"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?
15 Oktyabr 2026
Nüfuzlu "The Lancet" jurnalının komissiyası tərəfindən 35 mütəxəssisin üçillik tədqiqatları əsasında hazırlanan yeni qlobal risk hesabatı nüvə münaqişəsi və süni intellektin pis məqsədlə istifadəsinin 2100-cü ilə qədər bəşəriyyəti məhv edə biləcəyini ortaya qoyub.
“Haber Global” xəbər verir ki, dünya miqyasında sağlamlıq və ömür uzunluğunu təhdid edən 17 əsas riskin nəzərdən keçirildiyi hərtərəfli tədqiqat Almaniyanın Berlin şəhərində təşkil edilən Dünya Səhiyyə Sammitində ictimaiyyətə açıqlanıb.
Hesabatda təhlükələrin böyüklüyünə diqqət çəkilir və eyni zamanda da onlardan hər biri üçün real həll yollarının olduğu vurğulanır.
Tədqiqatda nüvə müharibəsi və süni intellektin pis məqsədlər üçün istifadəsi versiyalarının reallaşma ehtimalının aşağı olmasına baxmayaraq, dağıdıcı təsirləri səbəbindən ən yuxarı sıralarda yer alıb. Nüvə münaqişələrinin atmosferi bağlayaraq, aclığa səbəb ola biləcəyi, süni intellekt dəstəkli bioloji silahların isə bəşəriyyət üçün misli görünməmiş fəlakətlər yarada biləcəyi qeyd edilib. Mütəxəssislər bu risklərin qiyamət ssenarisi yaratmaq potensialına malik olduğunu vurğulayıblar.
Siyahıda yer alan digər böyük təhdidlər sırasında hava çirkliliyi, antimikrob müqaviməti, uşaqlarda qeyri-kafi qidalanma, iqlim böhranı, ənənəvi münaqişələr və xarici yardımın kəsilməsi kimi hallar da var.
Yüksəkgəlirli bölgələrdə piylənmə və mental sağlamlıq problemləri ön plana çıxır, aşağıgəlirli bölgələrdə isə təhsil səviyyəsinin aşağı olması sağlamlığa təhdid yaradan əsas amillər kimi qeyd edilir.
Son illərdə ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir çox varlı ölkənin xarici yardım büdcələrində azalmaların olması qlobal sağlamlıq baxımından risk yaradır. Hesablamalara görə, beynəlxalq səhiyyə yardımlarının azalması və ya çökməsi halında 2100-cü ilə qədər milyardlarla illik sağlam həyat itirilə bilər ki, bunun da təxminən 70%-i Afrikada hiss ediləcək. Bölgə həmçinin uşaqlarda qeyri-kafi qidalanma böhranından ən çox zərər görən ərazilər arasındadır.
Komissiya üzvləri yayımlanan hesabatın insanları qorxutmaq məqsədilə deyil, liderlərin bu gündən başlayaraq hərəkətə keçməsi üçün bir bələdçi kimi xidmət etdiyini qeyd ediblər. Bildirilib ki, iqlim böhranında temperatur artımının məhdudlaşdırılması və ya texnoloji yeniliklərə investisiya qoyulması kimi addımlar sayəsində milyardlarla illik sağlam həyat xilas edilə bilər.