
Yeni pandemiya gələcək?
ÜST bildirib ki, dünyanın hazır olmadığı yeni pandemiya yarana bilər...
05 Mart 2024
Dünyada əhalinin sayı artdıqca, xəstəliklər də eyni sürtələ artır. Hər dəfə “bundan da nəsə pis ola bilər ki” sualını verəndən sonra, daha pis, daha ağır xəstəlik gəlir.
Elə indinin özündə də insanlar arasında adı və mənşəyi bilinməyən virus tüğyan edir. El arasında da onu “gəzəyən virus” adlandırırlar. Hər evin qapısını döyən “gəzəyən” virus insafsızcasına kiçikdən böyüyə hər kəsə baş çəkir.
Bu arada, bəşəriyyət koronavirus pandemiyasından tam qurtulmamış, yeni xəstəlik “müjdəsi” alıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlıq edib və bildirib ki, dünya növbəti “X” xəstəliyinə və pandemiyaya hazır deyil: “Növbəti pandemiya olsa, COVID-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcəyik”.
Suallar çoxdur! Bu pandemiyaların kökündə nə dayanır? Niyə ard-arda yeni xəstəliklər yaranır? Onlardan qorunmaq üçün insanlar hansı ehtiyat tədbirlər görməlidir? Azərbaycanda epidemik viruslar əleyhinə lazımi tədbirlər görülürmü?
Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri, infeksionist Ləman Qalimova old.pressklub.az-ın suallarını cavablayaraq deyib ki, pandemiyaların çoxalmasının səbəbi insanlar arasında vaksinasiyaya qarşı əks fikrin olmasıdır.
“X” xəstəliyi artıq müəyyən edilmiş xəstəlik deyil, hər hansı mümkün xəstəlik deməkdir. İnsanlarda vaksinə qarşı elə qorxu yaranıb ki, normal milli təqvimdə olan vaksinləri belə uşaqlarına vurdurmaqdan imtina edirlər. Vaksinin əks təsirlərinin olduğunu düşünənlər də bu qorxunu ətrafındakı insanlara yayır. Nəticədə, toplum içərisində vaksinasiya olunanların sayı azalır. Və pandemiyalar artmağa başlayır”.
İnfeksionist deyir ki, fərdi qoruyucu vasitələrdən istifadə etmədikdə, əl gigiyenasına riayət etmədikdə, sosial məsafəni qorumadıqda, eləcə də insanların kütləvi toplaşdıqları yerlərdə olduqda, epidemik viruslar daha çox yayılır. Ona görə də, indi xəstəliklərin də sayı artır. Bu halların qarşısını almaq üçün gigiyenik qaydalara riayət etmək lazımdır. Xəstə olanlar ev şəraitində müalicə olunmalıdır.
Müsahibimizin sözlərinə görə, ölkədə epidemik vəziyyətə hər zaman nəzarət olunur. Həmçinin infeksion xəstəliklərin statistikasına baxılır. Pandemiyalara qarşı zəruri olan bütün tədbirlər görülür.
Qalimova peyvəndlərin əks təsirləri haqqında da danışıb. O, deyir ki, bütün dərmanların, o cümlədən adi baş ağrısı zamanı qəbul etdiyimiz dərmanların belə, əks təsiri olur. Eyni şəkildə vaksinlərin də əks təsiri ola bilər: “Bəzi insanlara həqiqətən əks təsir göstərən canlı vaksinlər ola bilir. Bu zaman vaksinasiya etmirik. Amma pasientin vəziyyəti yaxşıdırsa, vaksinlə bağlı sağlıq problemi yoxdursa, o zaman vaksin edilməlidir. Onsuz da vaksin edən şəxslər öz sahəsinin mütəxəssisləri olur. Bədənin vaksin edilən yerində kiçik şişkinlik, qızartı, hərarət ola bilər. Bu isə təhlükəli və qorxulu durum deyil. Vaksindən qorxmaq lazım deyil. O, öldürmür, əksinə, həyatı xilas edir”.
Müsahibimiz də geniş yayılmış fikri təsdiq edir: epidemik xəstəliklərdən qorunmaq və yaranmasının qarşısını almaq üçün gigiyenik tədbirlərə əməl etməli və vaksinasiya olunmalıyıq. Həkim tövsiyəsinə əməl etməmək isə həm özümüzün, həm də ətrafımızdakı insanların sağlamlığını təhlükəyə atır. Düzdür, heç kim sona qədər xəstəlikdən sığortalanmayıb. Amma biz xəstəliyin daha yüngül keçməsinə və digər insanlara yayılmamasına kömək edə bilərik.
Sağlamlığımız öz əlimizdədir. Yetər ki, bir az diqqətli və məsuliyyətli olaq.
Çalışın, sağlam olun.
Günay Elşən