Logo
news content
User
Kateqoriyalar

İcmal

Hicab üsyanının ili: İran hara gedir?

Tərcümə: Novator

İranda gənc kürd qadın Məhsa Əmininin ölümü ilə başlanıb bir neçə ay davam etmiş etiraz hərəkatının ilidir. Bu bir ildə ölkədə nələr dəyişib? ABŞ-ın “Reuters” agentliyinin şərhi bu sualı əhatə edir.

Agentlik hadisələrin xronologiyasına nəzər salaraq xatırladır ki, 22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 13-ü paytaxt Tehranda tutulub. Əxlaq polisinin hicab qaydalarını pozmaqda ittiham etdiyi qadın üç gün sonra xəstəxanada dünyasını dəyişib. Sentyabrın 18-dən Məhsa Əmininin ölümünə etiraz olaraq kütləvi aksiyalar start götürüb: “Aksiyaların aparıcı qüvvəsi qadınlar və gənclər olub. Onlar islam respublikasının simvollarına hücum çəkiblər, ali dini lider Əli Xamneyinin şəkillərini yandırıb, “Diktatora ölüm!” şüarı səsləndiriblər”. Qadınlar, hətta məktəbli qızlar nümayişkaranə surətdə baş örtüyünü çıxarmaqla, yerə atıb yandırmaqla hicab məcburiyyəti qanunundan narazılıq ifadə edib, sərbəst geyim hüququ istəyiblər.

İran İnqilab Keşikçiləri Korpusunun nəzdində fəaliyyət göstərən “Bəsic” könüllülər dəstəsi aksiyaçılara qarşı repressiyaların həyata keçirilməsində mühüm rol oynayıb. Hüquq müdafiəçilərinin məlumatına görə, aksiyalar yatırılarkən 500-dən çox adam ölüb. Onların 71 nəfəri azyaşlıdır. Yüzlərlə adam yaralanıb, minlərlə etirazçı həbsə atılıb. Birbaşa iğtişaşlarla əlaqədar yeddi nəfər edam edilib. Hakimiyyət aksiyalarda həlak olanların sayı barədə rəsmi açıqlama yaymayıb, iğtişaşlar zamanı onlarca təhlükəsizlik əməkdaşının öldürüldüyünü bəyan edib”.

Daha sonra “Reuters” yazır: “İnqilab Keşikçiləri Korpusunun dəstəklədiyi hakim elita etirazların siftəsində çətinliklərlə üzləşsə də, hakimiyyətdən vaz keçmiş kimi görünmür. Məhsa Əmininin ölümündən sonra əxlaq polisi faktiki olaraq küçələrdən yoxa çıxmışdı. Lakin etirazlar səngidikdən sonra onlar yenidən küçələrə qayıtdılar. Hicab geyinməyən qadınları aşkarlayıb cəzalandırmaq üçün küçələrdə müşahidə kameraları quraşdırıldı.

Hicabı “İslam respublikasının prinsiplərindən biri” adlandıran İran hakimiyyəti həm özəl, həm də dövlət sektoruna baş örtüyü qaydalarına əməl etməyən qadınlara xidmət göstərməkdən imtina əmri verdi. Hakimiyyətin tapşırığına əməl etməyən minlərlə müəssisə müəyyən müddətə qapadıldı.

Lakin bir çox iranlı sinəsini-başını açıq qoyan qadınların sayının artdığını iddia etdiyinə görə, parlament geyim qaydalarına əməl etməyənlər üçün daha uzun həbs cəzası, habelə qadağaları pozan məşhurlar və şirkətlər üçün isə daha sərt cəzaları nəzərdə tutan qanunları gözdən keçirməyə başladı.

Qərb ölkələri etirazlara görə təhlükəsizlik qüvvələrinə və onlarca İran rəsmisinə qarşı yeni sanksiyalar tətbiq etdiyinə görə Tehranla onsuz da kəskin olan münasibətlər daha da gərginləşdi.

Bəs İran liderləri öz mövqelərini necə möhkəmləndirəcək?

Son təhlükəsizlik tədbirləri göstərir ki, İran hökmdarları müxalif fikirlilərin fəallaşmasına yol vermək niyyətində deyillər. Fəallar hakimiyyəti insanlara hədə-qorxu gəlməkdə, onları təhdid, həbs, sorğu-sual etməkdə, habelə etirazlarla bağlı işdən çıxarmaqda ittiham edirlər.

İranda son həftələrdə jurnalistlər, hüquqşünaslar, fəallar, tələbələr, akademiklər, sənətçilər, ictimai xadimlər, habelə öldürülən etirazçıların ailə üzvləri, xüsusən də etnik azlıqların nümayəndələri hücumlara məruz qalırlar.

Rəsmilər ölkədəki toqquşmalara görə məsuliyyəti “xarici düşmənlərin”, xüsusən də ABŞ və İsrailin üzərinə qoyurlar. Hakimiyyət cəza dərəcəsini artırmaqla ölkədə həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan insanları böyük riskə məruz qoyub.

Lakin İran hakimiyyəti xalqa təzyiq göstərməklə, dini rəhbərliklə sanksiyalar və yanlış idarəçilik səbəbindən iqtisadi baxımdan əziyyət çəkən sadə iranlılar arasında uçurumun dərinləşməsinə yol açmış olur. Bu isə gələcək iğtişaşların potensial mənbəyi ola bilər”.