Logo
news content
User
Kateqoriyalar

Analitika

“Viran” olan İran – İkinci dalğa başlayacaqmı?
İran vətəndaş müharibəsi ilə üzləşərsə, azərbaycanlılar mövzusu tamamilə yeni məzmun kəsb edəcək

İran İslam Respublikasında 2 həftədir davam edən etirazlar qanlı mərhələyə qədəm qoyub. Bütün ölkə boyunca internetin söndürülməsi səbəbindən məlumat almaqda xeyli çətinliklər olsa da, sosial mediada yayılan görüntülərdə kütləvi qətllərin baş verdiyi görünür. İranın mühacir müxalifətinin yaydığı məlumatda SEPAH, “Bəsic” qüvvələrinin etirazçılara atəş açdığı, nəticədə yüzlərlə insanın həyatını itirdiyi bildirilir. İrandan yayılan videolarda övladlarının cənazəsini axtaran valideynlər, küçələrdə, morqda yüzlərlə cənazə görünür. İran hakimiyyətinin ölkədə 3 günlük matəm elan etməsi də dolayısı ilə olaylar zamanı çoxlu sayda ölənlərin olduğunu təsdiqləyir. 

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran cəmiyyətində etiraz etmək hüququ mövcuddur, lakin bu proses zorakılıq və vandalizm halları ilə qarışdırılmamalıdır.

Prezidentin sözlərinə görə, dinc etirazlarla məscidlərin yandırılması, dövlət obyektlərinə hücumlar və sabitliyi pozan hərəkətlər eyni müstəvidə qiymətləndirilə bilməz. O vurğulayıb ki, İran cəmiyyəti zorakı və dağıdıcı addımları qəbul etmir.

Məsud Pezeşkian qeyd edib ki, hökumət xalqın iqtisadi və sosial narazılıqlarını dinləməyə hazırdır və mövcud problemlərin dialoq yolu ilə həllini vacib sayır. Onun sözlərinə görə, islahatlar və problemlərin aradan qaldırılması hökumətin gündəliyində qalır.

Eyni zamanda İran Prezidenti etirazlar fonunda baş verən zorakılıq hallarını “xaricdən dəstəklənən sabotaj fəaliyyətləri” kimi xarakterizə edib. Pezeşkian ABŞ və İsraili ölkədəki qeyri-sabitlik cəhdlərinin arxasında duran əsas qüvvələr kimi təqdim edib və ictimaiyyəti bu cür çağırışlara qarşı ayıq-sayıq olmağa səsləyib.

Prezident bildirib ki, İranın suverenliyi və daxili sabitliyi qırmızı xətdir və dövlət institutları ölkədə təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirləri görəcək.

İranda baş verən qanlı olaylara ən həssas ölkələr Türkiyə və Azərbaycandır. Həm qonşuluq münasibətləri, həm də etnik eynilik hadisələrə fərqli reaksiyalar verilməsinə səbəb olur. Hər iki müttəfiq dövlət üçün İranda sabitliyin kəskin pozulması və əhaliyə qarşı xüsusi qəddarlıq göstərilməsi, habelə xarici faktorların aktivləşməsi narahatedicidir. 

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan etirazlarla bağlı deyib ki, İranda baş verən narazılıqlardan istifadə etməklə xarici kəşfiyyat xidmətlərinin ölkənin stabilliyini pozmağa çalışdığına dair ciddi narahatlıq var. Fidan xüsusilə İsrailin “Mossad” kəşfiyyatını bu etirazları manipulyasiya etməyə çalışmaqda günahlandırıb. Bu iddia ilə bağlı konkret dəlil təqdim edilməsə də, nazir bu cür fəaliyyətlərin region üçün təhlükə yaratdığını vurğulayıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hələlik İranda baş verən etirazlarla bağlı xüsusi bəyanat verməyib. Lakin son günlər nazirlik Azərbaycan vətəndaşlarına İrana səfərdən çəkinməyi və təhlükəsizliklə bağlı ehtiyatlı davranmağı tövsiyə edib. Bununla yanaşı, XİN İrana səfər edən soydaşlarımız və səfirlik əməkdaşları ilə bağlı situasiyanı yaxından izlədiyini və təhlükəsizliyin təmin olunmasını əsas prioritet hesab etdiyini vurğulayıb. Bu çağırış rəsmi Bakı tərəfindən İrandakı sabitlik məsələsinin dərin geosiyasi kontekstdə qiymətləndirildiyini göstərir. 

Qeyd etməliyik ki, Azərbaycan rəsmi şəkildə İranın daxili işlərinə müdaxilə etməyəcəyini, qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq olduğunu davamlı təsdiqləyir. Bu mövqe daha geniş regional kontekstdə diplomatik səylərin və təhlükəsizlik maraqlarının qorunması ilə bağlıdır.

Qonşu ölkədə baş verən hadisələri təhlil edən politoloq Fərhad Məmmədov bildirir ki, İranda davam edən etirazlar ölkədə uzun müddətdir formalaşan sistemli böhranın açıq təzahürüdür. Onun fikrincə, hazırkı vəziyyət klassik sosial və ya siyasi narazılıqlardan fərqli olaraq, rejimin mövcudluğu məsələsini ön plana çıxaran ekzistensial qarşıdurma mərhələsinə keçib.

Ekspert hesab edir ki, etirazların qanlı üsullarla yatırılması cəhdləri İran hakimiyyətinin böhranın dərinliyini dərk etdiyini göstərir. Bu mübarizədə birbaşa öz varlığı uğrunda savaşan əsas aktorlar İranın ali dini lideri Ayətullah Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyidir.

Politoloq qeyd edir ki, İran Prezidenti Məsud Pezeşkian formal olaraq legitim siyasi fiqur sayılsa da, real güc mərkəzinə daxil deyil və ali liderin müəyyən etdiyi gündəliyə tabe olmaq məcburiyyətindədir. Pezeşkian etirazları müəyyən qədər yönləndirməyə, sakitləşdirməyə çalışsa da, onun son müsahibəsi bu cəhdlərin uğursuzluğa düçar olduğunu göstərib.

Fərhad Məmmədovun fikrincə, etirazlar artıq ilk aktiv mərhələni arxada qoyub və hakimiyyətin cavabı sərt repressiyalar olub. Lakin əsas sual qarşıdakı dövrdə ikinci etiraz dalğasının olub-olmayacağıdır.

Etirazlar uzunmüddətli xarakter alacaqmı? Müxalifət konkret siyasi sima və alternativ təqdim edə biləcəkmi? Hazırda etirazların yalnız şahın oğlu Rza Pəhləvi ilə assosiasiya olunması prosesin dönüş nöqtəsinə çatmadığını göstərir”, – politoloq bildirir.

Onun sözlərinə görə, bu mərhələdə etirazlar hələ “qayıdışsız nöqtə” statusu qazanmayıb.

Şərhdə qeyd olunur ki, daxili proseslərlə paralel olaraq vəziyyətə təsir göstərə biləcək ciddi xarici faktorlar da mövcuddur. Bu mərhələdə əsas aktorlar ABŞ və İsraildir. Fərhad Məmmədov ABŞ-ın İranla bağlı məqsədlərini minimumdan maksimuma doğru belə sıralayır:

İranın raket proqramının məhv edilməsi;

İranın Çinin strateji müttəfiqləri sırasından çıxarılması;

İranın regionda proqnozlaşdırıla bilən dövlətə çevrilməsi.

İsrailin məqsədləri isə daha təhlükəsizlik yönümlüdür. Politoloqun fikrincə, Suriyadan və İraqdan keçən hava dəhlizinin açıq olması İsrail üçün İranın raket potensialını maksimum dərəcədə zəiflətmək baxımından tarixi fürsət yaradır. Eyni zamanda, mümkün vətəndaş müharibəsi İranın resurslarını daxilə yönəldə bilər, lakin bu, ən riskli və proqnozlaşdırılmaz ssenaridir.

Nəticə etibarilə ABŞ və İsraili birləşdirən əsas ortaq məqsəd İranın raket proqramının sıradan çıxarılmasıdır. Politoloq hesab edir ki, etirazların real şəkildə yönləndirilməsi yalnız ali liderin və SEPAH rəhbərliyinin neytrallaşdırılması yolu ilə mümkündür və Tramp administrasiyası yalnız ikinci etiraz dalğası baş verərsə, bu ssenariyə gedə bilər.

Türkiyə: Çöküş ssenarisi qəbuledilməzdir

Fərhad Məmmədov vurğulayır ki, Türkiyə İranın dağılmasında və vətəndaş müharibəsində maraqlı deyil. Ankaranın əsas məqsədi İranın “failed state”ə (tənəzzül edən dövlətə - red.) çevrilməsinin qarşısını almaqdır.

Bu səbəbdən Türkiyə hadisələrin ikinci mərhələsini gözləyəcək və legitim hakimiyyət – prezident və hökumətlə münasibətləri davam etdirməyə üstünlük verəcək. Lakin İran vətəndaş müharibəsinə sürüklənərsə, Türkiyə humanitar və təhlükəsizlik baxımından proseslərə reaksiya vermək məcburiyyətində qalacaq.

Azərbaycanın mövqeyi: sabitlik prioritetdir

Politoloqun fikrincə, Azərbaycanın mövqeyi Türkiyə ilə tam üst-üstə düşür. Azərbaycan cəmiyyətində İrandakı hadisələr emosional qarşılanır, lakin dövlət səviyyəsində yanaşma rasionaldır.

Bakı–Tehran münasibətlərinin səviyyəsi Azərbaycanın İranın daxili işlərinə qarışmasını istisna edir. Azərbaycan özü də Tehrandan daxili işlərinə müdaxilə edilməməsini tələb edir. Bu səbəbdən hazırkı şəraitdə Azərbaycanın İrana qarşı hərbi əməliyyatlarda iştirakı və ya etirazlara təsir mexanizmlərində yer alması mümkünsüzdür”, – deyə Fərhad Məmmədov vurğulayır.

O qeyd edir ki, Azərbaycan stabil və proqnozlaşdırıla bilən İranın mövcudluğunda maraqlıdır. Bakı İsraillə yüksək səviyyəli münasibətlərə, ABŞ ilə isə yeni keyfiyyət mərhələsinə keçən əlaqələrə malikdir. Lakin bu münasibətlərin gündəmində İrana qarşı hərbi əməliyyat mövzusu olmayıb və olmayacaq.

Politoloqun qənaətinə görə, əsas sual İranın bu böhrandan hansı formada çıxacağıdır. Azərbaycanın mövqeyi də məhz bu nəticələrə uyğun olaraq formalaşacaq.

Etirazlar səngiyərsə, Bakı legitim hakimiyyətlə əməkdaşlığı davam etdirəcək. Əgər İran vətəndaş müharibəsi və dövlətçilik böhranı ilə üzləşərsə, İrandakı azərbaycanlıların mövzusu tamamilə yeni məzmun kəsb edəcək və Azərbaycan öz təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif kontekstlərdə soydaşlarına dəstək verə bilər.

Fərhad Məmmədov sonda bildirir ki, hazırkı vəziyyət imkanlardan daha çox risklər yaradır və belə dövrlərdə əsas prioritet təhlükəsizliyin təmin olunmasıdır. Onun sözlərinə görə, 2026-cı ilin əvvəli Azərbaycan–Türkiyə birgə hərbi təlimləri ilə, ən azı Hərbi Hava Qüvvələri istiqamətində başlaya bilər.

Turqut