Rusiya Ukraynada avtobusa və qatara zərbə endirib - 5 nəfər ölüb
16 Sentyabr 2026
Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda marşrut avtobusuna pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 5 nəfər ölüb, azı 7 nəfər yaralanıb.
Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat yayıb.
“Rusiya hərbçiləri avtobusu pilotsuz uçuş aparatı ilə vurublar. Beş nəfər hadisə yerində ölüb”, – Qanja bildirib.
Onun sözlərinə görə, yaralanan 7 nəfər həkimlərin nəzarəti altındadır və onlara zəruri tibbi yardım göstərilir.
Bundan başqa, Rusiya ordusu Kiyev–Nikolayev marşrutu üzrə hərəkət edən sərnişin qatarına zərbə endirib.
Bu barədə “Ukrzaliznıtsya”nın İdarə Heyətinin rəhbəri Aleksandr Pertsovski məlumat verib.
“Ukrzaliznıtsya”nın monitorinq qrupu lokomotiv və qatar briqadalarının, eləcə də sərnişinlərin təxliyəsi barədə vaxtında göstəriş verib. Beləliklə, hər şey qaydasındadır”, – Pertsovski bildirib.
Onun sözlərinə görə, sərnişinlərin təyinat məntəqəsinə çatdırılması üçün hazırda Nikolayevə avtobusla transfer təşkil olunur.