SOCAR-a zərbə: Moskva Ukraynadakı obyektlərimizə bilərəkdən zərbə endirir
Ekspert: Sadəcə bəyanatlarla və səfirlərin XİN-ə çağırılması ilə vəziyyəti dəyişmək mümkün deyil
08 İyul 2026
Rusiya hərbçilərinin Ukraynanın Nikolayev vilayətində SOCAR-ın yanacaqdoldurma məntəqəsinə dronlarla zərbə endirməsini təsadüfi hadisə və ya müharibənin qaçılmaz fəsadları kimi qiymətləndirmək olmaz. Söhbət Moskvanın Ukraynada Azərbaycanın iqtisadi mövqelərini sarsıtmağa yönəlmiş düşünülmüş strategiyasından gedir. Bunun məqsədli xarakter daşıdığını 2025-ci ilin avqustunda Odessa yaxınlığında Azərbaycan qazının nəqlində mühüm həlqə olan qaz kompressor stansiyasına dəfələrlə zərbə endirilməsi də təsdiqləyir. Hədəf kimi dövlət şirkətinə məxsus mülki obyektlərin, hətta Kiyevdəki diplomatik nümayəndəliyin seçilməsi onu göstərir ki, Rusiya artıq hərbi hədəflərlə Azərbaycanın suveren aktivləri arasında fərq qoymur.
Görünür, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov məhz buna görə iyulun 6-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan tərəfi Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı ilə həyata keçirilmiş hücumla bağlı qəti etirazını bildirib və Rusiya tərəfinə müvafiq nota təqdim edib.
Qeyd olunub ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən bu hücum ilk belə hadisə deyil. Ukrayna ərazisində SOCAR-a məxsus obyektlər, o cümlədən Odessadakı qaz kompressor stansiyası və neft bazası bundan əvvəl də hərbi zərbələrə və döyüş əməliyyatlarının digər dağıdıcı nəticələrinə məruz qalıb. Nəticədə şirkətə xeyli maddi ziyan dəyib, əməkdaşları arasında isə xəsarət alanlar olub.
Vurğulanıb ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu cür hadisələrin davam etməsi onların məqsədyönlü xarakter daşıdığını göstərir.
Görüş zamanı, həmçinin Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinin və Xarkov şəhərindəki fəxri konsulluğunun binalarına ziyan dəyməsi ilə nəticələnən bir neçə hava zərbəsi də xatırlanıb. Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası və Konsulluq Əlaqələri haqqında Vyana Konvensiyası ilə müəyyən edilmiş öhdəliklərə uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin toxunulmazlığının ciddi şəkildə təmin edilməsinin zəruriliyi vurğulanıb.
XİN-in məlumatında bildirilir ki, Rusiya tərəfi sadalanan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş insidentlərlə bağlı müvafiq izahat verməyə, həmçinin mülki obyektlərin, diplomatik və konsulluq nümayəndəliklərinin müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etməyə çağırılıb.
Qeyd etmək lazımdır ki, SOCAR sadəcə biznes qurumu deyil, Bakının regionun enerji müstəqilliyinin təmin edilməsində əsas alətlərindən biridir. Trans-Balkan marşrutunun inkişafı Ukrayna və Avropaya Rusiyanın qaz inhisarından uzaqlaşmaq imkanı yaradır ki, bu da Kremldə ciddi narahatlıq doğurur. İnfrastruktur obyektlərinə endirilən zərbələr Moskvanın Bakıya maliyyə və reputasiya zərəri vurmaq, Avropanın enerji bazarındakı təsir rıçaqlarını qoruyub saxlamaq və Azərbaycanın müstəqil xarici siyasət kursundan narazılığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.
Bu addımlar sərt siyasi siqnaldır: Moskva beynəlxalq hüququn normalarına məhəl qoymadan, çoxşaxəli siyasət yürüdən və suverenliyini möhkəmləndirən dövlətləri “cəzalandırmağa” hazır olduğunu nümayiş etdirir. Bu cür aqressiv davranış ölkələr arasında dostluq və tərəfdaşlıq haqqında indiyədək verilmiş bütün bəyanatları faktiki olaraq mənasızlaşdırır. Kreml praqmatizmi açıq şantaj və güc təzyiqi ilə əvəz edərək Azərbaycanın maraqlarına tam etinasız yanaşdığını nümayiş etdirir.
Baş verənlərin fonunda cavab tələb edən mühüm suallar ortaya çıxır. Moskvanın bu aqressiv siyasətindən rəsmi Bakı hansı nəticələri çıxarmalıdır? Azərbaycan belə təzyiq şəraitində xaricdəki aktivlərinin və milli maraqlarının müdafiəsini necə təmin edə bilər?
Tanınmış ukraynalı jurnalist və bloqer Roman Tsımbalyuk yaranmış vəziyyətlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
.jpg)
“Mənim üçün aydındır ki, Putinin başçılıq etdiyi hərbi xunta əlinin çata bildiyi bütün regionlarda Ukraynanın enerji infrastrukturunu tamamilə məhv etmək niyyətindədir. Mən hesab etmirəm ki, onlar yalnız SOCAR şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini hədəfə alırlar. Son aylarda Sumı, Xarkov, Zaporojye və Xerson vilayətlərində müxtəlif şəbəkələrə məxsus 200-dən çox yanacaqdoldurma məntəqəsi yandırılıb. Bu, onların ümumi siyasətidir.
Bununla belə, Azərbaycana haqqını verməliyəm. Azərbaycan belə hərəkətlərin yolverilməz olduğunu rəsmi səviyyədə bəyan etməkdən və öz mülkiyyətinin məhv edilməsinə görə məsuliyyətin birbaşa Rusiyanın üzərinə düşdüyünü bildirməkdən çəkinməyən yeganə ölkədir. Əminəm ki, Ukraynada Azərbaycana məxsus yanacaqdoldurma məntəqələrinin, stansiyaların və neft bazalarının yandırılması faktı gec-tez məhkəmə instansiyalarında araşdırılacaq.
Fikrimcə, Azərbaycan Avropanın enerji bazarında çoxdan Rusiyanın ən ciddi rəqiblərdən birinə çevrilib. Bu müharibədə Azərbaycana məxsus aktivlər Moskva üçün ikinci dərəcəli hədəflər kimi görünə bilər, amma onların ümumi strategiyası aydındır: Ukraynanı məhv etmək, Azərbaycanı isə özünə tabe etdirmək. Əminəm ki, indiki şəraitdə vəziyyəti təkcə bəyanatlarla və ya səfirlərin Xarici İşlər Nazirliyinə çağırılması ilə dəyişmək mümkün deyil”, – şərhçi bildirib.
Onun sözlərinə görə, müharibə gedirsə, buna hərbi vasitələrlə cavab verilməlidir.
“Fikrimcə, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi prinsipial əhəmiyyət daşıyır. Lakin bu, müdafiənin yalnız son mərhələsidir. Vəziyyəti həqiqətən dəyişmək üçün raket daşıyıcılarını, Rusiyanın taktiki aviasiyasını və silah istehsal olunan zavodları məhv etmək lazımdır. Beynəlxalq hüquqa istinad etməklə Putini nəyəsə inandırmağa çalışmaq faydasızdır.
Biz, ukraynalılar, SOCAR-ı səmimi qəlbdən sevirik – həm yüksək xidmət keyfiyyətinə, həm də Azərbaycan dövlətinin müharibə şəraitinə baxmayaraq burada fəaliyyətini davam etdirməsinə görə. Hətta mənim Rovno şəhərinin dairəvi avtomobil yolunda sevdiyim SOCAR yanacaqdoldurma məntəqələri də var. Başa düşürük, bütün obyektlərin zərər gördüyü, yalnız SOCAR-ın aktivlərinin toxunulmaz qaldığı şərait yaratmaq mümkün deyil. Ya hər şey zərbə altında olacaq, ya da biz beynəlxalq təzyiq və güc vasitəsilə rusları geri çəkilməyə məcbur edəcəyik. Qeyd etmək istəyirəm ki, biz, Azərbaycana məxsus aktivlərin məhv edilməsinin qisasını Omskda yaxşı almışıq və bunu bundan sonra da etməyi planlaşdırırıq.
Amma təəssüf ki, son nəticədə burada müzakirə ediləcək xüsusi bir şey yoxdur: qarşı tərəf sadəcə hər şeyi məhv etmək istəyir”, – Tsımbalyuk yekunlaşdırıb.
Rauf Orucov