Logo
news content
User
Kateqoriyalar

Analitika

Toydan sonra nağara...
Sonuncu “prezidenti” başqa hava çalmağa vadar edən nədir?

“Artsax Respublikası ləğv olunmayıb. Ermənistan İctimai Televiziyasının efirində Artsaxın buraxılması barədə fərman və onun hansı şəraitdə ortaya çıxması ilə bağlı ictimaiyyətə daha ətraflı və detallı şəkildə danışacağam”. Bunu “DQR prezidenti” Samvel Şahramanyan İrəvanda mitinq keçirən Qarabağ sakinlərinə deyib.

“Heç bir sənəd xalq tərəfindən referendum yolu ilə yaradılan Artsax Respublikasını ləğv edə bilməz”, - o əlavə edib.

"Mən sizin hər birinizlə görüşməyə, təfərrüatlar barədə danışmağa hazıram, amma başa düşməlisiniz ki, həm Artsax, həm də Ermənistan çox çətin vəziyyətdədir və hər bir yanlış hərəkət gözlənilməz nəticələrə səbəb ola bilər", - Şahramanyan “DQR-in Ermənistandakı nümayəndəliyi” qarşısında etiraz aksiyası keçirənlərə deyib.

Qeyd edək ki, cümə günü Qarabağı tərk edən ermənilərin böyük qrupu Şahramanyanın “DQR”-in ləğvi haqqında fərmanı niyə imzaladığını izah etmək tələbi ilə etiraz aksiyası keçirib.

Xatırladaq ki, sentyabrın 28-də Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma “Dağlıq Qarabağ Respublikası”nın bütün təsisatlarının mövcudluğunun dayandırılması və ləğv edilməsi haqqında “fərman” imzalayıb.

Çox təəccüblü vəziyyət yaranıb. Özünü “prezident” adlandırmağa cürət edən bir şəxs əvvəlcə Azərbaycan ərazisində qondarma “dövlət” qurumunun ləğvi haqqında sərəncam verir. Bütün dünya bunu görür və müzakirə edir. Hamıya elə gəlir ki, deyəsən, artıq hər şey bitib. Üstəlik, məşhur ifadədə deyildiyi kimi, davadan sonra yumruq silkələməzlər. Bundan əlavə, Bakı Şahramanyanın Ermənistana maneəsiz getməsinə icazə verir və o, bir ay orada sakit yaşayandan sonra birdən belə bir bəyanatla çıxış edir. Aydındır ki, o, bununla geriyə qayıtmaq üçün yolunu da bağlayıb. Yəni, onun mülki şəxs kimi Qarabağa qayıdıb Azərbaycan vətəndaşlığını qəbul etmək düşüncəsi olsaydı belə, bu sözlərdən sonra bu addım onun üçün təhlükəlidir – elə Laçın keçid məntəqəsindəcə həbs oluna bilər.

Bu bəyanat Şahramanyanın Ermənistanda hansı gələcəyə ümid bəsləməsi baxımından daha da anlaşılmazdır. Axı, İrəvan mətbuatının yazdığına görə, o və ətrafı qonşu ölkənin paytaxtında peyda olandan sonra Ermənistan hökumətinin rəsmi nümayəndələri “eks-prezidentlə” hər hansı əlaqədən nümayişkaranə şəkildə yayınırlar. Beləliklə, onlar açıq şəkildə göstərirlər ki, artıq rəsmi İrəvan tərəfindən “DQR”in hətta şərti olaraq tanınmasının mümkünlüyündən söhbət gedə bilməz. Samvelin hər şeydən məhrum olması göz önündədir. Bəs onda “Artsax Respublikasının” hələ də mövcud olduğu barədə bu bəyanat niyə səsləndirilir? Bəyanatın məqsədi nədir?

old.pressklub.az-ın suallarını cavablandıran Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktor müavini Fuad Çıraqov qeyd edib ki, Şahramanyan və ya bir başqasının qeyri-qanuni qurumun adından nə deməsindən asılı olmayaraq, onun heç vaxt hüquqi və siyasi çəkisi olmayıb və olmayacaq. Xüsusən də, 19-20 sentyabrdan sonra.

İndi biz yalnız Paşinyan hökumətinin, Fransanın və ya digər dövlətlərin nə deyəcəyinə və Ermənistanın nə edəcəyinə baxırıq. Əgər onlar Şahramanyanın bəyanatını dəstəkləməyə davam etsələr, qeyri-qanuni qurumun mövcudluğunu gündəmdə saxlasalar, bu məsələni beynəlxalq gündəmə gətirsələr, Ermənistan büdcəsindən bu qeyri-qanuni quruma maliyyə yardımı etsələr, biz bunu işğalçılıq siyasətinin, ərazi iddialarının davamı və Azərbaycanın daxili işlərinə qarışmaq hesab edəcəyik, Bakı tərəfindən də müvafiq siyasət və addımlar olacaq. Yəni bu, bizim üçün gələcəkdə Ermənistanın hansı istiqaməti seçəcəyini müəyyən etmək üçün göstərici olacaq: qarşıdurma, yoxsa konstruktiv yol”, - deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov