Logo
news content
User
Kateqoriyalar

İcmal

İstanbuldakı gizli Qarabağ görüşündə nədən danışılıb?

ABŞ, Aİ və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsindən bir neçə gün əvvəl Türkiyədə gizli danışıq aparıblar. Görüşdə Qarabağda və regionda vəziyyət müzakirə olunub.

Bu barədə “Politico” jurnalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Bu görüş, uğursuz olsa da, Ukraynada müharibə başlayandan bəri Moskva ilə Qərb arasında mühüm təhlükəsizlik problemi ilə bağlı nadir təmaslardan biridir”, - jurnal yazıb. Çünki Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya təcavüz qərarından sonra tərəflər arasında təmaslar kəsilib.

Müzakirələrdən xəbərdar olan yüksək səviyyəli diplomat bildirib ki, görüş sentyabrın 17-də İstanbulda keçirilib. Əsas məqsəd Ermənistandan göndərilən yükün nəzarətsiz şəkildə Laçın yolu vasitəsilə keçirilməsi üçün Azərbaycana təzyiq cəhdi olub. Mənbə bildirib ki, görüşdə "lənətə gəlmiş yük maşınlarını hərəkətə gətirmək", Qarabağ ermənilərinə ərzaq və yanacağın çatdırılması müzakirə edilib.

ABŞ-ı danışıqlarda Vaşinqtonun Qafqaz üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ xüsusi elçisi Toivo Klaarı, Rusiya isə Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə Kremlin xüsusi nümayəndəsi olan İqor Xovayevi göndərib.

Aİ rəsmisi “Politico”ya açıqlamasında deyib: "Biz, anlaşılmazlıqların qarşısını almaq üçün həmsöhbətlərlə əlaqə kanallarını saxlamağın vacib olduğuna inanırıq".

ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edərək, “biz özəl diplomatik müzakirələri şərh etmirik” deyib. Bununla belə, məsələ ilə tanış olan ABŞ rəsmisi izah edib ki, müzakirələr Kremlin hələ də bölgədəki vəziyyətə nəzarətinin qalmasına görə baş tutub. “Biz bu məsələdə ruslarla işləyə bilməliyik, çünki onların tərəflərə təsirləri var, xüsusən indi təhlükəli məqamda olduğumuz bir vaxtda”, - ABŞ rəsmisi bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Qarabağdakı antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib. O, “Politico” nəşrinin “Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib” məlumatını şərh edərək bunun gizli olmadığını diqqətə çatdırıb və qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.

Kremlin sözçüsü Dmitri Peskov da “Politico” nəşrinin məlum yazısına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ, Aİ və Rusiyanın Qarabağla bağlı görüşü ilə bağlı nəşrdə çoxlu qeyri-dəqiqlik və səhvlər var.

“Təmaslar olub, amma yazılan kimi deyil”, - Kreml rəsmisi əlavə edib.