"Şimal axını"nın partladılması ilə bağlı məhkəmə başlayıb
15 Oktyabr 2026
2022-ci ilin sentyabrında "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin partladılması ilə bağlı Hamburqda məhkəmə prosesi başlayıb.
Məhkəmə qarşısına rəsmi sənədlərdə Sergiy K. kimi göstərilən Ukrayna vətəndaşı çıxarılıb. Almaniyada fərdi məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq onun soyadı açıqlanmır.
Ukrayna mediası daxil olmaqla, çoxsaylı KİV-in məlumatına görə, təqsirləndirilən şəxs keçmiş hərbçi Sergiy Kuznetsovdur.
İfadə verməkdən imtina edəcək
İstintaq onu diversiya qrupunun rəhbəri hesab edir. Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən yarım il sonra Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan qaz kəmərlərini məhz həmin qrupun partlatdığı bildirilir.
Məhkəmə binasının qarşısında ukraynalının azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilib.
DW vəkil Yes Mayer-Lokampa istinadən xəbər verir ki, təqsirləndirilən şəxs işin mahiyyəti üzrə ifadə verməkdən imtina edəcək. Vəkilin sözlərinə görə, buna səbəb Kuznetsovun keçmiş komandiri, diversiyanın təşkilatçısı sayılan ukraynalı hərbçi Roman Çervinskinin Almaniya hakimiyyətinə etdiyi müraciətdir. Çervinski qeyd edir ki, Kuznetsovun hətta məhkəmədə belə hərbi xidmət dövründə gördüyü işlər barədə danışmaq hüququ yoxdur. Əgər o, bu öhdəliyi pozarsa, Ukraynada həbs cəzası ilə üzləşə bilər.
İttihamlar
Kuznetsov 2025-ci ildə İtaliyada istirahətdə olarkən saxlanılıb və Almaniyaya ekstradisiya edilib. Ona qarşı mülki enerji infrastrukturu obyektlərinə hücumda iştirak, partlayış törətmə və qurğuları dağıtma ittihamları irəli sürülüb.
İstintaq materiallarına əsasən, 2022-ci il sentyabrın 26-da məhz Kuznetsovun rəhbərlik etdiyi diversiya qrupu "Şimal axını" qaz kəmərlərinin dörd xəttindən üçünü partladıb.
Kuznetsov təqsirsiz olduğunu bəyan edib.
Bu il Xorvatiyada qrupun daha bir ehtimal olunan üzvü Volodimir Juravlyov həbs edilib. O, bundan əvvəl Polşada saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Polşa məhkəməsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə müqavimət kontekstində yanaşaraq, qaz kəmərlərinin partladılmasına faktiki olaraq bəraət qazandırıb.
Almaniyada "Şimal axını" qaz kəmərlərinin partladılmasının arxasında Ukraynanın dayandığını hesab edirlər. Bununla belə, Ukrayna hakimiyyətinin nümayəndələrinə qarşı rəsmi ittiham irəli sürülməyib. Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin diversiyada iştirakını qətiyyətlə təkzib edib.
"Şimal axını" qaz kəmərinin səhmlərinin nəzarət paketi Rusiyanın "Qazprom" şirkətinə məxsusdur. Layihə Avropanın iri enerji şirkətləri ilə birgə maliyyələşdirilib. Kəmər Rusiya qazını Moskva ilə münasibətləri gərgin olan Ukrayna və Polşa kimi tranzit ölkələrdən yan keçirməklə birbaşa Almaniyaya daşımaq üçün tikilib.