“Şimal–Cənub” dəhlizi: Gələcəkdə ola bilər, indi bizə lazımdırmı?
Bu dəhliz hazırda Rusiyanın və İranın maraqlarına xidmət edir
15 İyul 2026
Yaxın vaxtlarda Rəşt–Astara dəmir yolunun tikintisi layihəsinin icrasına başlanılacaq. Bu barədə Azad Iran agentliyi İran Dəmir Yolları İdarəsinin rəhbəri Cabbar Əli Zakəriyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, marşrut boyunca yerləşən bütün torpaq sahələrinin satın alınması prosesi başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.
Zakəri bildirib ki, uzunluğu 162 kilometr olan Rəşt–Astara dəmir yolu “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas hissələrindən biridir. Layihə İranın cənub limanlarını Cənubi Qafqaz, Rusiya və Avropanın dəmir yolu şəbəkəsi ilə birləşdirməyi nəzərdə tutur.
Qeyd edək ki, Rusiya və İran 2023-cü ildə “Şimal–Cənub” layihəsi çərçivəsində İranla Azərbaycan arasında yerləşən təxminən 160 kilometrlik Rəşt–Astara dəmir yolu sahəsinin birgə tikintisi haqqında saziş imzalayıblar. Bu xətt Fars körfəzi limanları ilə fasiləsiz dəmir yolu bağlantısını təmin edəcək.
Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Moskva və Tehran layihənin hazırlanması, tikintisi, eləcə də mal və xidmətlərin təchizatını birgə maliyyələşdirməlidirlər.
Azərbaycanın həm şimalında, həm də cənubunda vəziyyət sürətlə dəyişir, amma Moskva və Tehranın bu layihə ilə bağlı ritorikası əvvəlki kimi qalır. Təbii olaraq sual yaranır: Rəşt–Astara dəmir yolunun tikintisinə hələ başlamadığı bir vəziyyətdə Azərbaycan necə davranmalıdır? Bu xəttin Azərbaycan ərazisindən keçən dəmir yolu ilə birləşdirilməsi Bakının maraqlarına uyğundurmu? Nəzərə alaq ki, layihə hazırda Moskva və Tehrandakı beynəlxalq sanksiyalar altında olan hakimiyyətlərin iştirakı ilə həyata keçirilir. Belə olduqda, Azərbaycanın həmin təşəbbüsdə iştirakı faktiki olaraq bu dövlətlər arasında iqtisadi əməkdaşlığın dəstəklənməsi kimi qiymətləndirilə bilər. Bu baxımdan Bakı daha əlverişli siyasi şərait yaranana qədər – yəni Rusiyada və İranda hakimiyyət dəyişənədək – layihədə iştirakdan imtina etməlidirmi? Çünki layihənin özü mahiyyət etibarilə pis deyil və həyata keçirilməyə layiqdir. Sadəcə, bu, layihədə iştirak edən ölkələrin artıq işğalçı müharibələr aparmadığı və ya beynəlxalq terrorizmi dəstəkləmədiyi bir dövrdə baş versə, daha məqsədəuyğun olar.
Pressklub.az-ın suallarını tanınmış analitiklər cavablandırıblar.
Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) hesab edir ki, əslində Azərbaycan bu cür iri transmilli layihələrə daha çox uzaq perspektiv kimi baxır və onlara hazırkı mərhələdə ciddi praktiki əhəmiyyət vermir.
.jpg)
“Görünən odur ki, qısa tarixi ərzində artıq kifayət qədər çətin mərhələlərdən keçmiş Rəşt–Astara layihəsi, xüsusilə də İranda baş verən son hadisələr fonunda, hələ uzun müddət qeyri-müəyyən vəziyyətdə qalacaq.
TRIPP layihəsinə gəlincə, o da hələlik daha çox nəzəri səviyyədə qalır. Buna görə də Azərbaycan kommunikasiya layihələri çərçivəsində əsas diqqəti Gürcüstan marşrutlarına yönəldəcək. Biz bunu elə ötən həftə də müşahidə etdik. Məhz bu istiqamət yaxın dövrdə əsas praktik yanaşma olacaq. Bununla yanaşı, bütün bunlar Fars körfəzinə çıxış imkanları və Zəngəzur dəhlizi (ona necə ad verilməsindən asılı olmayaraq) vasitəsilə qlobal nəqliyyat-kommunikasiya əlaqələrinin perspektivləri ilə bağlı nəzəri və ideoloji mülahizələrlə müşayiət olunacaq”, – Dubnov bildirib.
Müstəqil siyasi şərhçi Xaqani Cəfərli isə qeyd edib ki, “Şimal–Cənub” nəqliyyat dəhlizinin əsas məqsədi Rusiyanın “ isti dənizlərə” çıxışını təmin etməkdir.
.jpg)
“Rusiya artıq 200 ildən çoxdur ki, ilboyu qlobal ticarətə və hərbi-dəniz qüvvələrinin sərbəst hərəkətinə imkan verən “isti dənizlərə” çıxış əldə etməyə çalışır. Sovet İttifaqının 1945-ci ildə İranı bölmək cəhdi və 1979-cu ildə Əfqanıstana müdaxiləsi də məhz bu məqsədə xidmət edirdi. Son illərdə isə Moskva bu hədəfə “Şimal–Cənub” nəqliyyat dəhlizi vasitəsilə nail olmağa çalışır. Bu Rusiya layihəsi Azərbaycanın həyati maraqlarına ziddir, eyni zamanda ABŞ və Böyük Britaniyanın maraqları ilə də üst-üstə düşmür. Mənim fikrimcə, ABŞ və Böyük Britaniya bu layihənin həyata keçirilməsinə imkan verməyəcəklər.
Bəzi ekspertlər hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsinin və ABŞ-ın İrana endirdiyi hərbi zərbələrin səbəblərindən biri də məhz Rusiyanın “isti dənizlərə” çıxışının qarşısını almaqdır. Məncə, bu yanaşma həqiqətdən uzaq deyil. Moskvanın bu planının qarşısını almaq üçün həm İranın parçalanması, həm də Rusiyanın dağılması ssenariləri də nəzərdən keçirilir. Hesab edirəm ki, müharibələr başa çatdıqdan sonra Rusiyanın indiki məqsədlərindən əsər-əlamət qalmayacaq. Çünki həmin vaxt nə indiki Rusiya, nə də indiki İran mövcud olacaq. İranın federallaşması və ya parçalanması, eləcə də Rusiyanın milli respublikalarının öz müqəddəratını təyin etməyə çalışması geniş coğrafiyada yeni siyasi nizam formalaşdıracaq. Proseslər Azərbaycanın həyati maraqlarının təmin olunacağı yeni dünya düzəninə doğru inkişaf edir.
Buna görə də düşünürəm ki, Azərbaycan Rəşt–Astara dəmir yolunun tikintisini indiki mərhələdə dayandırmalıdır. Əgər gələcəkdə bu marşrutla bağlı yeni layihələr gündəmə gələrsə, o zaman həmin təşəbbüslər artıq Azərbaycanın milli maraqlarına uyğun şəkildə yenidən qiymətləndirilə bilər.
Tələsməyə heç bir əsas yoxdur. Necə ki, vaxtilə Xankəndini Ermənistanla birləşdirən və 10 noyabr tarixli Üçtərəfli Bəyanat çərçivəsində nəzərdə tutulan bədnam Laçın dəhlizinə alternativ yolun tikintisinə tələsmək lazım deyildi, indi də eyni yanaşma tətbiq olunmalıdır. Mən həmin vaxt bu yolun tikintisinin əleyhinə çıxış edərək bildirirdim ki, Rusiya sülhməramlıları yaxın vaxtlarda Azərbaycanı tərk etməyə məcbur olacaqlar. Xəbərdarlığımdan cəmi bir neçə ay sonra sülhməramlılar ölkədən çıxdılar və alternativ yolun tikintisinə xərclənən vəsait faktiki olaraq boşa getdi.
Mən Rusiyanın və İranın müharibələrdən sonra simasının dəyişəcəyinə, hətta vaxtilə Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyinə inandığımdan da daha çox inanıram. Rusiya və İran kimi dövlətlər ağır itkilərin təsiri altında qaçılmaz şəkildə ciddi transformasiyalara məruz qalacaqlar. Tarixdə bunun çoxlu nümunələri var. 1917-ci ildə Rusiya imperiyasının süqutu və 1991-ci ildə Sovet İttifaqının dağılması buna parlaq misaldır.
Bütün bunları nəzərə alaraq, tələsməyə ehtiyac yoxdur. Azərbaycanın tələsməli olduğu yeganə istiqamət Orta Dəhlizin reallaşdırılmasıdır. Bu, “Əsrin müqaviləsi”ndən sonra ölkə üçün ikinci ən mühüm layihədir. Əgər “Əsrin müqaviləsi” əvvəlcə Azərbaycanın enerji və iqtisadi, daha sonra isə siyasi və hərbi müstəqilliyini, eləcə də suverenliyini təmin etdisə, Orta Dəhliz və onun tərkib hissəsi olan “Tramp marşrutu” Azərbaycanın həyati əhəmiyyət daşıyan maraqlarını təmin edəcək. Buna görə də mən rəsmi Bakının yerində olsaydım, “Şimal–Cənub” dəhlizi ilə bağlı addımlar atmağa tələsməzdim”, – Cəfərli yekunlaşdırıb.
Rauf Orucov