Rusiya və Ukrayna müharibədən necə çıxacaq
18 Avqust 2026
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda sürətli qələbə gözləsə də arzusu çin olmadı. Ukrayna artıq beşinci ildir gedən müharibədə duruş gətirib, münaqişəni yüksək texnologiyalı tükəndirmə müharibəsinə çevirib.
Ukrayna innovasiyaları o qədər sürətlə tətbiq etməyə başlayıb ki, bu proses ABŞ və digər NATO ölkələrindən daha sürətlə gedir. Bunu AzadlıqRadiosuna Prezidentlik və Konqres Araşdırmaları Mərkəzinin milli təhlükəsizlik və kəşfiyyat üzrə baş vitse-prezidenti Coşua Huminski deyir.
Amma ekspertlərə görə, Moskvanın sursat, raket və hərbi qüvvə baxımından Şimali Koreyadan getdikcə daha çox asılı olması Rusiyanın çökməsinin əlaməti deyil. Onun ordusunun müharibədən əvvəlkindən daha güclü çıxacağını da gözləməyə dəyməz.
Durum daha mürəkkəbdir.
Ukrayna Rusiyanın adi silahlı qüvvələrinə ciddi zərər vurub. Di gəl, Moskva döyüş meydanındakı vəziyyətə uyğunlaşır, silah istehsalını artırır, müharibədən dərs çıxarır.
Huminski deyir, Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl və ciddi şəkildə zəiflədilir, ancaq Rusiyanın hərbi gücünü yalnız bu prizmadan qiymətləndirmək “səhv” olardı. Belə ki, Şimal və Sakit okean donanmaları mühüm imkanlarını qoruyub saxlayır, müharibə onun strateji nüvə qüvvələrinə, demək olar, təsir göstərməyib, üstəlik, Moskvanın güclü kiber və kosmik imkanları var.
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, indi sual artıq Rusiyanın dünyanın ikinci ən güclü ordusu kimi qalıb-qalmaması deyil. Əsas məsələ budur ki, Ukrayna Rusiyanın gücünün sərhədləri barədə nələri üzə çıxardı.
Texnoloji bəhsəbəs
Ukrayna texnoloji sahədə əhəmiyyətli üstünlük qazanıb və canlı qüvvə çatışmazlığını qismən kompensasiya etmək üçün dronlardan getdikcə daha çox istifadə edir. Bunu AzadlıqRadiosuna Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya üzrə baş elmi əməkdaşı Mariya Sneqovaya deyib.
Lakin bu üstünlüyün daimi olacağına zəmanət yoxdur. Müharibədə tərəflər arasında texnoloji üstünlük bir neçə dəfə dəyişib. Sneqovayanın sözlərinə görə, hazırda Ukrayna mühüm dron texnologiyalarında öndədir, amma Rusiya dəfələrlə ona çatıb, uğurlu texnologiyaları mənimsəyib, onlara qarşı əks-tədbirlər hazırlayıb.
Bu proses getdikcə sürətlənir: əvvəllər daha uzun çəkən dəyişikliklər indi bir neçə aya baş verir. Buna görə də nə Huminski, nə də Sneqovaya bu müharibəni sadə bir hekayə sayır, Ukraynanın texnoloji uğurla köhnəlmiş Rusiya ordusuna üstün gəldiyini düşünür.
Mənzərə daha dinamikdir: Ukrayna texnoloji üstünlüklə Rusiyanın zəifliklərini üzə çıxarıb. Rusiya isə böyük itkilərə baxmayaraq, döyüş meydanından dərslər çıxarır.
Şimali Koreya boşluqları doldurur
Şimali Koreya Rusiyaya sursat və raketlər, hərbçilər göndərir. Sneqovaya deyir, Rusiyanın xarici yardımdan asılılığına onun daxili silah istehsalını artırması ilə yanaşı baxılmalıdır. Yəni, Rusiya əslində çox şey istehsal edə bilib, ancaq yenə də cəbhənin ehtiyacları tam ödənməyib. Bu zaman dada Şimali Koreya çatıb.
Ekspertlər bir məqama da diqqət çəkirlər ki, ucuz dronlar daha bahalı avadanlığa təhdid yaratsa da, Ukraynanın canlı qüvvə çatışmazlığı ciddi problemdir. Sneqovayanın fikrincə, müdafiə xarakterli “ölüm zonası” cəbhə xəttini saxlamağa kömək edə bilər, lakin müharibədə qələbə qazandırmayıb.
Rusiya böyük itkilər verməyinə baxmayaraq, bəzi üstünlüklərini saxlayır. Buraya kütləvi dron hücumları daxildir.
“Qərb ölkələri yalnız Ukraynanın nə etdiyinə deyil, Rusiyanın nə etdiyinə, hansı dərsləri çıxardığına və necə uyğunlaşdığına da diqqət yetirməlidirlər. Bunu etməsək və Rusiyaya yalnız adi silahlı qüvvələri zəifləmiş bir ölkə kimi baxsaq, bunun gələcəkdə bizim üçün ağır nəticələri ola bilər”, – Huminski bildirib.
Qərbin Ukraynaya dəstəyinin davamlılığı sonucda ən mühüm amillərdən birinə çevrilə bilər. Sneqovaya deyir, Ukrayna dəfələrlə gücündən daha yüksək nəticə göstərib. Mübarizənin davamı xaricdən maliyyə, texnologiya, kəşfiyyat və hərbi dəstəkdən asılıdır.
Huminskinin qənaətinə görə, Rusiya və Ukrayna bu müharibədən döyüşdə ən çox sınanmış və ən böyük döyüş təcrübəsi qazanmış iki ordu kimi çıxacaq.