.png)
Ramzanın Qədir ağacı: qorxu və qan üzərində qurulan səltənət - II HİSSƏ
Onun bütün rəqibləri ya öldü, ya qaçaq düşdü, ya həbsdə çürüyür...
16 May 2024
(Əvvəli burada)
OĞUL
Ramzan Kadırov hakimiyyətə gəlişini necə gözləyirdi
Ramzanın - Əhməd Kadırovun kiçik oğlunun - uşaqlığı respublikadakı həmyaşıdlarının əksəriyyəti ilə eyni keçib. Çeçen ailələrində yeddi yaşdan böyük oğlanlar vaxtlarının çoxunu anaları ilə deyil, ataları ilə keçirirlər: masa arxasında atasının qonaqlarına qulluq edirlər (amma heç vaxt böyüklər oturan masanın arxasında əyləşməzlər), onun tapşırıqlarını yerinə yetirirlər, təsərrüfatın idarə edilməsində və ailə işlərində təcrübə toplayırlar. Ramzan özünün siyasi karyerasına da Əhmədin qeyri-rəsmi köməkçisi kimi başlayıb.
Əhməd Kadırovun hansı məqamda kiçik oğluna üstünlük verdiyi məlum deyil. Amma 18 yaşında, 1990-cı illərin ortalarında İçkeriya müftisi olan atasının mühafizə rəisinin müavini oldu.
Atasının ölümündən sonra Ramzan seçkilərdə hələ iştirak edə bilməzdi, 28 yaşı vardı, Çeçenistan konstitusiyasına görə isə 30 yaşdan prezident olmaq mümkün idi. Əhmədin ölümündən 5 gün sonra respublikanın Dövlət şurası Vladimir Putinə müraciət edərək, “Ramzan Kadırovun respublika rəhbərliyinə namizədliyinin qeydə alınması üçün bütün əngəllərin ləğvi”ni - yəni konstitusiyaya dəyişiklik edərək yaş senzinin azaldılmasını - xahiş etdi. Bunun üçün respublika üzrə referendum keçirmək lazım idi, amma Putin ideyaya cavab vermədi. Kremldə iki şeydən qorxurdular - respublikaya axan federal vəsaitlər üzərində nəzarəti itirməkdən və gənc Kadırovun separatçıların nəzarətinə düşməsindən.
O zaman, görünür, gənc Kadırova çoxgedişli kombinasiya təklif etdilər: iki il müddətində respublikaya Çeçenistanın DİN rəhbəri Alu Alxanov - Kremlə tamamilə loyal, proqnozlaşdırılan və asan idarə olunan şəxs - başçılıq edəcək. Bir neçə ildən sonra onun yerinə Ramzan keçəcək. Ancaq keçmiş mühafizəçini prezident təyin etmək çox da asan deyildi: Kadırova idarəçilik təcrübəsi və xidməti iyerarxiyada müəyyən yüksəliş lazım idi. Onun üçün yeni vəzifə tapilmalı idi.
2004-cü ilin oktyabrında keçirilən prezident seçkilərində Kremlin dəstəklədiyi Alu Alxanov qalib gəldi. O, hələ Kadırov dövründə baş nazir olan Sergey Abramovu yenidən təyin etdi.
Amma 2005-ci ilin noyabrında Abramov Moskva yaxınlığında avtoqəzaya düşdü; reabilitasiyası üçün xeyli vaxt lazım idi. Alxanov baş nazir səlahiyyətlərinin icrasını Ramzan Kadırova tapşırdı. Abramovun 2006-cı ilin fevralında rəsmi istefasından sonra kiçik Kadırov baş nazir oldu.
Ramzan Kadırov necə yeganə və tənqidi mümkünsüz çeçen siyasətçi oldu
2006-cı ilin baharında respublikanın prezidenti və baş naziri arasında konflikt haqda xəbər yayıldı. Alu Alxanov hökumətdəki vəzifələrə öz adamlarını təyin edə bilmədi, çünki Kadırov parlamentə də, hökumətə də nəzarət edirdi.
Bu zaman kiçik Kadırov Çeçenistan əhalisinin çoxuna qorxu təlqin edirdi: o, 2000-ci ildən Çeçenistan prezidentinin mühafizə taboru adlanan iri hərbi birliyə rəhbərlik edirdi. Baş nazir olandan sonra da nəinki tabor döyüşçüləri (əvvəllər federallara qarşı vuruşan, sonra böyük Kadırovun tərəfinə keçən əfv edilmiş yaraqlılar) üzərində təsirini qorudu, həm də bu birliyi böyütdü. Taborun komandiri keçmiş briqada generalı, Kadırovların vədi ilə silahı yerə qoyan Artur Əhmədov oldu.
Parlament deputatlarının əksəriyyəti Kadırovu dəstəklədi və 2007-ci ilin fevralında Alxanov regiondan getdi: Putin onu federal ədliyyə nazirinin müavini təyin etdi, Ramzan isə prezident səlahiyyətlərini icra etməyə başladı. Artıq 30 yaşı vardı və yazda respublikanın prezidenti oldu. Çeçen Xalq məclisinə onun namizədliyini şəxsən Putin təqdim etdi. 57 deputatdan 55-i onu dəstəklədi.
Həmin illərdə Çeçenistanda yalnız şəxsi silahlı dəstəsi olan adam nüfuzlu sayılırdı. Hakimiyyəti silahlı qüvvələrə söykənən biri kimi Kadırov anlayırdı ki, yalnız sərt güc vertikalı qurmaqla Çeçenistanı təkbaşına idarə edə bilər.
Respublika daha özünü Rusiyanın parçası elan etdiyindən, silahlı dəstələri leqallaşdırdılar. Məsələn, FSB-nin keçmiş əməkdaşı, podpolkovnik Mövladi Baysarovun “Qorets”, Cəbrayıl Yamadayevin respublika hərbi komendantlığının xüsusi təyinatlıları, Sulim Yamadayevin “Vostok” taboru vardı. Daha bir iri birliyə, çeçen XTMD-nə Musa Qazıməhəmmədov başçılıq edirdi. Kadırov və Yamadayevlərdən fərqli olaraq, Musa heç zaman federallara qarşı döyüşməmişdi və həm Moskvada, həm Çeçenistanda hörməti vardı.
Birbaşa Əhməd Kadırova tabe olmayan hərbi dəstələrin liderləri 2003-cü ildən etibarən müəmmalı şəraitdə ölməyə başladılar. 2003-cü ilin martında Cəbrayıl Yamadayev həlak oldu: uzaqdan idarə olunan partlayıcı maddə onun evindəki divanının altına qoyulmuşdu. Bir ay sonra Musa Qaziməhəmmədov həlak oldu: avtomobili Qroznı yaxınlığında KAMAZ ilə toqquşdu.
“Qorets”in rəhbəri, qətl və adam oğurluğuna görə Çeçenistan prokurorluğu tərəfindən axtarışa verilən Mövladi Baysarov 2006-cı ilin noyabrında Moskvada öldürüldü. Baysarovun qətlinin rəsmi səbəbi kimi saxlanılarkən müqavimət göstərməsi deyildi.
2008-ci ilin sentyabrında Moskvada maşınını işıqforda saxlayan Dövlət Dumasının deputatı Ruslan Yamadayevi killer güllələdi. Bundan az sonra onun kiçik qardaşı Sulim Rusiyanı tərk etdi. Amma o da 2009-cu ildə Dubayda öldürüldü. Nəticədə, bu gün Çeçenistanda Ramzan Kadırova tabe olmayan heç bir hərbi hissə yoxdur.
Ramzan heç bir milli respublikada - onlarda güc strukturlarına, bir qayda olaraq, Moskvadan göndərilənlər başçılıq edir - mümkün olmayanı bacardı. Çeçenistanda yerli FSB idarəsinin rəhbəri xaric, bütün güc nazirləri çeçenlərdir və özünə yaxın adamlardır. Kadırov respublikada sərt hakimiyyət vertikalı yarada bildi və burada həlledici mövqe tutdu.
Kadırovun bütün siyasi opponentləri ya həyatları üçün əndişə keçirərək, Rusiyadan getdilər, ya da informasiya məkanından yox oldular. Məsələn, Qroznının keçmiş meri Bislan Qantemirov və biznesmen Malik Saydullayev; onlar hər iki Kadırovun siyasi rəqibi sayılırdılar.
2024-cü il üçün Kadırov məhkəməsiz divantutmalar ənənəsindən istifadə edərək, Çeçenistan və digər regionların əhalisini qorxuda bilib. Onun hakimiyyəti Rusiya jurnalistlərinə və hüquq müdafiəçilərinə qəsdlə əlamətdardır: “Novaya qazeta”nın çeçen rejimini tənqid edən müxbiri Anna Politkovskaya və hüquq müdafiəçisi Natalya Estemirova öldürülüb, hüquq müdafiəçisi İqor Kalyapin və jurnalist Yelena Milaşina döyülüb. Qubernatorlar, deputatlar və blogerlər isə kiçik Kadırovun ünvanına səsləndirdikləri ehtiyatsız tənqidə görə mütəmadi üzr istəyirlər.
2015-ci ildə Çeçenistan rəhbərinin iqamətgahına sosial şəbəkələrdə Kadırovu tənqid edən İbrahim Yanqulbayevi və atasını, federal hakim Saydi Yanqulbayevi gətirdilər. Ramzanın əmri ilə hər ikisini döydülər. Böyük Yanqulbayevi hakimlikdən istefa verməyə məcbur etdilər, İbrahimi isə gizli həbsxanaya saldılar, oradan 2016-cı ilin mayında çıxdı.
Bir il sonra İbrahimi yenə tutdular və “rus hərbçiləri sosial qrupuna nifrət oyandırmağa” görə həbsə atdılar. 2019-cu ildə ikinci dəfə azadlığa çıxdı və tezliklə Rusiyadan getdi. Sonralar dedi ki, Ramzan Kadırovu tənqid etdiyinə görə dəfələrlə işgəncələrə məruz qalıb.
Yanqulbayev ailəsi Çeçenistandan Nijni Novqoroda köçdü. Ailənin böyük oğlu Abubakar “İşgəncələr əleyhinə komitə” adlı hüquq-müdafiə təşkilatında işləməyə başladı. 2021-ci ilin dekabrında Nijni Novqorod polisi tərəfindən saxlanıldı və Pyatiqorska gətirildi, Çeçenistanda korrupsiya və adam oğurluğunun xronikasını aparan 1ADAT teleqram kanalına aidiyyatı ilə bağlı sorğulandı. Tezliklə Abubakar da qardaşı kimi Rusiyadan getdi.
2022-ci ilin yanvarında Kadırov Yanqulbayevləri “terrorçuların köməkçisi” adlandırdı və məhv etməyə çağırdı: “Bu ailənin yeri ya həbsxanadır, ya da yerin altı”. Elə həmin ay çeçen hüquq-mühafizə orqanları Nijni Novqorodda Yanqulbayevlərin anası Zarema Musayevanı saxladılar. Onu Çeçenistana apardılar və dərhal həbs etdilər. Saydi və kiçik qızları Aliyə də Rusiyadan getdilər.
2023-cü ilin iyulunda Qroznı məhkəməsi Zarema Musayevanı “polis əməkdaşına qarşı zorakılığa görə” 5,5 il həbsə məhkum etdi. Yanqulbayevlərin və Musayevlərin Qoytı kəndindəki qohumları mitinq keçirərək, onlardan imtina etdilər. Belə imtina Çeçenistanda nonsensdir; icma öz qohumundan yalnız ağır, rüsvayçı hərəkətlərə görə imtina edir.
Ramzan Kadırov dövründə Çeçenistan necə yaşayır
Çeçenistanın iki müharibədən sonra sürətli bərpa edilməsi Ramzan Kadırovun hakimiyyət illərinə düşdü. İndi Qroznının bəzi rayonlarında göydələnlər ucalır, Çeçenistana turistlər uçur. 2022-ci ilin yanvarında Ramzan dedi ki, federal büdcədən Çeçenistan Respublikasına dotasiyaların ümumi həcmi ildə 300 milyard rubldur. Çeçenistan Rusiya büdcəsi üçün ən bahalı respublikadır.
Lakin Kreml tərəfindən satın alınan Çeçenistanı sabit adlandırmaq olmaz. Çeçenlərin çoxəsrlik ənənələrinə rəğmən, Kadırov mahiyyətcə qorxu və pula söykənən qaydalarını tətbiq edib. Respublika sakinləri üçün bununla barışmaq çətindir, nəzər almaq lazımdır ki, çeçenlər həmişə icma demokratiyasının tərəfdarı olublar və heç vaxt diktatura ilə barışmayıblar.
Amma Qroznı mətbəxlərində səslənən əsas irad - Ramzanın hakimiyyət illərində respublika sakinlərinin mədəni kodunun dəyişdirilməsidir.
Çeçenistanda həmişə adətlərlə yaşayıblar: ictimai nizam qaydalar və adətlər toplusu ilə müəyyən olunub. Kadırov zamanı adətlər öz rollarını itirib. Çeçenistan rəhbəri hakimiyyəti tənqid edən adamı efirdə danlaya bilər, istədiyi şeyi kameraya deməyə bütöv ailəni məcbur edə bilər, hətta boşanmış ər və arvadı barışdırar. Həmişə nəsil və ailənin həll etdiyi, indi Kadırov sayəsində ictimai müstəviyə çıxarılıb və bu, çeçenlərin mədəniyyətinə ziddir.
Kadırova qədər çoxarvadlılıq Çeçenistanda norma deyildi. 2015-ci ildə Nojay-Yurt daxili işlər şöbəsinin 47 yaşlı evli rəisi Najud Quçiqovun 17 yaşlı məktəbli Xede Qoylabiyeva ilə evlənməsi nəinki Çeçenistandan uzaqda rusları, hətta xeyli çeçeni hiddətləndirdi. Federasiyanın bir subyekti kimi Çeçenistanda ikiarvadlılıq rəsmən qadağandır, amma Kadırov, əsində, onu leqallaşdırıb.
Ramzanın özünün ikinci arvadı - çeçen Fatimə Xazuyeva - olmasını 2021-ci ildə “Proyekt” nəşri xəbər verdi. Onlar 2006-cı ildə, “müasir Çeçenistanda ilk və son gözəllik müsabiqəsində” tanış oldular, 15 yaşlı Fatimə burada ikinci yer tutdu. “Proyekt”in məlumatına görə, Kadırovun hər iki arvadının - Fatimə Xazuyeva və Medni Kadırova - adına təxminən 800 milyon rubl dəyərində daşınmaz əmlak qeydə alınıb.
* * *
Çoxmilyardlıq dotasiyalar müqabilində Rusiya loyal, daha müstəqillik istəməyən, sabitliyi və federasiyanın təhlükəsizliyini təhdid etməyən region əldə edib. Məhz buna görə Kreml çeçen məmurların özbaşınalığına göz yummalı olur. Kadırovun tez-tez ölkə qanunvericiliyinə zidd açıqlamalar verməsinə baxmayaraq, ölkənin birinci adamları onları şərh etmirlər.
2022-ci ildə Zarema Mustafayevanın həbsi və Kadırovun Yanqulbayevlər ailəsini hədələməsi barədə Putinin mətbuat katibinə sual verəndə Peskov bunu Kadırovun “şəxsi fikri” adlandırdı. 2023-cü ilin oktyabrında, Kadırovun oğlunun Quranı yandırmaqda ittiham olunan bir məhbusu döyməsindən sonra Peskov gündəlik brifinq zamanı jurnalistlərə həmin hadisəni şərh etməyəcəyini bildirdi.
Jurnalistin bu imtinanın səbəbi barədə sualına mətbuat katibi belə cavab verdi: “İstəmirəm”!
Hazırladı: Yadigar Sadıqlı