Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Ölüm siqnalı: insanlar diri-diri yanır, tunellərdə boğulub ölürdülər
Drezden faciəsi haqqında miflər və faktlar

1945-ci il fevralın 13-15-də Britaniya və ABŞ aviasiyası Drezdenə dağıdıcı bombardman zərbələri endirdi. Onların nəticələri bu gün də hiss olunur.

Tokio, Rotterdam, Liverpul, Helsinki, London, Hamburq... Döyüş əməliyyatlarının getdiyi zonalardan kənarda yerləşən mülki infrastruktur obyektləri daha əvvəl də məqsədli hava hücumlarına məruz qalırdı. Lakin məhz İkinci dünya müharibəsi dövründə şəhərlərin strateji bombardmanı görünməmiş miqyas aldı. Kütləvi hava zərbələri yalnız düşmənin hərbi sənayesini və şəhər daxilində yerləşən arsenal və anbarları məhv etmək məqsədi daşımırdı. Bombardmanlar həm də mülki əhalini mənəvi cəhətdən sarsıtmaq və onun müqavimət iradəsini qırmaq cəhdi idi. Müharibənin başa çatmasına üç ay qalmış növbə o vaxta qədər demək olar ki, hava hücumlarına məruz qalmamış Drezdenə çatdı.

Drezden: dörd hava hücumu və alov qasırğası

1945-ci il fevralın 13-də saat 21:45-də hava həyəcanı siqnalı Drezden sakinlərinə ölümcül təhlükənin yaxınlaşdığını xəbər verdi. Gecə hücumu Britaniyanın Kral Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilirdi. Bombardmançı təyyarələr əvvəlcədən nişanlanmış nöqtədən keçərək müəyyən marşrutlar üzrə şəhərin üzərinə yayılır və müəyyən intervallarla bombalarını atırdılar. Əvvəlcə damları dağıdan, binaların taxta konstruksiyalarını açığa çıxaran fuqas bombaları, sonra isə yandırıcı bombalar atılırdı. Ardınca yenidən fuqas bombaları gəlirdi. On beş dəqiqədən sonra hücum başa çatdı. Şəhər alov içində idi. Lakin bu, yalnız başlanğıc idi.

 Üç saat sonra Britaniya bombardmançıları yenidən peyda oldular. Drezdenin sıx yaşayış məhəllələri və məşhur barokko memarlığı ilə tanınan tarixi mərkəzini alov qasırğası bürüdü.

Alman hərb tarixçisi Rolf-Dieter Müller Kral Hərbi Hava Qüvvələrinin ikinci hücumunu “xüsusilə namərd” hesab edir. Onun sözlərinə görə, ikinci hücum başlayanda yanğınsöndürənlər və sakinlər artıq alovu söndürməyə çalışırdılar, lakin gözlənilmədən yeni hava zərbəsinə məruz qaldılar.

Partlayan bombalar, uçan binalar və temperaturu 1000 dərəcəyə çatan alov dənizi xilas olmaq şansı vermirdi. İnsanlar küçələrdə diri-diri yanır, zirzəmilərdə və bir binadan digərinə keçmək üçün nəzərdə tutulmuş yeraltı keçidlərdə boğularaq ölürdülər. Fevralın 13-dən 14-nə keçən gecə şəhərin demək olar ki, bütün binaları yanırdı. Xilas yolu kimi nəzərdə tutulmuş yeraltı dəhlizlər minlərlə insan üçün ölüm tələsinə çevrildi.

Fevralın 14 və 15-də Drezden artıq gündüz saatlarında ABŞ Hərbi Hava Qüvvələri tərəfindən bombardman edildi. Zərbələr əsasən sənaye və nəqliyyat obyektlərinə yönəldilsə də, bombalar şəhərin yaşayış məhəllələrinin dağıntılarına da düşürdü.

Ümumilikdə fevral ayında Drezdenə edilən dörd hücumda təxminən 1300 Britaniya və Amerika təyyarəsi iştirak etmiş, şəhərə 4000 ton bomba atılmışdı.

 Drezden polisinin bombardmandan qısa müddət sonra hazırladığı hesabata görə, 25 min nəfər həlak olmuş, 12 min bina yanaraq məhv edilmişdi. ABŞ Hərbi Hava Qüvvələrinin sənədlərində isə şəhər binalarının 80 faizinin müxtəlif dərəcələrdə dağıldığı, yaşayış binalarının isə 50 faizinin tamamilə məhv olduğu və ya bərpa edilməyəcək dərəcədə zədələndiyi göstərilir.

Simvolik Drezden

Dağıntıların miqyasına və qurbanların sayına görə Drezden İkinci dünya müharibəsində strateji bombardmanların hədəfinə çevrilmiş şəhərlər arasında birinci yerdə deyildi. Tokioda Amerika aviasiyasının bir günlük bombardmanı zamanı 100 min nəfər həlak olmuşdu. Köln müttəfiqlər tərəfindən 262 dəfə bombardman edilmişdi. Pforshaym isə cəmi 22 dəqiqə ərzində əhalisinin 1/5-ni və şəhər infrastrukturunun 98 faizini itirmişdi.

Buna baxmayaraq, kollektiv yaddaşda məhz Drezden Almaniya mülki əhalisinin müharibə dövründə çəkdiyi əzabların simvoluna çevrilib. Almanlar haqqında təkcə cinayətkarlar kimi deyil, həm də müharibənin qurbanları kimi danışıldıqda ən çox məhz Drezden nümunə göstərilir.

Drezdendəki Bundesver Hərb Tarixi Muzeyinin aparıcı elmi əməkdaşı Qorx Piken qeyd edir ki, bu gün Drezden bütün dünyada, Hiroşima kimi, müasir hava müharibəsinin dağıdıcı gücünün simvolu kimi qəbul olunur.

Qurbanların sayı ilə bağlı saxta məlumatlar

Nasist təbliğatı bu insan faciəsindən öz məqsədləri üçün istifadə etdi. Bombardmandan dərhal sonra Yozef Göbbelsin idarəsi ölənlərin sayına bir sıfır əlavə etdi. Beləliklə, yüz minlərlə insanın öldüyü barədə əfsanə yarandı. Bu mif sonradan həm sağçı, həm də solçu demoqoqlara Drezdeni Auşvits və Hiroşima ilə eyni sıraya qoymağa imkan verdi.

Bundan əlavə, nasist təbliğatında Drezden həm də “məsum mədəniyyət şəhəri” kimi təqdim edilirdi; guya Qərb müttəfiqləri artıq demək olar ki, qazanılmış müharibənin son mərhələsində bu şəhəri səbəbsiz yerə dağıdıblar. Göbbels şəxsən “ingilis-amerikan hava qanqsterləri” ifadəsini dövriyyəyə buraxdı.

Sonralar nasistlərin bu ritorikası, az qala, sözbəsöz kommunist təbliğatı tərəfindən də təkrarlanırdı. Məqsəd kütlələri “Qərb imperialistlərinə” qarşı səfərbər etmək idi. Britaniyalı Holokost inkarçısı Devid İrvinq isə Drezden bombardmanında həlak olanların sayını 135 min nəfər kimi göstərirdi. Digər qiymətləndirmələrdə bu rəqəm hətta 500 minə qədər yüksəlirdi.

Bu mif yaradıcılığına Drezden şəhərinin sifarişi ilə yaradılan 13 alman tarixçisindən ibarət komissiya 2010-cu ildə son qoydu. Komissiya qurbanların sayını müəyyənləşdirməyə imkan verən mövcud bütün sənədləri və faktları araşdırdı və hökm çıxardı: həlak olanların sayı maksimum 25 min nəfər olub. Bu, bombardmandan dərhal sonra tərtib edilmiş polis hesabatında göstərilən rəqəmlə eyni idi. Bu, əlbəttə, çox böyük rəqəmdir, amma yarım milyon deyil.

Drezdenin “günahsız mədəniyyət şəhəri” kimi təqdim edilməsi

Britaniyalı tarixçi Frederik Teylor “Spiegel Online”a müsahibəsində deyirdi: “Drezdenin dağıdılmasında epik bir faciə çaları var. Bu, heyrətamiz dərəcədə gözəl şəhər idi, barokko humanizminin və Almaniyada mövcud olan ən yaxşı şeylərin simvolu sayılırdı. Lakin onda nasist dövrünün Almaniyasının ən pis xüsusiyyətlər də vardı. Bu mənada Drezden XX əsr müharibəsinin dəhşətlərini göstərən tam tipik bir faciədir”.

Əslində, Üçüncü Reyx dövrünün Drezdenindən “məsum şəhər” kimi danışmaq çətindir. Şəhər təkcə nasist partiyasının əsas dayaqlarından biri hesab olunmurdu, həm də Almaniyanın ən mühüm nəqliyyat qovşaqlarından biri idi. Əsgərləri və hərbi texnikanı daşıyan eşelonlar məhz buradan keçirdi.

Drezden həmçinin aparıcı hərbi-sənaye mərkəzlərindən biri və böyük qarnizon şəhəri idi. Alman tarixçisi Morits Hoffmann xatırladır: “Drezden mühüm inzibati strukturlara malik əhəmiyyətli hərbi məntəqə idi. Şəhərdə 12 min hərbçi yerləşdirilmişdi”.

Britaniya hərbi komandanlığının məhv edilməli alman şəhərləri siyahısında Drezden 140 şəhər arasında 22-ci yeri tuturdu. İngilislər şəhəri daha əvvəl bombardman etməmişdilər, çünki o, digər Şərqi Almaniya şəhərləri kimi təyyarələr üçün nisbətən əlçatmaz idi.

Nasist rəhbərliyi müharibənin əvvəlindən Drezdenin potensial hədəf olduğunu və onun həssaslığını başa düşürdü. Buna baxmayaraq, tarixçi Qorx Piken qeyd edir ki, şəhərin bir çox sakini müharibənin hər yeni günü ilə döyüşlərə deyil, sülhə daha yaxınlaşdıqlarını düşünürdü. Əslində isə vəziyyət tam əksinə idi.

“Alman Stalinqradı” təhlükəsi vardımı?

1945-ci ilin əvvəlində, müharibənin nəticəsi artıq demək olar ki, müəyyənləşdiyi vaxtda Drezdenin bombardman edilməsinin strateji zərurətindən danışmaq olarmı?

Morits Hoffmannın fikrincə, bu gün tarixçilərin əksəriyyəti hesab edir ki, Hitler Almaniyası müharibəni Drezdendən üç il əvvəl, Moskva yaxınlığında hücumunun dayandırıldığı zaman faktiki olaraq uduzmuşdu. Lakin 1945-ci ilin əvvəlində müttəfiqlər nasistlərin hələ hansı yeni “möcüzə silah” ortaya çıxara biləcəyini bilmirdilər.

Hoffmann qeyd edir ki, “vundervaffe” barədə şayiələr almanların döyüş ruhunu qorumaq üçün vacib olsa da, Hitler Almaniyasının rəqibləri də bu xəbərlərə qulaq verirdilər. Bundan əlavə, tarixçi xatırladır, Drezden bombardmanından cəmi dörd həftə əvvəl vermaxt Ardenlərdə heç kəsin gözləmədiyi əks-hücuma başlamışdı.

1945-ci ilin əvvəlində vermaxt müəyyən nəfəs dərmək imkanı qazanmış və Şərq cəbhəsinə əlavə qüvvələr göndərə biləcək vəziyyətdə idi. Bu isə müharibəni aylarla uzada bilərdi. Müttəfiqlərə isə “alman Stalinqradı” lazım deyildi.

Bu səbəbdən Drezdenin bombardman olunması qərarı həm də qırmızı orduya kömək etmək məqsədi daşıyırdı. Uinston Çörçill və İosif Stalin Almaniya şəhərlərinin bombardmanı barədə əvvəllər də məlumat mübadiləsi aparırdılar. Yalta konfransında Drezden britaniyalılar tərəfindən gələcək hava hücumunun mümkün hədəflərindən biri kimi göstərilmişdi.

Alman hərb tarixçisi Rolf-Diter Müllerin fikrincə, bu qərar hərbi baxımdan əsaslandırılmış sayılırdı. Bombardman nəticəsində mühüm nəqliyyat və inzibati mərkəz iflic edildi. Bundan başqa, ingilislərin “moral bombing” adlandırdığı mənəvi ruhu sarsıtma strategiyası da öz nəticəsini verdi. Müllerin sözlərinə görə, Drezdendən sonra Almaniya şəhərləri, Berlin istisna olmaqla, irəliləyən müttəfiq qoşunlarına ciddi müqavimət göstərə bilmədilər.

Faciəli, lakin istisna olmayan tale

Drezden İkinci dünya müharibəsi zamanı dağıdıcı bombardmana məruz qalan nə ilk şəhər idi, nə də sonuncu. Drezden bombardmanı faciə idi, lakin müstəsna hadisə deyildi.

 “Əlbəttə, müttəfiq aviasiyası orada qəhrəmanlıq göstərməyib. Lakin nə qədər dəhşətli səslənsə də, bu, adi hərbi əməliyyat idi — əlbəttə, belə qorxunc müharibə barədə danışarkən “adi” sözünü işlətmək mümkündürsə”, — Morits Hoffmann belə yekunlaşdırır. Bu mövqeyi bu gün bir çox tarixçi bölüşür.

Drezden bombardmanını hərbi cinayət hesab etmək olarmı? Drezdendəki Bundesver Hərb Tarixi Muzeyinin kuratoru Yens Vener dpa agentliyinə müsahibəsində deyib: “Drezdenə bütün müharibənin kontekstində baxmaq lazımdır. Drezden hərbi cinayət idisə, onda İkinci dünya müharibəsində həm almanların, həm də müttəfiqlərin həyata keçirdiyi bir çox digər hava bombardmanları da hərbi cinayət sayılmalıdır”.

Drezdenin unikallığı ondadır ki, onun sakinləri həqiqətən də mədəniyyətin onları xilas edəcəyinə inanırdılar. Daha sonra isə nasistlərdən və kommunistlərdən tutmuş müasir sağ və sol radikallara qədər müxtəlif qüvvələr Drezden faciəsindən öz məqsədləri üçün istifadə etdilər.

“Drezden bombardmanlarına münasibət Almaniyanın öz keçmişi ilə hesablaşma prosesinin bu günə qədər də mürəkkəb qaldığını xüsusilə aydın göstərən nümunələrdən biridir”, — bu sözləri Zigen universitetinin sosioloqu Yohannes Kiss “Focus” jurnalında yazır.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada