. Məsələn, baş ravvin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket atəşinə tutulduğu vaxt yaşayış məhəllələrindəki yəhudi ailələrinə baş çəkib, onlarla birlikdə dua edib. Baş yepiskop cəbhədə şəhid olmuş bir gənc azərbaycanlı xristian əsgərin dəfn mərasimini keçirib. Mərhum xristian icmamızın Azərbaycan Silahlı Qüvvələrində könüllü xidmət edən çoxsaylı üzvlərindən biri idi. Baş müfti yaxınlarını itirmiş bir çox müsəlman ailəsinə təsəlli verməyə çalışıb. Bütün bunlarla yanaşı, dini xadimlər öz aralarında da görüşərək, birlikdə dua ediblər.

Əlbəttə ki, din xadimləri olaraq, borcumuz inancından asılı olmayaraq, insanlarımızın yanında dayanmaqdır. Onu da bilirik ki, xarici medianın düşmənlərimiz kimi göstərdiyi bəzi şəxslər də əslində, bizim vəzifəmizi bölüşür. Məsələn, ötən həftə erməni Apostol Kilsəsinin 4 Patriarxından biri olan baş yepiskop Sahaq Qafqazdakı faciəli hadisələrin dinlərarası qarşıdurma olmadığını təsdiqləyib. Bir sözlə, yanlış fikirlərin keçmişdə qalacağına ümid bəsləyirik. Dini siyasəti alət etmək və eyni şəkildə dinləri bir-birinə qarşı qoymağa cəhd təhlükəlidir. Belə olmalı deyil. Məsələn, Tövratda deyilir ki, “Başqasını özünüzü sevdiyiniz kimi sevin” (Levililər 19:18). Bibliyada isə bildirilir ki, “Yaxınını özün kimi sev” (“Matfeyin İncili” 22:39). Quranda deyilir ki, “Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, müsafirə (yolçulara), əlinizin altında olana yaxşılıq edin!” (4:36).

Biz sözlə, siyasəti siyasətçilərin ixtiyarına verməyi üstün tuturuq. Amma siyasətçilərin özlərini üstün hesab etməsi və ölkələrini dini nöqteyi-nəzərdən tanıtması son dərəcə təhlükəlidir. Onlardan belə əməlləri dayandırmalarını, bu haqda bir də düşünmələrini xahiş edirik. Onlar nə etdiklərini bilmirlər. Zəngin, kasıb, xristian, müsəlman, yəhudi və digər dinlərin üstünlük təşkil etdiyi ölkələr var. Lakin unutmamalıyıq ki, xeyir-duanı axtaran zaman Tanrı qarşısında hamımız bərabərik.

05/11/2020