Logo
news content
User
Kateqoriyalar

Analitika

Yanacaq böhranı “yanacaq üsyanına” çevrilə bilərmi?
Putin problem olduğunu etiraf edib, amma “vəziyyət kritik deyil” deyir...

Rusiya prezidenti Vladimir Putin hökumətin müşavirəsində ilhaq edilmiş Krımın yanacaqla təminatı ilə bağlı qərarların yubadılmamasını tələb edib. O bildirib ki, hökumət “məsələyə baxmağa hazırıq” deməklə kifayətlənməməli, mümkün qədər qısa müddətdə konkret qərarlar qəbul etməlidir.

Baş nazirin müavini Aleksandr Novak Krımın yanacaqla təminatı və region üçün yanacaq subsidiyalarının ayrılması məsələsinə toxunarkən bildirib ki, hökumət bu məsələni Krım və Sevastopol rəhbərliyi ilə birlikdə “nəzərdən keçirməyə hazırdır”.

Bu cavab Putinin narazılığına səbəb olub.

Gəlin razılaşaq ki, bundan sonra başqa ifadələr işlədəcəyik. Sadəcə “nəzərdən keçirməyə hazırıq” və ya “baxacağıq” deməyin. Məsələni nəzərdən keçirin və mümkün qədər tez qərar qəbul edin. Prosesi uzatmağa ehtiyac yoxdur. Yaxşı? Üstəlik, bunun üçün imkanlarımız var”, – Putin hökumət üzvləri ilə müşavirədə sərt şəkildə bildirib.

Rusiya prezidenti vurğulayıb ki, “Krımda yanacağın qiymətinin tənzimlənməsi üçün subsidiyaların ayrılması barədə qərar mümkün qədər tez qəbul edilməlidir”.

Lakin Putinin bu sözləri mövcud reallıqla qətiyyən uzlaşmır.

O, müşavirə zamanı Rusiyada yanacaqla bağlı mövcud problemlərin müvəqqəti xarakter daşıdığını da iddia edib.

Bunlar müvəqqəti xarakter daşıyan məsələlərdir. Bu, tamamilə aydındır”, – Putin ölkədəki yanacaq bazarında vəziyyəti şərh edərkən bildirib.

Rusiya prezidenti hesab edir ki, Rusiyada yanacaqla bağlı yaranmış problemlər düşmənin rusiyalıların məzuniyyət mövsümünü pozmaq cəhdləri ilə bağlıdır.

Onun sözlərinə görə, Rusiyanın enerji sistemi kifayət qədər dayanıqlıdır.

Putin iddia edib ki, Kiyev hakimiyyəti Rusiya iqtisadiyyatına zərbə vurmağa və cəmiyyətdə gərginlik yaratmağa çalışır, lakin “bu məqsədə nail ola bilməyəcək”.

Rusiyanın enerji sisteminin dayanıqlıq ehtiyatı çox yüksəkdir. Bu göstəriciyə görə dünya liderlərindən biriyik”, – təcavüzkar ölkənin başçısı bildirib.

Əlbəttə, dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının və güc strukturlarının tələbatı tam təmin edilməlidir. Bu, müzakirə mövzusu deyil. Eyni zamanda, vətəndaşlar da əlavə yük hiss etməməlidirlər”, –Putin tapşırıq verib.

O, kənd təsərrüfatının yanacaq təminatında da heç bir problemin olmadığını iddia edib.

Kənd Təsərrüfatı Nazirliyinin mənə təqdim etdiyi məlumata görə, hazırda aqrar sektorun yanacaq təminatında heç bir problem yoxdur. Hər şey təmin edilib. Ümid edirəm ki, belə də davam edəcək”, – o bildirib.

Əlbəttə, Putin ümid edə bilər. Ancaq bu nə vaxta qədər davam edəcək? O, “hər şey əladır”, “biz qalib gəlirik”, “biz irəliləyirik” görüntüsünü daha nə qədər saxlaya biləcək? Hazırda Putin küncə sıxışdırılmış vəziyyətdədir. Bəs bundan sonra nə baş verəcək? O, hər gün qonşu ölkədə insanların öldürülməsindən deyil, adi qaydada hərəkət etmək imkanlarının məhdudlaşmasından narahat olan milyonlarla insanın əhval-ruhiyyəsinə nəzarət edə biləcəkmi? Bu ziddiyyət hara qədər davam edəcək?

Pressklub.az-ın suallarına ukraynalı analitik, siyasi elmlər doktoru, Bratislavadakı Komenski Universitetinin Sosial və İqtisadi Elmlər fakültəsinin professoru Mikola Polyoviy cavablandırıb.

Onun sözlərinə görə, neft emalı zavodlarında baş verən möhtəşəm partlayışlara və hətta kosmosdan görünən yanacaq növbələrinə baxmayaraq, etiraf etmək lazımdır ki, yanacaq böhranı Putin rejimi üçün sonuncu böhran olmayacaq.

Problemlərin mövcud olduğu hətta kosmosdan da görünür. Böyük ehtimalla, yanacaq təchizatı ilə bağlı problemlər kənd təsərrüfatında da var. Lakin şəxsi avtomobil sahibləri Rusiya cəmiyyətində həmişə azlıq təşkil ediblər və indi də belədir. Onların problemləri heç vaxt “xalq üsyanı”na səbəb olacaq amilə çevrilməyəcək. Kimsə avtomobilini yanacaqla təmin etmək üçün daha çox pul və vaxt sərf edəcək, kimsə piyada gəzməyə məcbur olacaq.

Nəqliyyat xərclərinin təbii şəkildə artması əhalinin bütün təbəqələrinə toxunan əsas məsələ olacaq. Bu da faktiki olaraq bütün malların bahalaşmasına gətirib çıxaracaq. Lakin Rusiya azı son üç ildir həyatın tədricən bahalaşdığı yolla irəliləyir və yanacaq böhranı sadəcə əhalinin həyat səviyyəsinin pisləşməsi prosesində zəncirin daha bir həlqəsidir.

Əhali bu prosesə tədricən alışıb. Növbəti yoxsullaşma mərhələsinin konkret səbəbinin nə olması (istər nəqliyyat və yanacaq böhranı, istərsə də məhsul yığımında yanacaq çatışmazlığı səbəbindən yarana biləcək ərzaq böhranı) artıq prinsip etibarilə elə də əhəmiyyət daşımır. Ölkədə qalan əhali bununla çoxdan barışıb”, – professor hesab edir.

Onun sözlərinə görə, Rusiya hökumətinin uzun illər müharibəni maliyyələşdirmək üçün vəsaiti olduğu kimi, hələ uzun müddət müharibə, repressiya aparatı və dövlət məmurlarını yanacaqla təmin etmək üçün də imkanları olacaq.

Söhbət həm xaricdən qızıl qiymətinə yanacaq alınmasından, həm də Ukrayna dronlarının çata bilməyəcəyi kiçik neft emalı zavodlarının daxili istehsal imkanlarından gedir. Bu müəssisələrin gücü digər sahələrin tələbatını ödəməyə kifayət etməsə də, müharibə üçün zəruri olan minimum ehtiyatı təmin etməyə imkan verir.

Ona görə də əminliklə demək olar ki, yaxın aylarda yanacaq böhranı Putin rejimi üçün ciddi təhlükə yaratmayacaq.

Yanacaq istehsalı bərpa olunmasa, rejim üçün daha mürəkkəb dövr payız-qış mövsümü ola bilər. Bu halda yanacaq çatışmazlığı səbəbindən bütöv şəhərlərin istiliksiz qalması və insanların kütləvi şəkildə donması ehtimalı artır. Lakin təəssüf ki, böyük ehtimalla bu da rejimin süqutu üçün kifayət etməyəcək.

Həqiqətən həyati əhəmiyyət daşıyan böhranın yaranması üçün əlavə hansısa hadisə baş verməlidir. Bunun cəbhədə dönüş nöqtəsi, Moskvanın sənaye müəssisələrinə kütləvi zərbələr və ya başqa bir amil olacağını zaman göstərəcək. Ancaq hazırkı yanacaq böhranının sonrakı hadisələrin baş verməsi baxımından son dərəcə mühüm əhəmiyyət daşıdığı və onlardan birinin həlledici ola biləcəyi şübhəsizdir”, – Polyoviy vurğulayıb.

Rauf Orucov