Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülhün astanasında: Həm bu gün, həm də illər boyu...
Rəsmi müqavilənin imzalanması hələ nə qədər çəkə bilər?

Ermənistan hakimiyyəti yaxın vaxtlarda Azərbaycanla paraflanmış sülh sazişinin imzalanmasına və ratifikasiyasına diqqət yetirməlidir. Armenpress-in məlumatına görə, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bildirib.

“Dünən birlikdə yaratmalı olduğumuz tarixdən danışdım və bunun necə baş verməli olduğunu dəqiq müəyyənləşdirmək çox vacibdir. Mənim fikrim belədir: yaxın vaxtlarda Azərbaycanla paraflanmış sülh sazişinin imzalanmasına və ratifikasiyasına diqqət yetirməliyik. Bu baş verəndə isə Ermənistan dövlətçiliyinin sarsılmazlığının təməl daşını qoyduğumuzu bəyan edə biləcəyik”, – Paşinyan deyib.

Oktyabrın 12-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Facebook səhifəsində aşağıdakı paylaşımı edib: 

“Tarix dedikdə, əsasən, keçmişdə baş vermiş hadisələri nəzərdə tuturuq.

Məgər bu, fundamental problem deyil? Əgər tarix artıq baş veribsə, biz daha nə edə bilərik?

Hətta nəyisə etməyə qadir olsaq belə, bu, yalnız keçmişi indiki zamanda təkrarlamaqla onu dəyişdirmək cəhdi olar. Halbuki praktikada artıq baş vermiş hadisələri dəyişmək mümkün deyil.

Bəs nə etməli?

Yeganə həll yolu tarixi artıq baş vermiş hadisələr kimi deyil, baş verməli olanlar kimi anlamaqdır. Bu yanaşma bizi tarixin tamhüquqlu müəlliflərinə çevirir. Çünki tarix indi yaradılır və sabah da yaradılmalıdır.

Bəs keçmişdə baş verənlər nədir? Bu, tarixi təcrübədir. Tarixi təcrübə bizə tarixin təkrarlanmasının qarşısını almaq üçün nə etməli olduğumuzu və nədən çəkinməli olduğumuzu göstərən praktiki bələdçidir.

Bu gün Ermənistan vətəndaşının yaratdığı tarixi fərqləndirən də məhz budur. Əvvəllər belə bir şey olmayıb və bəlkə də ilk dəfədir ki, biz tarixi təkrarlayanlar deyil, onu yaradanlarıq.

Tarix artıq baş vermiş hadisələr deyil, hələ qarşıda olanlardır. Həyata keçirilməli olan isə uzunmüddətli inkişaf qabiliyyətinə malik, Azad və Xoşbəxt Ermənistan vizyonu əsasında qurulan dövlət yaratmaq strategiyasıdır.

Real Ermənistan ideologiyasını bölüşənlər harada və hansı sahədə çalışmasından asılı olmayaraq, bu vizyonla işə gedirlər. Hər kəsə xoş gün arzulayıram”.

Beləliklə, Paşinyan bu gün Ermənistanın əsas məqsədinin Azərbaycanla sülh sazişini imzalamaq olduğunu bəyan edir. Lakin nədənsə çıxışının heç bir hissəsində bu məqsədə necə çatmağı planlaşdırdığını açıqlamayıb. Hansı fəaliyyət variantları mövcuddur? O, hər hansı plan hazırlayıbmı və bu plan hansı addımlardan ibarətdir?

Məlum olduğu kimi, rəsmi Bakı hələlik tam və yekun sülh müqaviləsinin bağlanmasına yeganə maneənin Ermənistan Konstitusiyasının preambulasında Qarabağa dair ərazi iddialarının aradan qaldırılmaması olduğunu bildirir. Bu məsələni yalnız ümumxalq referendumu yolu ilə həll etmək mümkündür. Bununla belə, iyunda keçirilən parlament seçkilərindən sonra Paşinyanın komandasının bəzi üzvləri bu problemin həlli üçün başqa variantların da olduğunu bəyan etmişdilər.

Buna görə də Ermənistanın Baş nazirinin Azərbaycanla sülh sazişinə aparan yolu necə gördüyü olduqca maraqlıdır. Bu yol praktikada necə və hansı müddət ərzində həyata keçirilə bilər?

Bununla bağlı Pressklub.az-a danışan Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyovun sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün iki gözləntimiz məlumdur. 

“Birincisi, Ermənistan Konstitusiyasında Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsini bəyan edən Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. İkincisi, TRIPP layihəsinə start verilməlidir. Bu iki tədbirin hər ikisinə gələn il başlanmalıdır.

Bu məsələni sadələşdirməyimizi istəməzdim. Çünki Konstitusiyanın ümumxalq müzakirəsinə çıxarılacağı vəd olunub. Məsələ yalnız bizi maraqlandıran preambulanın çıxarılmasından ibarət deyil. Yeni Konstitusiya Ermənistanda həm parlamentdə, həm də bütövlükdə cəmiyyətdə müzakirə mövzusu ola biləcək çoxsaylı məsələləri əhatə edir. Bura dövlətlə kilsə arasındakı münasibətlər də daxildir. Hamıya məlumdur ki, bu sahədə vəziyyət kifayət qədər gərgindir. Ermənistan dövləti ilə diaspor arasındakı münasibətlər də mübahisəli və kəskin məsələlərlə zəngindir.

Konstitusiya Məhkəməsi və bütövlükdə məhkəmə sistemi ilə bağlı məsələlər də var. Bunlar da ciddi müzakirələrə səbəb ola biləcək həssas mövzulardır. Buna görə də məsələni sadələşdirərək demək olmaz ki, söhbət yalnız preambulanın çıxarılmasından getsəydi, Paşinyanı bu prosesə başlamağı yubandırmaqda ittiham etmək olardı. Yeni Konstitusiya təkcə preambulanın ləğvi məsələsindən daha geniş müzakirələrə hazır olmağı və razılığın əldə edilməsini tələb edir.

Qeyd etmək istərdim ki, Nikol Paşinyan hökumətin proqramını təqdim edərkən parlamentdəki çıxışında yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın yer aldığı preambulanın olmayacağını açıq şəkildə bildirib. Deməli, bu baxımdan Nikol Paşinyanın öhdəlikləri təsdiqlənib. Bununla belə, Konstitusiyanın özünü cəmiyyətdə hələ ciddi şəkildə müzakirə etmək lazım gələcək.

Müvafiq olaraq, referendumun Nikol Paşinyan hökuməti üçün müsbət nəticələnməsini təmin edəcək şərait yaradılmalıdır. Başa düşmək lazımdır ki, referendumun uğursuzluğa düçar olması riski var – xüsusən də onun keçirilməsi sadəcə sabotaj edilərsə. Referendumun baş tutmuş hesab olunması üçün seçicilərin 50 faizi səsvermədə iştirak etməli, iştirakçıların isə yarısı Konstitusiyanın lehinə səs verməlidir. Əleyhdarlara isə faktiki olaraq referendumu boykot yolu ilə pozmaq kifayət edər. Bu, Nikol Paşinyan hökumətinin legitimliyi üçün çox ciddi nəticələr doğurar. Bu riskləri nəzərə almaq lazımdır”, – analitik vurğulayıb.

Onun fikrincə, Ermənistan baş nazirinin komandası bu istiqamətdə hələ çox iş görməlidir. “Amma nəticə etibarilə normallaşma prosesi öz axarı ilə gedir. Gözləyirik ki, TRIPP layihəsi də müzakirələr mərhələsindən praktiki icra mərhələsinə keçsin və sərhədin delimitasiyası prosesi davam etdirilsin. Düşünürəm ki, vətəndaş cəmiyyəti arasında dialoq da bərpa olunacaq. Görüləsi işlər çoxdur.

Mən düşünmürəm ki, 30 il münaqişə şəraitində yaşadıqdan, 1980-ci illərin sonlarından hesabladıqda isə 40 ildən artıq müddət ərzində qarşıdurma içində olduqdan sonra kimsə bir neçə ilə nifrət, müharibə və qarşılıqlı yadlaşmanın yaratdığı bütün maneələrin aradan qaldırılacağını və münasibətlərin normallaşacağını gözləyir. Belə düşünən varsa, bu, illüziyadır. Proses kifayət qədər uzun çəkəcək. Bu yolda çətinliklər, bəlkə də durğunluq dövrləri də olacaq.

Buna hazır olmaq, gələcəkdə də kifayət qədər kəskin ziddiyyətlərin yarana biləcəyini nəzərə almaq lazımdır. Belə ziddiyyətləri müəyyənləşdirmək, onların təsirini neytrallaşdırmaq və nəzərə almaq lazım gələcək. Məsələn, Gürcüstanla aramızda müəyyən fikir ayrılıqları və ya anlaşılmazlıqlar yarananda münasibətləri sabitləşdirən amil çoxsaylı müqavilələrimizin, qarşılıqlı öhdəliklərimizin və asılılığımızın olmasıdır. Ticarət dövriyyəmiz bir milyard dollara yaxındır, Gürcüstanda Azərbaycan investisiyalarının ümumi həcmi isə 3 milyard dolları ötür.

Gürcüstanın Şərq istiqamətində nəqliyyat baxımından Azərbaycandan asılılığı, eləcə də Gürcüstan vasitəsilə Azərbaycanın Qərbə çıxışı da mühüm amildir. Gürcüstanda böyük Azərbaycan icmasının – 250 min azərbaycanlının yaşaması da öz rolunu oynayır. Bütün bunlar Gürcüstan-Azərbaycan münasibətlərində sabitləşdirici amil kimi çıxış edir.

Azərbaycan-Ermənistan münasibətlərində isə hələlik belə bir sabitləşdirici amil yoxdur. Onu yaratmaq üçün hələ çox iş görülməlidir. O zaman, hətta müəyyən ziddiyyətlər yaransa və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına zərər vurmağa çalışan qruplar fəaliyyət göstərsə belə, onların qarşısını almaq mümkün olacaq.

Hələlik səbirli olmaq, illüziyalara qapılmadan, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində addım-addım irəliləmək lazımdır. Bu prosesi çox sürətlə başa çatdırmağın, nifrət və qarşılıqlı qəbul etməmənin yaratdığı maneələri qısa müddətdə aradan qaldırmağın mümkün olduğunu düşünmək olmaz. Münaqişəyə daxil olmağımız 40 il çəkibsə, ondan çıxmaq və münasibətləri az-çox etibarlı şəkildə normallaşdırmaq üçün, bəlkə də, 10-15 il lazım gələcək. Uzunmüddətli işə köklənmək lazımdır”, – Musabəyov hesab edir.

Rauf Orucov