Varlıya dəstək, kasıba kötək...
Ekspertlər Subsidiya Şurasının qərarını tənqid edir
10 Sentyabr 2026
Aqrar Subsidiya Şurası 2027-ci il üçün aqrar sektorda dövlət dəstəyi mexanizmlərini genişləndirərək yeni qərarlar təsdiq edib. Prezidentin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2026–2030-cu illər üçün Dövlət Proqramı”nın hədəflərinə uyğun olaraq bitkiçilik, heyvandarlıq, balıqçılıq və emal sahələrində yeni subsidiya növləri tətbiq olunur, mövcud ödənişlər artırılır və bir sıra şərtlər sadələşdirilir.
22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə 400 AZN/ha (ənənəvi və dəmyədən 2 dəfə çox) subsidiya veriləcək. Kartof və tərəvəz üçün müasir suvarmada 500 AZN, dağlıq rayonlarda və Naxçıvanda isə 600 AZN/ha nəzərdə tutulur.
5 hektardan çox sahədə lazer hamarlama tətbiq edən buğda istehsalçılarına ilk il əlavə 250 AZN/ha, pambıqçılara isə 50 AZN/ton əlavə ödəniş ediləcək. İstixanalara texnoloji səviyyəsindən asılı olaraq 500-dən 5 000 AZN/ha-dək subsidiya ayrılacaq.
Aroniya bağlarına 7 500 AZN/ha, qızılgül əkinlərinə 6 000 AZN/ha verilir. 2030-cu ilədək 20 yeni "butik şərab evi"nin yaradılması çərçivəsində super-intensiv üzüm bağlarına 20 000 AZN/ha dəstək nəzərdə tutulur.
Pambıq subsidiyası damcı suvarmada 300 AZN/ton-a qaldırılıb. Emala təhvil verilən zeytun, xurma, üzüm və pivəlik arpa üçün yeni tonnaj subsidiyaları tətbiq olunur.
İlk dəfə balıqçılığa məhsul subsidiyası tətbiq edilir (qızılbalıq və nərəkimilər üçün 2000 AZN/ton). Südlük cins heyvanlara 1500 AZN/baş, emala verilən xam südün litrinə 7 qəpik dəstək müəyyən olunub.
Fermer reytinqi 30-dan yuxarı olan istehsalçılar əkin subsidiyasının 30%-ni avans ala biləcəklər. Kombayn, soyuducu anbar və suvarma sistemlərinə güzəştlər 50-60%-ə qaldırılıb.
"Kəndli kəndi tərk etməyə məcbur olur"
Dövlət tərəfindən ayrılan böyük vəsaitlərə baxmayaraq, tətbiq edilən yeni qaydalar və mövcud yanaşma ekspertlər tərəfindən tənqid olunur. Əsas narahatlıq yüz minlərlə kiçik ev təsərrüfatının oyundankənar vəziyyətdə qalması ilə bağlıdır.
Keçmiş deputat Vahid Əhmədov Pressklub.az-a deyib ki, yeni subsidiya qaydaları daha çox iri aqroparklar və böyük fermer təsərrüfatları üçün əlçatandır. “Amma ölkəmizdə yüz minlərlə kiçik kəndli və ailə təsərrüfatı var ki, onların maksimum 1-2 hektar torpağı var. Onların bahalı müasir suvarma sistemləri qurmağa maliyyə imkanı çatmır. Subsidiya mexanizmi elə çevik olmalıdır ki, bu kiçik fermerlər də dövlət dəstəyindən faydalana bilsinlər,"- o vurğulayıb
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli də onun fikirlərini bölüşür:
"Dövlət tərəfindən ayrılan böyük maliyyə vəsaitləri əsasən iri fermer təsərrüfatlarını gücləndirməyə xidmət edir. Bu yanaşma onsuz da geniş maddi imkanlara malik olan şəxslərin mövqeyini daha da möhkəmləndirir, kiçik və orta fermerləri isə çətin vəziyyətə salır. Məsələn, aqroparkların yaradılması üçün dövlət büdcəsindən 1,1 milyard manatdan çox vəsait ayrılıb. Xırda fermerlər təsərrüfatlarını sığortalasalar belə, bəzən illərlə sığorta ödənişini ala bilmirlər. Bərdə rayonunda intensiv yağışlar nəticəsində pambıq bitkiləri məhv olmuş xırda fermerlərin illərdir məhkəmələrdə süründürülməsi buna əyani sübutdur. İri təsərrüfatların stimullaşdırılması bazarda bahalaşmaya səbəb olur və kiçik təsərrüfatların tamamilə sıradan çıxması təhlükəsini yaradır".
Beləliklə, Subsidiya Şurasının qərarından məlum olur ki, ayrılan məbləğlər bir çox təsərrüfatlar üçün az deyil. Amma ekspertlərin də vurğuladığı kimi dövlət ancaq iri fermerləri və böyük investisiya yatırılmış təsərrüfatları dəstəkləyir. Müasir suvarma sistemləri, intensiv bağları və yüzlərlə baş cins mal-qarası olan sahibkarlara hər cür şərait yaradılır. Bəs sayı yüz minlərlə olan kiçik ev təsərrüfatları haqqında nə düşünürlər? 3-5 hektar məhdudiyyəti kəndlinin dövlət dəstəyinə çıxışını tam kəsir. Vəsait yalnız hazır biznes subyektlərinə verilir. Halbuki ilk növbədə təsərrüfatın yaradılması üçün birdəfəlik subsidiya verilməli, torpağın sənədləşdirilməsindəki bürokratik maneələr aradan qaldırılmalıdır. İndiki durumda kiçik təsərrüfatlar sıradan çıxır, torpaqlar iri sahibkarların əlinə keçir, kəndliyə isə günü 15-20 manata fəhləlik etmək və ya kəndi tərk etmək qalır. Kəndlərin boşalmasının əsas səbəbi kəndlinin kənd təsərrüfatından dolana bilməməsidir. İki kisə azot və bir qutu dərmanı məhsul çıxandan sonra vermək dəstək deyil.
Mütəxəssislərin ümumi qənaəti budur ki, aqrar siyasətdə təcili dəyişikliklər olunmalıdır:
Sırf kənddə məşğulluğu saxlamaq üçün kiçik torpaq sahiblərinə xüsusi dəstək paketi tətbiq edilməlidir;
Vəsait yalnız hazır iri biznesə deyil, təsərrüfatın sıfırdan yaradılmasına da ayrılmalıdır;
Hektar və baş sayı üzrə qoyulan minimum tələblər yumşaldılmalı, sənədləşmə prosesi sadələşdirilməlidir.
Bölgələrdə kiçik emal müəssisələri açılmalı, kiçik fermerlərin bazara çıxışı asanlaşdırılmalı və aqrotexniki dəstək mexanizmləri real olaraq işlək vəziyyətə gətirilməlidir.
Turqut