Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur azərbaycanlı reper "narkotiklə" saxlanıldı - Anası "şərləyiblər" deyir

Qazaxıstanda saxlanılan reper Navainin anası Aynur Bəkirova oğlunun tezliklə azadlığa buraxıla biləcəyini bildirib.

super.ru xəbər verir ki, Bəkirovanın sözlərinə görə, musiqiçinin nümayəndələri ona vəziyyətin həll olunduğunu və ciddi narahatlıq üçün əsas olmadığını deyiblər.

O, oğlunun saxlanılması xəbərinin özü üçün gözlənilməz olduğunu bildirib. Qadın hadisədən əvvəl narahatlıq hiss etdiyini, lakin baş verənləri oğlundan deyil, başqa mənbədən öyrəndiyini söyləyib.

Bəkirova oğlunun qadağan olunmuş maddələri bilərəkdən daşıya biləcəyi ehtimalını qəti şəkildə rədd edib.

"Oğlumu şərləyiblər, onun ümumiyyətlə belə işlərlə əlaqəsi yoxdur. Bu, necə ola bilər? Onun tezliklə konserti var. Bu, mümkün deyil, mən dəqiq deyirəm, belə ola bilməz. Hələ fikirləşirdim ki, niyə konserti dayandırıblar", - deyə o bildirib.

Qadın daha sonra əlavə edib ki, Navainin mühafizəçiləri məsələnin, demək olar, həll olunduğunu, musiqiçinin yalnız cərimə ödəməli olduğunu bildiriblər.

20:44

Qazaxıstanda saxlanılan məşhur azərbaycanlı reper Navai (Nəvai Bəkirov) dindirilmə zamanı narkotik vasitələri Qırğızıstanın paytaxtı Bişkek şəhərində əldə etdiyini etiraf edib.

Bu barədə "Baza" "Telegram" kanalı Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Musiqiçinin saxlanıldığı "Qorday" sərhəd-keçid məntəqəsindən verilən məlumata görə, reperin menecerinin əl çantasında təxminən 10 qram qadağan olunmuş maddə tapılıb. Yaxın vaxtlarda məhkəmə sənətçi barəsində qətimkan tədbirini müəyyən edəcək.

Qeyd edək ki, Qazaxıstanda narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə reperi 5 ilədək həbs cəzası gözləyə bilər.

19:40

Rusiyada və postsovet məkanında məşhur olan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Qazaxıstanda saxlanılıb. O, narkotik maddələrin qaçaqmalçılığında şübhəli bilinir.

Bu barədə "Tengri Life" nəşri xəbər verir.

Polisin verdiyi məlumata görə, ifaçı oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Qorday" sərhəd keçid məntəqəsində saxlanılıb. Əməliyyat polislər və sərhədçilər tərəfindən birgə həyata keçirilib. İfaçının olduğu avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsindən narkotik vasitə aşkar edilərək götürülüb.

"Narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə cinayət işi qaldırılıb. Şübhəli şəxs müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib", - deyə polis idarəsindən bildirilib.

Oktyabrın 14-də müğənninin Astanada konserti keçirilməli idi. Lakin tədbir ləğv edilib. Təşkilatçılar bunu rəsmi olaraq texniki səbəblərlə izah ediblər.