Logo
news content
User
Kateqoriyalar

Analitika

“Sülh körpüsü” çat verir?
Təşəbbüsün erməni iştirakçıları Qarabağdakı kilsənin “alban kilsəsi” adlandırılmasından narazı qalıblar

Sülh körpüsü” təşəbbüsünün erməni iştirakçıları diplomatların orta əsrlərə aid Gəncəsər monastır kompleksinə və ona bitişik muzeyə səfəri zamanı erməni mədəni irsinin təqdimatı ilə bağlı son hadisələrdən narahat olduqlarını bildirirlər”. Bu barədə Ermənistan İctimai Radiosu xəbər verir.

Ermənistan-Azərbaycan sülh prosesində artıq mühüm irəliləyiş əldə olunduğu və onilliklər davam edən münaqişədən sonra hər iki cəmiyyətin münasibətlərin yeni mədəniyyətinə keçidi davam etdirəcəyi gözlənildiyi bir vaxtda ictimai çıxışlar və atılan addımlar xüsusi əhəmiyyət kəsb edir.

Son hadisələr etimadsızlığı dərinləşdirir və dialoqun mənasız, sülhə nail olmaq cəhdlərinin isə faydasız olduğunu iddia edənlər üçün əlavə imkan yaradır. Sülh quruculuğu mürəkkəb və dürüst dialoq, bir-birinin problemlərinə diqqət və yaraları yenidən aça, yaxud düşmənçiliyi gücləndirə biləcək addımlardan şüurlu şəkildə yayınmaq üçün səylər tələb edir.

Buna görə də sülh prosesinin bütün iştirakçılarını mövcud məqamın məsuliyyətinə uyğun davranmağa, dağıdıcı kimi qəbul oluna biləcək söz və hərəkətlərdən çəkinməyə çağırırıq”, – onların bəyanatında deyilir.

Bəyanatı Areq Koçinyan, Naira Sultanyan, Boris Navasardyan, Narek Minasyan və Samvel Meliksetyan imzalayıblar.

Ermənistan İctimai Radiosunun saytında qeyd edilir ki, bəyanatı imzalayanlar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla birlikdə Qarabağa səfər zamanı “erməni mədəni irsini” alban irsi kimi təqdim etməsindən narazıdırlar.

Öz növbəsində News.am xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Armen Xaçatryan sentyabrın 14-də parlamentdə jurnalistlərlə söhbət zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin mövqeyinin əsassız olduğunu və sülh gündəliyinə töhfə vermədiyini bildirib.

Baş verənlər nədən xəbər verir? Bu hadisə “Sülh körpüsü” adlanan birgə vətəndaş dialoqu təşəbbüsünün dayandırılmasına gətirib çıxara bilərmi? Və bu insident rəsmi İrəvanla rəsmi Bakının tamhüquqlu sülh sazişinin imzalanmasına doğru irəliləyişinə mənfi təsir göstərə bilərmi?

Məsələ ilə bağlı Pressklub.az-a danışan Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyovun sözlərinə görə, aydındır ki, Ermənistanda baş verən bəzi şeylər bizim xoşumuza gəlməyəcək, Azərbaycanda baş verənlərdən bəziləri isə Ermənistanda narazılıq doğuracaq.

Buna təəccüblənmək lazım deyil. Münaqişə otuz ildən artıq müddətdə dərinləşib və bu ətalətin çox qısa zamanda aradan qaldırılacağını düşünmək mümkün deyil. Bu baxımdan, prosesin erməni iştirakçıları Azərbaycanda hər zaman bəyənilməyəcək fikirlər səsləndirəcəklər və əksinə, biz də eyni şeyi edəcəyik.

Azərbaycandakı erməni tarixi irsinin alban irsi kimi təqdim olunmasına gəlincə, bəlkə onlar əvvəlcə özləri düşünməlidirlər ki, İrəvandakı Azərbaycan məscidi (yeri gəlmişkən, Ermənistan ərazisində dağıdılmadan və məhv edilmədən qalan yeganə məscid) fars məscidi kimi təqdim olunmasın? Təsəvvür edirsiniz, axı Ermənistan ərazisindəki bir çox digər tarixi abidələri də gah türkmən, gah fars abidəsi adlandırırlar? Onları Azərbaycan abidəsi adlandırmağa isə dilləri gəlmir. Bəlkə bu barədə düşünməlidirlər?

Mən hesab edirəm ki, onlar sözlərinin müəyyən çəkisi olan ərazilərdə bunu nə qədər tez etməyə başlasalar, Azərbaycana ünvanladıqları tənqidi qeydlər bir o qədər sanballı görünər. O vaxta qədər isə nə demələrinin əhəmiyyəti yoxdur. Düşünmürəm ki, onların narazılığı nəyisə dəyişəcək. Çox güman ki, bu, erməni auditoriyasına hesablanıb. İstəmirlər ki, onları orada Azərbaycan narrativləri qarşısında həddən artıq geri çəkilməkdə ittiham etməsinlər”, – ekspert hesab edir.

Onun sözlərinə görə, Qarabağ ərazisindəki mədəni-tarixi və dini abidələr alban irsinə aiddir və tarixi məlumatlarla təsdiqlənən bu faktı inkar etmək üçün heç bir əsas yoxdur.

Albaniyanın guya Ermənistanın bir hissəsi olduğu və onun irsinin erməni mədəni-tarixi və dini irsinin tərkib hissəsi sayılmalı olduğu barədə iddiaların heç bir əsası yoxdur. Bu abidələrin alban irsinə aid olduğunu inkar etmək yolverilməzdir, çünki müstəqil Alban kilsəsi mövcud olub və sonradan zorla erməniləşdirilib.

Tarixçilər hadisələrin xronologiyası ilə bağlı müzakirələri davam etdirə bilərlər, lakin bu irsin alban mənşəli olması faktı mübahisəsiz olaraq qalır. Azərbaycan öz ərazisində tarixi faktlara əsaslanan mövqeni irəli sürmək və müdafiə etmək hüququna malikdir. Vəssalam”, – Musabəyov yekunlaşdırıb.

Rauf Orucov