Ermənistan parlamenti TRIPP şirkətinin yaradılması üçün qanunvericiliyi dəyişir
12 Noyabr 2026
Ermənistan parlamenti TRIPP şirkətinin təsis edilməsi məqsədilə "Səhmdar cəmiyyətlər haqqında" qanuna dəyişikliklər edilməsini nəzərdə tutan layihəni birinci oxunuşda qəbul edib.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Məlumata görə, Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Dadunts Milli Assambleyanın növbədənkənar iclasında layihəni təqdim edərkən bildirib:
"Ermənistanın hüquq sistemində beynəlxalq müqavilələr əsasında yaradılan şirkətlər üçün xüsusi hüquqi tənzimləmələrə imkan verən yeni institutun tətbiqini təklif edirik Söhbət mövcud qanunvericilikdəki ayrı-ayrı istisnalardan deyil, daha çox bu cür şirkətlərin fəaliyyəti üçün çevik və proqnozlaşdırıla bilən hüquqi bazanın yaradılmasından gedir".
O vurğulayıb ki, beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat, enerji və infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə, digər dövlətlərin də iştirakı ilə müstəqil şirkətlərin yaradılması mümkündür.
Nazir müavininin sözlərinə görə, səhmdar cəmiyyətləri ilə bağlı hazırkı qanunvericilik belə manevrlər üçün imkan yaratmır.
"Beynəlxalq müqavilə korporativ idarəetmə məsələlərini təfərrüatı ilə tənzimləməməlidir və bunu edə bilməz. Nəticə etibarilə, razılaşdırılmış idarəetmə modeli ilə ümumi daxili qanunlar arasında ziddiyyətlər yarana bilər", - deyə o əlavə edib.
Rəsmi nümayəndə qeyd edib ki, bu cür instituta ehtiyac məhz TRIPP layihəsinin icrası ilə əlaqədar yaranıb. Xüsusi tənzimləmələr yalnız Ermənistanın dövlət payının 25 faiz və ya daha çox olduğu şirkətlərə şamil ediləcək. Sənədin lehinə hakim partiyadan olan 64 deputat səs verib. Müxalifət isə müzakirələrə qatılmayıb.
Xatırladaq ki, noyabrın 10-da Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Milli Assambleya tərəfindən təsdiqlənmiş TRIPP layihəsi üzrə Ermənistan və ABŞ arasında çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.