Logo
news content
User
Kateqoriyalar

Analitika

Türkiyənin Qarabağa dair qəti xəbərdarlığı
Ekspert: Türkiyə ordusunun Azərbaycanda olması ilə bağlı qərar siyasi xarakter daşıyır 

Ağdam rayonunda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində Türkiyə hərbçilərinin qalma müddəti daha 1 il uzadılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi müvafiq qanun layihəsi Türkiyə parlamenti tərəfindən qəbul edilib.

Xatırladaq ki, Qarabağda Rusiya-Türkiyə monitorinq mərkəzinin yaradılması barədə qərar 2020-ci ilin payızında 44 günlük müharibə başa çatandan sonra qəbul edilib. Mərkəzin yaradılmasının məqsədi müasir texniki vasitələrdən, o cümlədən PUA-lardan istifadə etməklə atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək olub.

Monitorinq Mərkəzinə Rusiya və Türkiyə tərəfdən onlarla zabit daxildir. Ancaq bu strukturun üç ilə yaxındır nə işlə məşğul olduğu çox da aydın deyil. İctimaiyyətə hərbçilərin fəaliyyətinin təfərrüatları barədə heç vaxt məlumat verilməyib. Qarabağda erməni qanunsuz silahlı birləşmələri ilə baş verən çoxsaylı insidentlər və ya Rusiya sülhməramlı kontingentinin fəaliyyəti Azərbaycan və Ermənistan KİV-də geniş işıqlandırılsa da, Monitorinq Mərkəzi susmağa üstünlük verib, heç bir rəy açıqlamayıb və ya tövsiyə verməyib. Təbii ki, bir çox insanların düşüncəsində bu qurumun məqsədinin qeyri-müəyyən və hətta faydasız olduğu fikri yaranır və tədricən güclənirdi. Və budur, Türkiyə tərəfi bu mərkəzdə müşahidə aparan zabitlərinin qalma müddətini daha bir il uzatmaq qərarına gəlib. Bu zaman onların rusiyalı həmkarlarının aqibətinin necə olacağı bəlli deyil - Moskva hələlik heç nə açıqlamayıb.

İndi ortaya maraqlı sual çıxıb: Qarabağın dağlıq hissəsində vəziyyətin kökündən dəyişdiyi bir şəraitdə bu Monitorinq Mərkəzi Azərbaycana lazımdırmı? Axı Qarabağdakı bütün qeyri-qanuni silahlı birləşmələr Ermənistana çıxarılıb və bölgədə bütün hakimiyyət Bakının əlində cəmləşib. İndi orada türk və rus zabitləri kimləri müşahidə edəcək?

Siyasi müşahidəçi Murad Sadəddinov old.pressklub.az-a açıqlamasında qeyd edib ki, tərkibinə Rusiya və Türkiyə silahlı qüvvələrinin nümayəndələrinin daxil olmasına baxmayaraq, bu Monitorinq Mərkəzinin (MM) yaradılması təkcə hərbi xarakter daşımayıb.

“Bəli, hərbi nöqteyi-nəzərdən MM-nin mövcudluğu onun göstəricisidir ki, Rusiya və Türkiyədən olan hərbi müşahidəçilər artıq yerlərdə, belə demək mümkünsə, bu hərbi əməliyyat teatrındakı vəziyyəti diqqətlə izləyiblər. Amma mən yenə də hesab edirəm ki, bu mərkəzin yaradılmasında ən mühüm vəzifə onun siyasi məqsədi idi. Bu, Rusiya silahlı qüvvələri ilə yanaşı, Türkiyə ordusunun da Azərbaycanda olmasını rəsmən təsdiqləyən konkret qərar idi. Bakı da, Moskva da bununla razılaşdılar. Hesab edirəm ki, bu, çox mühüm geosiyasi amildir, onun göstəricisidir ki, regionda, onun ən gərgin nöqtəsində rəsmi olaraq Türkiyə və Rusiya silahlı qüvvələri yerləşir və dost olmayan tərəfin hər hansı fəaliyyəti zamanı bunun ciddi nəticələri ola bilər. İnanıram ki, bu, vacib amil idi”, - deyə ekspert bildirir.

“Mən hələ də hesab edirəm ki, MM-nin heç bir məlumat verməməsi ilə bağlı məsələyə gəldikdə, bizim mediada bu mərkəzin fəaliyyət qaydaları ilə bağlı düzgün rəy formalaşmayıb. Çünki öncədən də MM-nin bu və ya digər pozuntuları barədə ictimaiyyətə məlumat verəcəyi və s. elan olunmamışdı. Görünür, MM Qarabağın dağlıq hissəsindəki vəziyyətlə bağlı məlumat toplayıb, Azərbaycan, Türkiyə və Rusiyanın müvafiq strukturlarına məlumat verib. Hesab edirəm ki, birincisi, mövzu həssas olduğundan, bu informasiya məxfi xarakter daşıyıb. İkincisi, bunlar silahlı qüvvələrlə bağlı məsələlərdir və belə məlumatlar, bir qayda olaraq, müəyyən dərəcədə qapalı xarakter daşıyır.

Missiyanın davam etdirilməsinə gəlincə, mən yuxarıda qeyd olunan reallıqlardan çıxış edirəm. Yəni, MM-nin mövcudluğu daha çox siyasi xarakter daşıyır və Türkiyə hərbçilərinin bu ərazidə xidmət müddətinin uzadılması Azərbaycanın maraqlarına, Türkiyənin bölgəmizdəki maraqlarına uyğundur və onun burada olduğu ilə bağlı xarici güclərə qəti siqnaldır. Xüsusən də, antiterror tədbirlərindən sonra Qərbdə bəzi qüvvələrin necə təşvişə düşdüyünü və sərt bəyanatlar səsləndirdiyini nəzərə almalıyıq. Ona görə də hesab edirəm ki, türkiyəli zabitlərin ölkəmizdə qalma müddətinin daha 1 il uzadılması qərarı Azərbaycana qarşı neqativ mövqedə olan qüvvələrə müəyyən dərəcədə ayıldıcı təsiri göstərə bilər”, - deyə Sadəddinov yekunlaşdırıb.

Rauf Orucov