Rusiyanın Ermənistanda hərbi güc nümayişi
Kopırkin yenə Mi-24 heyətinə qoyulan abidəni ziyarət etdi və mesajlar verdi...
12 Noyabr 2026
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin başda olmaqla, ölkənin hərbi-diplomatik korpusunun və güc strukturlarının rəsmiləri Ararat vilayətinin Yerasx (Arazdəyən) kəndində yerləşən abidəni ziyarət ediblər. Maraqlıdır ki, bu tədbir, bir qayda olaraq, hər il məhz 2020-ci ilin noyabrında – üçtərəfli bəyanatın imzalandığı günə təsadüf edən ənənəvi anım aksiyası kimi baş tutur.
Noyabrın 9-da baş tutan anım tədbirində Rusiyanın Ermənistandakı səfiri S.Kopırkinlə yanaşı, 102-ci Rusiya hərbi bazası komandanlığının müavini Y.Poşenko, "Erebuni" aviabazasının komandiri A.Petrov, Rusiyanın Ermənistandakı Sərhəd İdarəsinin rəisi V.Merkuryev, hərbi attaşelər A.Qoryaynov və R.Polyanovski, "Rossotrudniçestvo”nun rəhbəri V.Fefilov, İrəvandakı "Moskva Evi"nin direktoru A.Melikyan, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Mi-24 vertolyotunun heyət üzvlərinin xatirəsinə ucaldılmış memorial kompleksin 2021-ci ildə açılmasından bəri səfir S.Kopırkin və hərbi rəsmilər hər il məhz noyabrın 9-da bu abidəni ziyarət etməyi adət halına gətiriblər. Bu illik ənənə çərçivəsində səfir S.Kopırkin çıxış edərək 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı xatırladıb:
"Məhz bu gün, 9 noyabr 2020-ci ildə liderlər tərəfindən üçtərəfli Bəyanat imzalandı. Rusiya və şəxsən Prezident V.Putin qanlı müharibəni dayandıran razılaşmaların əldə olunması üçün böyük səylər göstərdilər. Onların həyata keçirilməsi həm də rusiyalı sülhməramlıların həyatı bahasına ödəndi".
Səfirliyin hər il xatırlatdığı həmin gün - 2020-ci il noyabrın 9-da axşam saatlarında Naxçıvan Muxtar Respublikası sərhədi yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus Mi-24 hücum vertolyotunun vurulması gərgin və müzakirə olunan insidentlərdən biri olub.
İddia olunur ki, vertolyot Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının avtomobil kolonunu müşayiət edən zaman vurulub. Döyüş əməliyyatlarının pik həddə çatdığı, tərəflərin hava hücumundan müdafiə (HHM) sistemlərinin tam döyüş hazırlığında olduğu bir vaxtda uçuşun həyata keçirilməsi və Rusiya aviasiyasının həmin istiqamətdə əvvəllər görünməməsi faciəyə səbəb olmuşdu. Hücum nəticəsində ekipajın iki üzvü həlak olub, bir nəfər isə xəsarətlərlə xilas edilib.
Hadisə baş verən kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq Mi-24 vertolyotunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən təsadüfən vurulduğunu etiraf etdi. Rəsmi Bakı baş vermiş faciəyə görə dərindən təəssüf hiss keçirdiyini bildirdi, həlak olanların ailələrinə başsağlığı verdi və kompensasiya ödəməyə hazır olduğunu açıqladı.
Azərbaycan tərəfinin məsuliyyəti dərhal üzə götürməsi və şəffaf mövqe sərgiləməsi sayəsində tərəflər arasında yaranmış gərginlik tez bir zamanda diplomatik müstəvidə tənzimləndi.
Şübhəsiz, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin başçılığı ilə hər il noyabrın 9-da təşkil edilən sözügedən anım tədbirləri sadəcə hərbi qurbanların xatirəsinə ehtiram borcu deyil, həm də tərəflərə siyasi mesajdır.
Moskva bu addımla hələ də regionda əsas vasitəçi və təhlükəsizlik qarantı rolunu oynadığını nümayiş etdirməyə çalışır. Üçtərəfli bəyanatın ildönümündə həlak olan rusiyalı hərbçilərin xatirəsinin qabardılması Rusiya ictimaiyyətinə və Cənubi Qafqazdakı oyunçulara "Rusiyanın bölgədəki hərbi mövcudluğunun qiyməti qana başa gəlib" mesajını ötürür.
Rusiya hərbi bazasının, sərhədçilərin və səfirliyin bütün rəhbər heyətinin bir araya gələrək bu tədbiri keçirməsi daxili auditoriyaya da hesablanıb. Ermənistanda Rusiyanın təsir imkanlarının zəiflədiyi iddialarının səsləndiyi bir dövrdə Moskva 102-ci hərbi baza və digər strukturlar vasitəsilə bölgədə hələ də möhkəm dayandığını göstərir.
Ziyarət həm də rəsmi İrəvana Rusiya-Ermənistan hərbi-siyasi əlaqələrinin "tarixi qan yaddaşı" üzərində qurulduğunu xatırladan siyasi jestdir.
Digər tərəfdən, bu tədbirin məhz Naxçıvanla sərhəddə yerləşən abidədə keçirilməsi müəyyən həssaslıqlar yaradır. 2020-ci ildə baş vermiş Mi-24 vertolyotunun vurulması insidenti hərbi-diplomatik yolla tənzimlənsə də, Rusiya tərəfi bu faciəni hər il xatırlatmaqla öz hərbi qurbanlarını yaddan çıxarmadığını nümayiş etdirir. Lakin bu ziyarətlər açıq şəkildə Bakıya qarşı təxribat kimi deyil, daha çox Moskvanın öz hərbi personalına verdiyi daxili dəyər və geosiyasi mövcudluq nümayişi kimi qiymətləndirilir.
Nəticə etibarilə, bu səfər sadəcə anım mərasimi çərçivəsindən çıxaraq, Rusiyanın Cənubi Qafqazda hələ də "mən buradayam" demək üsullarından biri kimi oxunur.
Turqut