Vaşinqtondan Azərbaycana göndərilən “Hazır olun” siqnalı nəyi deyir?
Ekspert: Parçalanmış Şimali və Cənubi Azərbaycan azərbaycanlılarının birləşmə formatını tapacaqlarına əminəm
14 Yanvar 2026
Hudson İnstitutunun aparıcı eksperti Lyuk Koffi İranda davam edən etirazlar fonunda X sosial şəbəkəsində Azərbaycan bayrağı ilə paylaşım edib və altına “Be prepared” (“Hazır olun”) sözlərini yazıb.
Ekspertlər hesab edirlər ki, Koffi bu mesajla İranda çox ciddi qeyri-stabillik ssenarisinə, o cümlədən parçalanma riskinə işarə edə, eləcə də İranda yaşayan azərbaycanlıların Şimali Azərbaycanla birləşməsi ilə bağlı ABŞ-ın mövqeyini çatdırmaq istəyə bilər.

Bəs Koffi əslində nə proqnozlaşdırır? Azərbaycan hansı risklərlə üzləşə bilər? Bu risklər qonşu ölkədə vəziyyətin hansı inkişafı halında mümkündür? Onları qabaqcadan necə görmək olar?
Müstəqil analitik Rəşad Rzaquliyev Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, İran məsələsi dünyanın nüfuz və resurs uğrunda rəqabət aparan aparıcı geosiyasi mərkəzləri üçün bu günün problemi deyil. “Yaxın Şərq regionunda mövcud qarşıdurmanın kökündə şərti “anglosakson” dünyasının şərti Avropa mərkəzli “Vatikan” dünyasına qarşı duran maraqları dayanır. Elə bir zaman gələcək ki, geniş ictimaiyyət İran İslam Respublikasının yaradılmasının arxasında hansı qüvvələrin dayandığını, bu qlobal Avrasiya geosiyasi layihəsinin məqsəd və vəzifələrinin nədən ibarət olduğunu, bu gün artıq süqutunun bir addımlığında olan həmin layihənin mahiyyətini öyrənəcək. Halbuki, “Vatikan”ın islam məkanının bu hissəsində qeyri-rəsmi dominantlığı bir neçə əsri əhatə edir.
Lyuk Koffinin açıq xəbərdarlığı isə prinsip etibarilə, gözlənilməz açıqlama deyildi. Biz yaxşı anlayırıq ki, ABŞ prezidentinin administrasiyası və onun arxasında dayanan qüvvələr bu fundamental dövlət quruluşunun ləğvinə yönəlmiş çoxgedişli “İran əməliyyatını” başa çatdırırlar. Bu proses uzunmüddətli olub, onilliklər çəkib. Lakin ssenari baxımından onun Sovet İttifaqının acınacaqlı taleyi ilə müəyyən oxşarlıqları var”, – analitik hesab edir.
Onun fikrincə, şübhəsiz ki, mövcud şəraitdə Azərbaycan üçün hərbi-siyasi və sosial-humanitar risklər əhəmiyyətlidir. “Birbaşa coğrafi qonşuluğumuzda yerləşən, aqoniya içində olan klerikal rejimin davranışlarının hesablanması nikbinlik doğurmur. Lakin düşünürəm ki, regionun konstruksiyasının dəyişdirilməsi prosesi əksər ciddi Qərb ekspertlərinin gözlədiyindən daha uzun zaman aparacaq.
Bu gün Azərbaycan İranın ABŞ və İsraillə növbəti hərbi qarşıdurma mərhələsinə hazır olmalıdır. İran elitaları daxilində parçalanmaya, ölkənin klerikal rəhbərliyinin öz xalqı ilə qanlı qarşıdurmasına da hazırlaşmalıyıq.
Bu gün Azərbaycan, bir tərəfdən, İran azərbaycanlılarına humanitar yardımın proyeksiyalarına, o cümlədən, ərazimizdə bütün nəticələri hesablanmış müvəqqəti düşərgələr şəbəkəsinin yaradılmasına qədər hər şeyi nəzərə almalıdır. Digər tərəfdən, İran tərəfindən istənilən formatda mümkün hərbi-diversiya zərbəsinin dəf edilməsinə də hazır olmalıdır.
Cənubi Azərbaycana gəldikdə, onun taleyi hələ müəyyənləşməyib və əminəm ki, bu məsələ İranın azərbaycanlı elitalarının əlindədir. Gələcəklərini yalnız onlar müəyyən etməlidirlər.
Mənim anladığıma görə, amerikalılar İranın parçalanmadan, Pəhləvi ailəsinin “monarxiya” tipli modelinin bərpası ilə kifayətlənə bilərdilər. Lakin artıq bu gün görünür ki, bu ailənin hakimiyyəti dövründə törətdiklərinə dair qanlı yaddaş xalqın şüurundan silinməyib. Xüsusən də azərbaycanlıların.
Əminəm ki, müəyyən adaptasiya dövründən sonra vaxtilə parçalanmış Şimali və Cənubi Azərbaycan azərbaycanlıları ümumi taleyin, ümumi məkanın və ümumi tarixin çərçivəsində qəbul olunan birləşmə formatını tapacaqlar”, – Rzaquliyev yekunlaşdırıb.
Rauf Orucov