Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Günümüzün AYNA-sı: İnsanlar niyə əziyyət çəkməlidir?
Qərar qəbul edib bir tərəfi sevindirib, digər tərəfi məyus ediblər...

Qalmaqallı qərarları ilə gündəmdən düşməyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) növbəti qərarı da insanların narazılığına səbəb olub. Söhbət 585 nömrəli avtobus marşrutunun ləğv edilərək, 123 nömrəli avtobus marşrutu ilə əvəzlənməsindən gedir. Belə ki, 585 nömrəli avtobus Sumqayıt şəhərindən Binəqədi qəsəbəsinin mərkəzinə kimi gedirdi. 123 nömrəli avtobus isə Binəqədi qəsəbə mərkəzinə daxil olmadan, birbaşa  “Azadlıq prospekti” metrostansiyasına gedir. Bu da ona gətirib çıxarıb ki, Binəqədi qəsəbə mərkəzinin sakinləri, eləcə də orada yerləşən 182 nömrəli tam orta məktəbin şagirdləri saatlarla yolda qalır, 2-3 avtobus dəyişməli olur, ya da mənzil başına taksi ilə getməli olurlar. Bir sözlə, AYNA da bu qərarı verənə, Binəqədi qəsəbə mərkəzinin sakinlərini ümumiyyətlə düşünməyib. 

Pressklub.az-ın əməkdaşı ilə söhbət edən Mehdiabad sakini Şəhla Məmmədova deyib ki, 585 nömrəli avtobus ləğv ediləndən bəri günə ikiqat, hətta üçqat yol xərci çıxır. Üstəlik əlavə vaxt itkisi yaşayır: “İki övladım var. İkisi də 182 nömrəli məktəbdə təhsil alır. Əvvəl evimizin önündən 585 nömrəli avtobus keçirdi, düz məktəbin önünə gedirdi. Rahat olduğu üçün uşaqlar özləri gedirdi məktəbə. İndi isə 585-i ləğv edib, 123-ü yaradıblar. O da evimin önünə gəlir, amma məktəbə getmir. Yol uzandığı üçün uşaqları özüm məktəbə aparmalı oluram. Üstəlik iki avtobus dəyişməli oluruq. Məktəbdən qayıdanda da həmin problemlə üzləşirik. 123-ə minib, Gənclər şəhərciyində düşüb, orada da dəqiqələrlə 165-in gəlməsini gözləyib, sonra onunla məktəbə gedirik. Baxın, beləcə, günümüz yollarda keçir. Cibimizdəki pul da ancaq yolpuluna gedir. Günə 6 manat yolpulu çıxır. 7 dərsdən çıxıb saatlarla yollarda qalırlar. Bu da bəs deyilmiş kimi 2-3 avtobus dəyişirlər. Yazıq deyil bu körpələr? Böyüklü-kiçikli hamımızı salıblar bəlaya. Məktəb 1 həftədir açılıb, bu qədər yorulmuşuq. 9 ay necə dözəcəyik? Bir köhnə avtobusumuz var idi, onu da aldılar əlimizdən. Qərarı verəndə ancaq Bakı-Sumqayıt sakinlərini düşünüblər. Bəs biz neyləyək?”

Şəhla xanım deyib ki, bütün sakinlər də bu qərardan narazıdır. Onlar ya 585 nömrəli avtobusun bərpa edilməsini, ya da 123 nömrəli avtobusun marşrut xəttinə Binəqədi qəsəbə mərkəzinin də əlavə olunmasını istəyirlər. 

Yaranan problemlə bağlı AYNA-ya müraciət etsək də, onun həll edilib-edilməyəcəyinə dair qaneedici cavab ala bilmədik. Əvəzində isə AYNA-nın mətbuat katibi Tural Orucov Pressklub.az-a açıqlamasında 585 nömrəli avtobusun 123 nömrəli avtobusla dəyişdirilməsinin səbəbini izah edib. 

T. Orucovun sözlərinə görə, Sumqayıtdan Bakı şəhərinin “Azadlıq prospekti” metro stansiyası istiqamətində böyük sərnişin tələbatını nəzərə alaraq AYNA-nın mütəxəssisləri tərəfindən müvafiq təhlillər aparılıb. Təhlillərin nəticəsində Sumqayıt şəhərindən “Azadlıq prospekti” metro stansiyası istiqamətində ictimai nəqliyyatla birbaşa gedişlərində çətinlik yarandığı müəyyən edilib: “Vətəndaşların əksəriyyətinin 585 nömrəli marşrutdan istifadə edərək Novxanı kəndinə və ya Novxanı-Binəqədi yoluna, oradan isə 123 nömrəli marşrutla “Azadlıq prospekti” metro stansiyasına getmələri müşahidə edilirdi. Bu da əlavə vaxt itkisinə və iki dəfə ödənişlərlə nəticələnirdi”. 

Qurumun rəsmisi qeyd edib ki, 585 və 123 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin 14.7 km məsafədə təkrarlanmasını, eyni zamanda Sumqayıtdan Bakı şəhərinin “Azadlıq prospekti” metro stansiyasına çoxsaylı vətəndaşların ictimai nəqliyyatla rahat, sürətli və birbaşa gedişlərinin təmin edilməsi üçün 585 və 123 nömrəli (Novxanı kəndi – “Azadlıq prospekti” m/st) marşrutların hərəkət sxemləri optimallaşdırılaraq 123 nömrə adı altında fəaliyyəti məqsədəuyğun hesab edilib. 

AYNA-nın sözçüsü bildirib ki, aparılan təhlillərə görə, avtobusların Novxanı yolundan Binəqədi qəsəbə mərkəzi istiqamətində hərəkəti zamanı qəsəbə mərkəzində xüsusilə günün pik saatlarında yaranan nəqliyyat sıxlığı nəticəsində səfər müddəti artıb. Marşrutun səfər müddətində əlavə vaxt itkisinin aradan qaldırılması və sərnişinlərin Sumqayıt şəhərinə, Novxanı kəndinə və Corat qəsəbəsinə ictimai nəqliyyatla rahat və sürətli daşınmasının təmin edilməsi üçün 123 nömrəli müntəzəm marşrutun hərəkət sxemi Binəqədi qəsəbə mərkəzinə daxil olmadan təşkil edilib.

AYNA rəsmisinin sözlərindən belə çıxır ki, qurum bu addımı vətəndaşların rahatlığını və sürətli səfərini təmin etmək üçün atıb. Amma nədənsə, bir tərəfi sevindirib, digər tərəfi məyus ediblər. Həll isə çox sadədir: ya 585 nömrəli avtobus bərpa edilməlidir, ya da 123 nömrəli avtobusun marşrut xəttinə Binəqədi qəsəbə mərkəzi də əlavə olunmalıdır.

Axı insanlar niyə əziyyət çəkməlidir?

Günay Elşən