Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Ramzanın Qədir ağacı: imperiya-karlik necə quruldu? – I HİSSƏ
Çeçen fenomeni, qan üzərində siyasi oyunlar və viran qalmış yurd...

İyirmi il əvvəl, 2004-cü il mayın 9-da Qroznı stadionundakı terror aktı nəticəsində Çeçenistanın rəhbəri Əhməd Kadırov həlak oldu. Onun oğlu Ramzan, demək olar ki, dərhal - Kremlin razılığı ilə - respublikanın idarə olunmasına sahibləndi. O vaxtdan etibarən Kadırov ailəsinin Çeçenistandakı hökmü hüdudsuz şəkil aldı. Şimali Qafqaz üzrə ixtisaslaşmış müəllif “Meduza”nın xahişi ilə yazdığı materialda Kadırov klanının hakimiyyətə necə gəlməsindən bəhs edir. 

“Təhsillə yüklənməyib. Güləşçi vücudu var. Bütün atıcı silahlardan istifadə edə bilir, - Anna Politkovskaya 27 yaşlı Ramzan Kadırovu atasının ölümündən bir neçə gün sonra belə təsvir edirdi. - Ramzan yalnız müharibə adamıdır. Çeçenistanda hər kəs bilir: Ramzan qəddarlıqla və büdcə pullarına tamahla “məşhur”dur. O, sülhün lideri olmağa qadir deyil. Bacara bildiyi yeganə amplua - siyasi qanqsterdir”

Ramzanın atası Əhməd Kadırov yaxşı mühafizə olunan Qroznı stadionunun tribunasında mayın 9-da həlak oldu. Prokurorluğun iddiasına görə, terrorçular oturacağın altına iki fuqas və plastit doldurulmuş plastik butulka qoyublar. Kadırovla birlikdə daha yeddi nəfər həlak oldu. Ümumiyyətlə, terror aktı zamanı 50-dən çox adam zərər gördü. 

Əhməd Kadırovun öldüyü gün onun oğlunu Kremldə Vladimir Putin qəbul etdi. Putinin Kadırova təsəlli verdiyi və dəstək vəd etdiyi görüşün görüntüləri çoxlarının yadında qaldı.

“9 mayda arxada qalan tarixin əsas mirası, əlbəttə, Ramzan Kadırovdur, öldürülənin oğlu. Şəxsiyyət kimi yox, prosesin mahiyyəti kimi”, - Politkovskaya yazırdı. Respublikanın gələcək rəhbərinin siyasi karyerası belə başladı. 

I FƏSİL

ATA

Birinci çeçen müharibəsi

“Şəhərdə gəzməkdə davam edirəm, prezident sarayına çatıram, burada daha bir vurulmuş tank görürəm. Yanında meyit uzanıb. Əynindəki buşlat hələ tüstülənir. 

Axşam Qroznı televiziyası ilə general [Cövhər] Dudayev çıxış edir. Deyir ki, Rusiya hakimiyyəti Qroznıya öz tanklarını göndərib, müxalifət də “qanuni hakimiyyəti yıxmaq” ümidilə onların ardınca gəlib”. 

Bu, “Qroznenski raboçi” qəzetində çap olunmuş reportajdan sitatdır. Rusiya tankları ilə gücləndirilən antidudayevçi müxalifət həmin gün uğursuz hücum cəhdi etdi: Birinci çeçen müharibəsinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. 

Faktiki müstəqil olan Çeçenistanda 1994-cü ilin payızı üçün vətəndaş müharibəsi başlamısdı. Konfliktin bir tərəfi İçkeriya prezidenti Cövhər Dudayevin qoşunları idi. İkincisi - Çeçenistan Respublikasının Müvəqqəti Şurasının müxalif qüvvələri. Respublika üzərində nəzarəti müxtəlif üsullarla qaytarmağa çalışan Rusiya ikinciləri qeyri-rəsmi dəstəkləyirdi. 

Dekabrın 11-də prezident Boris Yeltsin Çeçenistana qoşun yeritməyi əmr etdi. Yeni il ərəfəsində Qroznıya “rəsmi” hücum başladı. Şəhəri yalnız 1995-ci ilin martında nəzarətə götürmək oldu, elə o zaman da Arqun, Şali və Qudermes alındı. 

Dudayevin tərəfdarları terrorla cavab verdilər: 1995-ci ildə Şamil Basayevin komandanlıq etdiyi yaraqlılar Stavropol diyarındakı Budyonovskda girovlar götürdülər, 129 nəfər həlak oldu. 1996-cı ildə Salman Raduyev və Hunkar İsrapilovun qüvvələri Dağıstanda Kızlyara hücum etdilər və 200 girovu Çeçenistana apardılar; 70-ə yaxın adam terror aktının qurbanı oldu. 

Əhməd Kadırov (o zaman yaşı qırxı keçmişdi) İçkeriya tərəfdə vuruşurdu - o, Çeçenistan Respublikası müsəlmanlarının Ruhani idarəsinə rəhbərlik edirdi. Kadırov 1995-ci ildə müfti kimi çeçenləri cihada - kafirlərlə, yəni ruslarla müqəddəs müharibəyə çağırdı. “Mən çeçenləri nə qədər bacarırlar, o qədər öldürməyə çağırdım”, - sonrakı müsahibələrinin birində xatırlayırdı. 

1996-cı ildə Dudayev həlak oldu. Rusiya hərbçiləri İçkeriya prezidentinin peyk telefonunun pelenqləməyi bacardılar və onun olduğu yerə raket buraxdılar. 

Müstəqillik tərəfdarı olan çeçenlər müharibə illərində
Həmin 1995-cı ilin avqustunda Rusiya və İçkeriya Xasavyurdda atəşkəs haqda saziş imzaladılar: Rusiya qoşunlarını Çeçenistandan çıxaracaqdı, respublikanın statusu haqqında məsələ isə - müstəqil olacaq, yoxsa Rusiyanın tərkibində qalacaq - 2001-ci ilin sonlarına qədər təxirə salınırdı. Tərəflər daha güc tətbiq etməmək haqda öhdəlik götürdülər, kövrək sülh formalaşdı. 

Dudayevin ölümündən sonra hərəkata Zəlimxan Yandarbiyev, daha sonra Aslan Məshədov rəhbərlik etdi, o, respublikanın ikinci prezidenti oldu. İçkeriya müftisi Əhməd Kadırov da Məshədovu dəstəklədi. 

“Mən Məshədovu dəstəklədim, çünki bilirdim: əgər o olacaqsa, başqa istənilən hərəkatın qarşısını almaq olar. Əgər hakimiyyəti Basayev götürsə, o quldurdur, hakimiyyəti də elə olacaqdı”, - Kadırov 2002-ci ildə Politkovskayaya izah edirdi. 

Qiyamçı respublikada faktiki hakimiyyət islamçıların, necə deyərlər, vəhhabilərin əlində idi, onlar hesab edirdilər ki, çeçenlərin sitayiş etdikləri dində bütpərəstlik qatışığı var (Qafqazda İslam - elə xristianlıq da, - xalqların qədim ənənələri ilə bağlı xüsusiyyətlərə malikdir). Vəhhabilərlə yaxşı münasibətlərə malik olanlar arasında Zəlimxan Yandarbiyev (onu “Çeçenistana vəhhabizmi gətirən adam” adlandırırdılar) və o zaman İçkeriya qoşunlarının Baş komandanının müavini olan Şamil Basayev vardı. 

Bunun üzündən daxili konflikt başladı: vəhhabilər və çeçen mədəni-dini ənənələrinin tərəfdarları arasında. Müfti Əhməd Kadırov şəriət hakimiyyətinə və Çeçenistana “təmiz” İslamın sırınmasına qarşı çıxış edirdi.

1998-ci ilin payızında ona qarşı ilk qəsd baş verdi. Kadırovun korteji müftilik binasının yanından keçərkən uzaqdan idarə olunan bomba işə düşdü. Əhmədə bir şey olmadı, sürücüsü xəsarətlər aldı. İçkeriyada hadisəni törətməkdə Rusiya xüsusi xidmət orqanlarını günahlandırdılar. Amma 2000-ci illərin əvvəllərində “Kommersant” nəşri vəhhabi versiyasına üstünlük verirdi. 

İkinci çeçen müharibəsi

1999-cu ilin yayında Şamil Basayevin və ərəb muzdlusu Xəttabın yaraqlıları Dağıstanın dağlıq rayonlarına girdilər. Onlar Dağıstan və Çeçenistanı vahid İslam dövlətində birləşdirərək, Rusiyaya qarşı çıxmaq istəyirdilər. İkinci çeçen müharibəsi başladı. 

Kadırov vəhhabilərin hərəkətlərini dəstəkləmədi, ruslara cihad elan etməkdən boyun qaçırdı və dini ekstremistlərlə mübarizəyə çağırdı. O xatırlayır ki, Məshədova Basayevi qanundan kənar elan etməyi və çeçen xalqı qarşısında günahını etiraf etməyə çağırıb. Məshədov da onu istefaya göndərdi. 

O zaman Yamadayev qardaşlarından biri (bu ailə Benoy tayfası xəttilə Kadırovun qohumlarıdır, onlar da Birinci çeçen müharibəsində Rusiyaya qarşı döyüşmüşdülər və regionda nüfuza malik idilər) Sulim İçkeriya prezidentinə Dağıstandakı vəhhabilərin geriyə yolunu bağlamağı təklif etdi. “O zaman federallar bir tərəfdən, biz digər tərəfdən onlara zərbə endirərdik və həmişəlik bu mərəzdən qurtulardıq, - müsahibəsində deyirdi. - Müharibə də olmazdı. Amma Məshədov vəhhabilərdən qorxurdu”

1999-cu ilin payızında Kreml elçiləri Çeçenistan ərazisindəki RF qoşunlarının şərq qruplaşmasının komandiri general Gennadi Troşev vasitəsilə Yamadayev qardaşları ilə ünsiyyət qurdular. Həmin vaxt Yamadayevlər də, Kadırov da anlayırdılar ki, öz hakimiyyətlərini və respublikanın heç olmasa bir hissəsini darmadağından xilas etmək üçün güzəştə və Kremllə danışıqlara getmək lazımdır. Onlar da Məshədovdan qopmaq və federal mərkəzi dəstəkləmək haqda qərar qəbul etdilər. 

Qardaşlardan birinin, Xalid Yamadayevin sonralar “Kommersant”a müsahibəsində dediyinə görə, Məshədova Türkiyəyə getmək təklif olunub, o isə guya imtina edib. “Biz öz qanunlarımızla yaşayırdıq, onlar isə bizə özlərinkini sırımaq istəyirdilər”, - Yamadayev vəhhabilərlə savaşın səbəblərini belə izah edir. 

Nəticədə, nüfuzlu benoyluların yaşadıqları Qudermes rayonu qorundu, Arqun, Urus-Martan və Qroznı rayonları isə döyüşlər zamanı dağıdıldı. Kadırov və Yamadayevlər Kremlə razılaşmaya gedəndən sonra Məshədov onları xain elan etdi. 

Qroznı. Mart, 2000-ci il
Sonrakı illər göstərdi ki, Əhməd Kadırovun ehtimalı doğru imiş. O, 2003-cü ildə Çeçenistan Respublikasında ilk prezident seçkilərinə federal qoşunların ərazidən çıxarılması niyyəti ilə gedirdi: çeçen hakimiyyəti öz düşmənləri ilə təkbaşına da bacara bilərdi. 

Müharibə zamanı yaxınlarını itirən və dağılmış evlərdə yaşayan çeçen əhali federal administrasiyaya nifrət edirdi, buna görə də Kadırovun mövqeyi onların ürəyindən idi. Əhmədin həmfikirləri ortaya çıxdı. 

Bir neçə il danışıqlardan sonra Aslan Məshədovun yaxın silahdaşı, Kadırovların qohumu, briqada generalı Məhəmməd Xambiyev silahı yerə qoydu. Demək olar, həmin vaxt daha bir nüfuzlu məshədovçu - Şaa Turlayev Kadırova qoşuldu. Xambiyev və Turlayevin ardınca xeyli sıravi döyüşçü meşələrdən çıxdı. 

Yəqin ki, onların hamısı Çeçenistanın Kadırov təklif edən siyasi quruluşunda perspektiv gördülər: respublika Rusiyanın bayrağı altında yaşayır, amma federal qoşunlar oradan çıxarılır, regiona çeçenlər rəhbərlik edir, Rusiya isə zahiri sabitik və sülhə görə Çeçenistana pul verir: əslində müharibənin dağıntılarına görə təzminat ödəyir. Özü də Çeçenistan rəhbərinin davranışı və Kremlin dəstəyi Rusiya hərbçilərini qıcıqlandırırdı, hesab edirdilər ki, nahaq döyüşüblər: axı hakimiyyətə bir zaman onlarla döyüşənlər gəlib. 

Əhməd Kadırov 2003-2004-cü illərdə çeçen müqavimətinin ən məşhur və ən nüfuzlu nümayəndələrini öz tərəfinə çəkə bildi. O, hətta Aslan Məshədovun təslim olacağına ümid edirdi və bu halda onun əfv edilməsi üçün prezident Putinə müraciət edəcəyinə söz vermişdi, amma əcəl imkan vermədi. Məshədov 2005-ci ildə öldürüldü, ondan bir il əvvəl isə Kadırovun özü həlak oldu. 

2004-cü il mayın 9-da Rusiya baş prokurorluğu Qroznı stadionunda terror aktı ilə bağlı cinayət işi qaldırdı. Məsuliyyəti Şamil Basayev üzərinə götürmüşdü. Amma hadisəyə görə kimsə məsuliyyətə cəlb olunmadı, Basayev də 2006-cə ildə İnquşetiyada həlak oldu. Daha iki ildən sonra Ramzan Kadırov “Exo Moskva”ya müsahibəsində bildirdi ki, “qətlə görə məsuliyyəti üzərinə götürənlər” və “qətlə aidiyyatı olanlar” “məhv ediliblər”.

(Ardı var)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2024/05/09/rovno-20-let-nazad-v-groznom-ubili-ahmata-kadyrova-ego-klan-vozglavil-chechnyu-vo-vremya-voyny-zapugal-zhiteley-i-dobilsya-absolyutnoy-vlasti