Moskvanın ikili siyasəti – “Tazıya tut, dovşana qaç” deyir...
Bir gün Putinin zəngi gəlir, sabah isə Z-bloqerlər Bakını ittiham edirlər
10 Sentyabr 2026
Putin münasibətləri ən yüksək səviyyədə yoluna qoymaq üçün Əliyevə zəng edib, Rusiya mediası sanki Kreml ilə rəsmi Bakı arasında münasibətlərin normallaşmasına imkan verməməyə hesablanmış növbəti təxribata əl atdı.
“Kiyev rejiminə açıq dəstəyini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə istehsalı olan silahlı pilotsuz dəniz vasitələrini Vladimir Zelenskiyə verə bilər”. Rusiyanın “Dva mayora” (“İki mayor”) Telegram kanalının müəllifləri sentyabrın 8-də belə bir iddia ilə çıxış ediblər.
Azərbaycan Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə Türkiyənin “DEARSAN Gəmiqayırma Sənayesi” şirkətinin birgə istehsal etdiyi “SALVO” dəniz dronları və “KAYRA” kamikadze dəniz dronları sentyabrın 6-da Əliyevə nümayiş etdirilib.
“Azərbaycanın hazırkı siyasi rəhbərliyinin Ukraynaya açıq dəstəyini nəzərə alsaq, Türkiyə dronlarının, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün də yığılması istisna deyil”, – “Dva mayora” yazır.
Kanal müəllifləri qeyd edirlər ki, müasir dəniz dronlarının istehsalı Bakıya bahalı hərbi gəmilərdən istifadə etmədən Xəzərdə hərbi mövcudluğunu artırmağa və ticarət yollarının mühafizəsini gücləndirməyə imkan verir.
“Azərbaycanda bundan əvvəl öz istehsalı olan “Kalan” və “Suqovuşan” kamikadzelərini nümayiş etdirilib, lakin “SALVO” və “KAYRA” daha iri və texnoloji baxımdan daha inkişaf etmiş Türkiyə layihələridir. Diqqətçəkən məqam odur ki, Türkiyənin “SALVO” kiçik ekipajsız kateri ilk dəfə döyüş atışlarını hələ 2022-ci ildə həyata keçirib”, – Z-bloqerlər bildirirlər.
“SALVO” üç rejimdə fəaliyyət göstərə bilən silahlı “hibrid” katerdir: məsafədən idarəetmə – sahildən, gəmidən və ya komanda mərkəzindən; yarıavtonom və tam avtonom rejim. Katerin uzunluğu 14,79 metr, eni isə 3,83 metrdir. Açıqlanan məlumatlara görə, maksimal sürəti təxminən 111 km/saatdır. Fəaliyyət məsafəsi 400 dəniz milinədək, yəni təxminən 740 kilometrdir.
Katerin ölçüləri onun üzərində eyni vaxtda bir neçə döyüş modulunun yerləşdirilməsinə imkan verir. Silahlanmaya məsafədən idarə olunan 12,7 mm-lik “ASELSAN” pulemyot qurğusu, lazerlə idarə olunan “Roketsan Cirit” raketləri üçün buraxılış qurğuları – 70 mm-lik raketlər və “L-UMTAS” raketləri daxildir.
“KAYRA” kamikadze dronudur: uzunluğu 7,6 metr, eni 2,6 metrdir, korpusu kompozit materialdan hazırlanıb. Maksimal sürəti təxminən 111 km/saatdır. Fəaliyyət məsafəsi 300 dəniz milinədək, yəni təxminən 555 kilometrdir.
Rusiya mediası eyni zamanda xatırladır ki, Azərbaycan iyulun 29-da kritik infrastrukturun, xüsusilə də dəmir yollarının bərpası üçün Ukraynaya 40 ton avadanlıq göndərib. Ukrayna Energetika Nazirliyinin məlumatına görə, avadanlıqların göndərilməsi, demək olar, hər gün həyata keçirilib.
Ancaq nəzərə almaq lazımdır ki, kritik infrastrukturun bərpası üçün avadanlıq tədarükünün də aid edilməli olduğu humanitar dəstək bir şeydir, Rusiya mediasının Azərbaycanı ittiham etməyə çalışdığı birbaşa silah tədarükü isə tamam başqa məsələdir.
Bəs bu cür addımların məntiqi nədən ibarətdir? Rusiyada mövcud olan sərt avtoritar rejim şəraitində hər hansı bir medianın, üstəlik, hökumətyönümlü mövqe tutan informasiya resursunun Kremldəki kuratorlarının birbaşa razılığı və ya göstərişi olmadan qonşu dövlətə qarşı ittiham və ya şübhələr irəli sürə biləcəyinə inanmaq çox çətindir. Bu cür “ikili oyun” nə ilə izah oluna bilər? Bir gün Putindən zəng gəlir, sabah isə Z-bloqerlər anlaşılmaz ittihamlar səsləndirirlər. Belə taktikanın arxasında hansı məqsəd dayana bilər?
Məsələ ilə bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədli ilk növbədə qeyd edib ki, Rusiyada fəaliyyət göstərən Z-bloqerlər, hərbi bloqerlər, Telegram kanalları və müxtəlif media resursları əsasən Kremlin nəzarətində olan vahid informasiya sisteminin tərkib hissəsidir və ümumi siyasi xəttə uyğun fəaliyyət göstərirlər.

“Onların hər birinə ayrıca və birbaşa göstəriş verməyə ehtiyac yoxdur. Z-bloqerlər, bir qayda olaraq, Kremlin rəsmi siyasətinin mahiyyətini bilirlər və fəaliyyətlərini bu istiqamətdə qururlar. Əgər onlar nə vaxtsa Kremlin maraqlarına zidd mövqe tuturlarsa, xəbərdarlıq edilir və ya müəyyən məhdudiyyətlərlə üzləşirlər. Digər hallarda isə Kremlin siyasətini daha sərbəst şəkildə yayımlaya bilirlər.
Putin və Kreml dövlətlərarası münasibətlərə birbaşa cavabdeh olduqları üçün xüsusilə qonşu dövlətlərlə münasibətlərdə müəyyən diplomatik xətti qorumağa çalışırlar. Kreml öz mövqeyini birbaşa və bütün detalları ilə açıqladıqda, bu, sonrakı diplomatik manevrlər üçün imkanları məhdudlaşdırır. Məhz buna görə də Rusiyanın real niyyət və gözləntiləri bəzən müxtəlif qeyri-rəsmi və ya yarı-rəsmi informasiya kanalları vasitəsilə qarşı tərəfə çatdırılır. Belə hallarda əsas mesaj ondan ibarət olur ki, guya Rusiya cəmiyyətində qarşı tərəfə qarşı ciddi narazılıq və mənfi münasibət mövcuddur. Beləliklə, Kreml rəsmi mövqeyini dəyişmədən tərəfdaşına müəyyən siyasi təzyiq göstərmək imkanı əldə edir”, – analitik bildirib.
Onun sözlərinə görə, Putinin rəsmi bəyanatları ilə Kremlə bağlı media və Z-bloqerlərin mövqeyi zahirən nə qədər ziddiyyətli görünsə də, əslində onlar bir-birini tamamlayan iki kanal kimi çıxış edə bilərlər: biri diplomatik, digəri isə informasiya və təzyiqi ifadə edən kanaldır.
“Kreml həssas və ya siyasi baxımdan riskli ittihamları birbaşa səsləndirmək istəmədikdə, onların qeyri-rəsmi informasiya məkanına buraxılması üçün şərait yaradır. Daha sonra qarşı tərəfin reaksiyasından, atdığı addımlardan və formalaşan informasiya fonundan asılı olaraq rəsmi siyasət müəyyənləşdirilir və ya ona düzəliş edilir. Beləliklə, Moskva yalnız öz mesajını çatdırmır, eyni zamanda, zərurət yaranarsa, həmin mesajdan məsafə saxlamaq imkanını da qoruyur.
Mövcud geosiyasi şəraitdə Rusiyanın Azərbaycana təsir rıçaqları əvvəlki dövrlə müqayisədə xeyli zəifləyib. Qarabağ məsələsinin həlli Moskvanı regiondakı əsas təsir vasitələrindən birindən məhrum edib. Bundan başqa, Azərbaycan Rusiyadan ciddi iqtisadi asılılıq şəraitində deyil. Bununla belə, Kreml Azərbaycanın onun geosiyasi təsir və nəzarət zonasından getdikcə daha çox uzaqlaşması ilə barışmaq istəmir. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, eləcə də Qərb, Türkiyə və digər güc mərkəzləri ilə əlaqələrini genişləndirməsi Moskva üçün Rusiyanın Cənubi Qafqazdakı ənənəvi mövqelərinin zəifləməsi deməkdir. Bu səbəbdən Kreml müxtəlif siyasi, diplomatik və informasiya vasitələrindən istifadə etməklə Azərbaycana təsir və təzyiq imkanlarını qoruyub saxlamağa və mümkün qədər genişləndirməyə çalışır”, – Məmmədli izah edib.
Rauf Orucov