Təhlükəli müharibə nağılı
Bir qucaqdan düşüb, digərinə oturan Ermənistan ağır oyuna girişib
14 Noyabr 2023
Yaxın vaxtlarda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin istiləşməsinə ümid etmək sadəlövhlük olardı. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin son bəyanatı da Avropa nümayəndəsinin bu münasibətləri yoluna qoymağa çalışmadığını göstərir.
Cozep Borel Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə bəyan edib ki, Avropa Şurası oktyabr ayında Ermənistanın demokratik yolla seçilmiş hökuməti və təhlükəsizliyini dəstəkləmək üçün onunla hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib: “Biz Ermənistandakı missiyamızı gücləndirmək qərarına gəldik: sərhədin təhlükəli hissələrində daha çox müşahidəçi və daha çox patrul olacaq. Biz, həmçinin, Avropa Sülh Fondu çərçivəsində Ermənistana mümkün hərbi dəstəyi və Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını öyrənəcəyik”.
Düşünmək olar ki, burada nə var? Borel, Aİ-nin Ermənistanla əlaqəsini gücləndirməyə çalışır və bu, onların öz işidir. Hətta Avropanın Ermənistana daha çox müşahidəçi göndərməsi və patrul sayını artırması da bizə qalmayıb. Ermənistan sərhədi daxilində istədikləri qədər müşahidəçi yerləşdirə bilərlər. Amma hərbi dəstək məsələsi vəziyyəti ciddiləşdirir.
Aİ nümayəndəsi isə daha da irəli gedərək, Azərbaycanı əməlli-başlı təhdid edib. Borel Ermənistanı “daxildən və xaricdən sabitliyi pozmaq cəhdlərinə qarşı” sayıq olmağa çağırıb: “Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulması qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq. Biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri çərçivəsində Ermənistan və Azərbaycan arasında danışıqların bərpasına çağırırıq. Biz sülh müqaviləsi bağlamalıyıq və vasitəçilik rolumuzu davam etdirmək əzmindəyik”.
Uzun illər ATƏT Minsk Qrupunda həmsədr (vasitəçi) olan, son məqamda isə simasını göstərən Fransadan sonra, bu dəfə Aİ nümayəndəsi Azərbaycanı hədələyir. Digər tərəfdən, bu təşkilat, prezident Şarl Mişelin simasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin vasitəçisi roluna iddia edir.
Azərbaycan bu hədəni cavabsız qoya bilməzdi və XİN Azərbaycan əleyhinə səsləndirilən, regiondakı reallıqları qəsdən təhrif edən ittihamların tamamilə qeyri-adekvat və qəbuledilməz olduğunu qeyd edib: “Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir. Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı, hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir”.
XİN eyni zamanda Azərbaycanla təhdid dili ilə danışılımasının qəbuledilməz olduğunu və adekvat cavabını alacağını bildirib.
Maraqlıdır, bəs Aİ-nin ali nümayəndəsi birdən-birə niyə belə bir bəyanatla çıxış edir? Cəmi üç gün öncə Parisdə “Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır” iddiasını irəli sürən Nikol Paşinyanın sözlərinə görə? Maraqlıdır ki, Azərbaycanın Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirdiyi anti-terror əməliyyatından sonrakı 2 ay ərzində atəş səsləri eşidilmir. Azərbaycanın daxilində separatçılıq ocaqları məhv edilib. Sərhəddə də tam sakitlikdir: nə Azərbaycan tərəfindən, nə də Ermənistan tərəfindən atəş açılır.
Yox, əgər Borel “Zəngəzur dəhlizi” və guya Azərbaycanın bu dəhlizi güc yolu ilə açmaq niyyətini nəzərdə tutursa, buna ehtiyac qalmayıb. Azərbaycan bu istiqamətdəki dəhliz niyyətindən daşınıb, hazırda İran ərazisindən keçəcək “Araz dəhlizi” marşrutu daha aktualdır. Bakı, Ermənistanın özünün kommunikasiya xətlərinin açılması üçün Azərbaycana minnətçi düşəcəyi zamanı gözləyir. Bu barədə daha geniş yazını buradan ("Azərbaycan yeni müharibəyə hazırlaşır?") oxumaq olar.
Azərbaycan prezidenti də Ermənistana qarşı heç bir müharibəyə hazırlaşılmadığını dəfələrlə bəyan edib və sonuncu bəyanat noyabrın 8-də Xankəndidə parad zamanı səslənib. Eyni zamanda, qonşu dövlətə qarşı müharibə etmək, döyüş əməliyyatı aparmaq üçün ən azı sərhədə hücum üçün lazım olan hərbi qüvvə toplanmalıdır. Azərbaycan isə Ermənistanla şərti sərhəddə ancaq müdafiəni təmin edəcək qədər qüvvə saxlayır. Yəni, bu gün heç bir yeni hərbi gərginlik riski yoxdur.
Bəs Paşinyanı, Aİ-nin ali nümayəndəsini, Fransanı, Qərb KİV-ni “narahat edən” nədir?
Hadisələrin ardıcıllığına diqqət edək. Ermənistan 2020-ci ildə baş verən 44 günlük müharibədə, daha sonra 3 il ərzində ara-sıra baş verən toqquşmalar zamanı məğlubiyyətlərində Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (yəni Rusiyanı - red.) ittiham edir və Moskvadan uzaqlaşmaq yolunu tutur. Tədricən İrəvanın KTMT-də, eləcə də Rusiyanın yaratdığı digər təşkilatlarda iştirakı minimuma endirilir. Artıq nə Paşinyan, nə xarici işlər naziri Ararat Mirzoyan, nə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tədbirlərə qatılmırlar. Yəni, Paşinyan hökuməti açıq şəkildə Rusiyadan sürtələ uzaqlaşmaq yolunu tutub.
Elə bu məqamda Avropa İttifaqı sürətlə Ermənistana girməyə başlayır və proseslərin avanqardı Fransadır. Fransa isə Almaniya ilə bərabər Aİ-nin siyasətini müəyyən edən iki aparıcı dövlətindən biridir. Yeri gəlmişkən, Almaniyanın da 44 günlük müharibə, Qarabağdakı anti-terror əməliyyatı zamanı və sonra tutduğu mövqeni yada salmaq olar.
Beləliklə, Fransa Ermənistana silah satır, Avropa İttifaqının ali nümayəndəsi isə hərbi dəstək, patrul, müşahidəçi vəd edir. Məqsəd birdir – Ermənistanı ələ almaq, Rusiyadan aralanan Ermənistana sahiblənmək. Amma bu silah satışına və hərbi dəstəyə haqq qazandırmaq lazımdır. Necə etmək olar? Əlbəttə, düşmən, qaniçən, yeni hərbi müdaxiləyə hazırlaşan Azərbaycan obrazı yaratmaqla. Və budur: Paşinyan böyük ehtimalla sifarişlə Fransada Azərbaycanın mümkün təcavüzündən danışır, Borel isə Brüsseldə Azərbaycana Ermənistana hücum etməməklə bağlı xəbərdarlıq edir. Oğlan evinin xəbəri olmasa da, qız evində toydur. Zəmin var. Beynəlxalq ictimaiyyət bunu “yeyəcək”.
Biz, əlbəttə, Qarabağ müharibəsini kimin başlatdığını, kimə sərf etdiyini və Moskvanın oynadığı rolu unutmamışıq, buna görə də Ermənistanın Rusiyanın ağuşundan alınmasının əleyhinə olmamalıyıq və deyilik. Məntiq də diktə edir ki, Rusiyanın olmadığı, dəstəkləmədiyi Ermənistan danışıqlara daha açıq olar, tərəflər arasında tezliklə sülh müqaviləsi bağlana bilər. Bizə də sakit, ərazi iddiası olmayan, düşmənçilik siyasəti aparmayan qonşu lazımdır. Amma...
Amma bu, bizim hesabımıza, bizə qara yaxılması hesabına olmamalıdır. Görünən isə odur ki, Ermənistan sahibsiz yaşamaq, müstəqil qərar qəbul etmək imkanında və ilk növbədə arzusunda deyil. Koçaryan, Sarkisyan Ermənistanı Rusiyanın qucağında oturduğu kimi, Paşinyan Ermənistanı da oturmağa qucaq axtarır və deyəsən, tapıb. Bu da bölgəmizə yaxşı heç nə vəd etmir.
Yağışdan çıxıb, yağmura düşmək belə olur...
P.S. Paşinyan noyabrın 23-də KTMT-nin Minskdə keçiriləcək iclasında iştirakdan imtina edib.
P.P.S. Ermənistanda “bloklara qoşulmamaq statusu” barədə danışmağa başlayıblar bu da ölkənin KTMT-dən çıxmasına işarə ola bilər.