Vaşinqtonun Qafqaz planı hərəkətdə
Ermənistan parlamentində "TRIPP" davası, müxalifətin “yox” deməsi” nə deməkdir?
28 Oktyabr 2026
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən və regionda nəqliyyat kommunikasiyalarının yenidən qurulmasını nəzərdə tutan "TRIPP" (Trump Route for International Peace and Prosperity) layihəsi ətrafında geosiyasi gərginlik artır. Bunun təzahürü son günlərdə Ermənistan parlamentində bu sazişin müzakirəsi və ratifikasiyası zamanı da üzə çıxdı.
Belə ki, Ermənistan parlamentində ABŞ-nin dəstəyi ilə həyata keçirilən strateji tərəfdaşlıq sazişinin müzakirələri qızğın mübahisələrlə yadda qalıb. Hakim "Vətəndaş Müqaviləsi" partiyasının səsləri ilə irəli aparılan sənəd müxalifətin sərt etirazı ilə qarşılaşıb.
Xarici İşlər naziri Ararat Mirzoyan layihənin Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına tam uyğun olduğunu, təhlükəsizliyin isə müstəsna olaraq məhz Ermənistan tərəfindən təmin ediləcəyini vurğulasa da, müxalifət sənədin arxasında gizli risklərin dayandığını iddia edir.
Müxalifətin sərt tənqidlərinə cavab verən Ermənistan parlamentinin spikeri Ruben Rubinyan isə opponentlərini ittiham edərək səsləndirdiyi bəyanatda hər şeyi açıq şəkildə ifadə edib:
"...Beləliklə, müxalifət erməni-amerikan “TRIPP” layihəsi üzrə sazişin əleyhinə səs verdi. Xatırladıram ki, bu sazişə əsasən, Ermənistanın öz ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına tam hörmət və riayət olunmaqla blokadadan çıxarılacağı qeydə alınır. Sazişə görə, Ermənistan ərazisində təhlükəsizliyi müstəsna olaraq yalnız Ermənistan Respublikası təmin edəcək, Ermənistanın müvafiq dövlət orqanları bütün suveren funksiyalarını qoruyub saxlayacaq və sair.
Və çox məntiqli sual yaranır: Niyə müxalifət bir daha Ermənistan vasitəsilə heç bir ekstraterritorial dəhlizin keçməyəcəyinin, məhz bizim maraqlarımızın tam şəkildə qorunması ilə yolun açılacağının təsbit olunduğu sazişin əleyhinə səs verir? Niyə onlar belə davranırlar?
Düşünürəm ki, cavab çox sadədır: Çünki bizim müxalifət istəyərdi ki, Ermənistandan onların o qədər sevdiyi, o qədər arzuladığı "qarant"ın nəzarət edəcəyi ekstraterritorial dəhliz keçsin".
Maraqlıdır ki, parlament bundan əvvəl Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası”nın sənədini yekdilliklə (90 lehinə, 0 əleyhinə) təsdiqləsə də, TRIPP layihəsində daxili konsensus əldə etmək mümkün olmayıb.
Bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılması prosesinə rəsmi Bakının mövqeyi birmənalı və qətiyyətlidir. Azərbaycan hər zaman Cənubi Qafqazda tranzit-logistika imkanlarının şaxələndirilməsinin, o cümlədən əsas quru yol əlaqələrinin açılmasının tərəfdarı olub.
Lakin rəsmi Bakı üçün əsas şərt regional layihələrin beynəlxalq hüquq normaları dairəsində, bərabərhüquqlu tərəfdaşlıq və Azərbaycanın suverenliyinə, milli maraqlarına tam hörmət əsasında həyata keçirilməsidir. Azərbaycan hesab edir ki, hər hansı nəqliyyat dəhlizinin reallaşması sülh sazişinin imzalanması və kommunikasiyaların kompleks şəkildə açılması ilə paralel aparılmalı, heç bir kənar qüvvə bölgədə Bakının maraqlarına zidd birtərəfli üstünlüklər əldə etməməlidir.
Erməni politoloqlar və beynəlxalq analitiklər TRIPP layihəsinin reallaşma perspektivlərini və onun doğura biləcəyi nəticələri fərqli qiymətləndirirlər:
İqtidara yaxın ekspertlər hesab edirlər ki, TRIPP layihəsi Ermənistanın illərdir yaşadığı geosiyasi təcridi qırmaq və Qərblə, xüsusilə ABŞ ilə iqtisadi-siyasi inteqrasiyanı dərinləşdirmək üçün unikaldır. Onların fikrincə, layihə İrəvana ticarət yollarına çıxış və əlavə siyasi təminatlar qazandırır.
Digər tərəfdən, yerli müxalifət təmsilçiləri və müstəqil analitiklər bu sazişin Ermənistanın suverenliyinə gizli təhdidlər yaratdığını vurğulayırlar. Onların qənaətincə, texniki detalların və əməliyyat mexanizmlərinin qeyri-müəyyən olması ölkənin uzunmüddətli maraqlarına zərbə vura bilər. Bundan əlavə, regional ekspertlər qeyd edirlər ki, ABŞ-nin mərkəzi rol oynaması və layihənin geosiyasi çalarları regionun digər güc mərkəzlərində - xüsusilə Rusiya və İranda ciddi narahatlıq doğurur və Cənubi Qafqazda yeni qarşıdurma xətləri yarada bilər.
TRIPP layihəsi ətrafındakı müzakirələr göstərir ki, Vaşinqtonun Cənubi Qafqazdakı nəqliyyat və kommunikasiya təşəbbüsləri yalnız iqtisadi layihə deyil, həm də bölgənin geosiyasi arxitekturasını kökündən dəyişməyə hesablanmış strateji gedişdir. Ermənistan daxilindəki dərin siyasi qütbləşmə və hakimiyyət-müxalifət qarşıdurması, həmçinin rəsmi Bakının tələbləri bu prosesin həm İrəvan, həm də bütövlükdə region üçün kifayət qədər mürəkkəb və həssas keçəcəyini bir daha sübut edir.
Turqut