Zelenski: "Bu müharibədə qalib tərəf ola bilməz"
16 Sentyabr 2026
"Hazırkı müharibədə heç bir tərəf üçün mütləq "qalibiyyət" ola bilməz".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini şərh edərkən bildirib.
Dövlət başçısının sözlərinə görə, Rusiyanın genişmiqyaslı hücumunun ilk günündən etibarən belə bir nəticə qeyri-mümkündür.
"Hamı üçün - təkcə Ukrayna və Rusiya üçün deyil, bütün dünya üçün ən başlıca qələbə sülhdür. Məhz sülh bu müharibəni dayandıra bilər. Bu isə insan həyatı naminə əldə edilən bir qələbədir", - deyə Ukrayna lideri "CBS News" telekanalının jurnalistinin sualını cavablandırarkən vurğulayıb.
Bununla yanaşı, Zelenski ABŞ tərəfinin Ukraynadakı müharibə ilə bağlı bir çox məqamları "anlamağa" başladığını qeyd edib. O, Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya 6-7 dəfə səfər etdikdən sonra ilk dəfə Kiyevə gəlmələrindən məmnunluğunu ifadə edib.
"Hesab edirəm ki, bu, çox önəmlidir. Onlar xalqımıza bu hörməti nümayiş etdirməli idilər və bunu etdilər. Onlar bəzi təkliflərini hələlik mediaya çıxarmamağımızı, təfərrüatı daha ətraflı müzakirə etməyimizi və ideyalarına reaksiya verməyimizi xahiş etdilər. Biz də məhz belə edəcəyik və hazırda Nyu-Yorkda Prezident Trampla görüşə hazırlaşırıq", - deyə Zelenski əlavə edib.