Ölüm yolçuluğu, baş tutmayan oyun, 178 ölü...
“Göydən təyyarə qalıqları tökülürdü”
12 Avqust 2026
1979-cu il avqustun 11-i Ukraynanın Kurilovka kəndinin sakinlərinin yaddaşına ömürlük həkk olundu. Həmin gün saat 13:35-də Dnepropetrovsk vilayətinin səmasında iki sərnişin təyyarəsi toqquşdu: onlardan biri Çelyabinskdən Kişinyova, digəri isə Daşkənddən Minskə uçurdu. Kurilovka sakinləri sonralar göydən təyyarə qalıqlarının necə töküldüyünü gördüklərini xatırlayırdılar. Faciədən sağ çıxan olmadı: 178 nəfər həlak oldu. Onların arasında SSRİ çempionatında Minskin "Dinamo" komandası ilə səfər oyununa yollanan "Paxtakor"un 14 futbolçusu da var idi. Sovet İttifaqının ən böyük aviaqəzalarından birinə çevrilən bu faciənin istintaqının təfərrüatları uzun illər məxfi saxlanıldı və yalnız SSRİ dağıldıqdan sonra ictimaiyyətə qismən açıqlandı.
Faciədən əvvəlki "Paxtakor": heyət, baş məşqçi, ambisiyalar
1970-ci illərin sonlarında Daşkəndin "Paxtakor" komandası SSRİ çempionatının möhkəm orta səviyyəli kollektivlərindən sayılırdı. Bəli, komanda nəhəng klub deyildi, medal qazanmır, avrokuboklarda çıxış etmirdi, lakin istənilən liderə ciddi müqavimət göstərə bilirdi. Yaşlı azarkeşlər hələ də 1975-ci ilin payızında "Paxtakor"un öz meydanında məşhur Kiyev "Dinamo"sunu 5:0 hesabı ilə darmadağın etdiyi oyunu xatırlayırlar. Maraqlıdır ki, bundan cəmi 10 gün əvvəl Kiyev təmsilçisi UEFA Superkubokunu qazanaraq Avropanın ən güclü klubu olmuşdu (maraqlıdır ki, həmin il “Paxtakor” sonuncudan əvvəlki yeri tutaraq aşağı liqaya düşdü - Pressklub).
1979-cu ildə Daşkənd komandasının baş məşqçisi vəzifəsinə əvvəllər Minsk "Dinamo"sunu çalışdırmış Oleq Bazileviç gətirildi. Mövsümün ikinci dövrəsinə qədər komanda yaxşı formaya düşdü: Minskə uçmazdan əvvəl ardıcıl dörd qələbə qazandı və Bazileviç əmin idi ki, komandası medal uğrunda mübarizəyə qoşula bilər. O vaxt turnir cədvəlində üçüncü yeri tutan komanda ilə səkkizinci pillədə qərarlaşan "Paxtakor"u cəmi 8 xal ayırırdı.
Minsk "Dinamo"sunun hücumçusu Vladimir Kurnev "Paxtakor"un futbolçularını çox yaxşı tanıyırdı. O, 1977-ci ildə baş məşqçi Aleksandr Koçetkovun dəvəti ilə Daşkəndə köçmüş və komandada iki mövsüm keçirmişdi.

– Orada həm məişət, həm də maliyyə baxımından şərait çox yaxşı idi. Klubun şəhərdən kənarda bazası, yaxşı stadionu vardı. Ümumiyyətlə, özbəklər futbolu çox sevirdilər – tribunalar həmişə dolu olurdu. Komandaya Özbəkistan Kommunist Partiyasının birinci katibi Şərəf Rəşidov himayədarlıq edirdi. Biz 1977-ci ildə yüksək liqaya vəsiqə qazandıqdan sonra hər bir futbolçuya "Jiquli" avtomobili hədiyyə edildi, – deyə Vladimir Borisoviç xatırlayır. – Kollektivimiz beynəlmiləl idi: mən Minskdən gəlmişdim, Korçenov Kazandan idi, Kulikov Moskvadan, Pokatilov Aşqabaddan, Serostanov isə Rostovdan. Komandada sağlam ab-hava hökm sürürdü, heç bir ziddiyyət yox idi.
Yüksək səviyyəli futbolçular toplanmışdı. Vladimir Fyodorov və Mixail An artıq SSRİ yığmasına dəvət almışdılar.
– Onlar necə futbolçu idilər? Fyodorov sürətli idi, çox güclü zərbəsi vardı. An isə plastik və çevik oyunçu idi, ötürmə mədəniyyəti son dərəcə yüksək idi. O, istənilən məsafəyə dəqiq ötürmə verə bilirdi və komanda yoldaşı əmin olurdu ki, top mütləq ona çatacaq. Bəli, top almaqda Mixail o qədər də güclü deyildi, amma yaradıcı kimi əvəzsiz idi.

Kurnev xatırlayır ki, 1979-cu ildə də "Paxtakor"da qala bilərdi, lakin ailəsinin yanına – Minskə qayıtmağı üstün tutdu.
– Koçetkov məni "Paxtakor"dan buraxmaq istəmirdi. Mövsümöncəsi artıq Gürcüstandakı "Eşera" idman bazasında "Dinamo" ilə məşq edərkən xüsusi olaraq Daşkəndə uçdum ki, məşqçi və uşaqlarla danışım. İzah etdim ki, başqa kluba yox, sadəcə evimə qayıdıram, ailəm məni gözləyir. Nəhayət, Koçetkov razılaşdı. Az sonra isə onun yerinə baş məşqçi postuna Bazileviç gətirildi.
Həmin "Paxtakor"u SSRİ yığmasının və Minsk "Dinamo"sunun keçmiş müdafiəçisi Sergey Borovski də yaxşı xatırlayır. Onun sözlərinə görə, komandanın əsas hücum gücü məhz Fyodorov və An idi.

– Onlar artıq SSRİ yığmasında çıxış etmişdilər və bildiyimə görə, Vladimir Beskov 1980-ci il Olimpiadası ərəfəsində onları yenidən milli komandada sınamağı planlaşdırırdı, – deyə Sergey Vladimiroviç bildirir. – "Paxtakor"un inkişafı açıq-aşkar görünürdü. Bizim onlarla oyunlarımız həmişə çətin keçirdi. Xüsusilə də Daşkənddə, çünki orada özünəməxsus iqlim şəraiti vardı. Birinci dövrədə onlara 0:2 hesabı ilə uduzmuşduq, cavab görüşündə revanş almağa köklənmişdik, amma...
1979-cu il avqustun 11-də baş verən aviaqəza: "Paxtakor" necə məhv oldu və sonra nə baş verdi
Avqustun 11-i səhər klubun "İkarus" avtobusu "Paxtakor"u beynəlxalq hava limanına gətirdi və saat 11:30-da futbolçuları daşıyan Tu-134 təyyarəsi Daşkənddən havaya qalxdı. Komanda yoldaşları ilə birlikdə salonda Mixail An da vardı. O, zədə səbəbindən "Dinamo"ya qarşı oynaya bilməyəcəyini yaxşı başa düşürdü, lakin kapitan kimi Belarusda komandasına mənəvi dəstək olmaq qərarına gəlmişdi.
Baş məşqçi Oleq Bazileviç isə komanda ilə birlikdə uçmamışdı. O, həyat yoldaşı və oğlunu görmək üçün Soçidəki sanatoriyaya yollanmış və oradan Minskə gələcəkdi.

Lakin nə An, nə də Bazileviç heç vaxt Minskə çata bilmədi. Saat 13:11-də təyyarə Donetskdə yanacaq doldurduqdan sonra yenidən havaya qalxdı və cəmi 20 dəqiqə sonra dəhşətli hadisə baş verdi: Tu-134 Çelyabinskdən Kişinyova uçan başqa bir Tu-134 ilə toqquşdu. Onun sağ qanadı qarşı təyyarənin pilot kabinəsinin bir hissəsini qopardı, sonra isə təyyarələr quyruq hissələri ilə toqquşdular. Təyyarələrdən biri elə havadaca bir neçə hissəyə parçalandı, digəri isə qəza enişi etməyə cəhd göstərdi, lakin buna nail ola bilmədi. Kurilovka yaxınlığında baş verən aviaqəzada 178 nəfər həlak oldu.
Həmin vaxt Minsk "Dinamo"sunun futbolçuları qarşıdakı oyuna hazırlaşırdılar və baş verənlərdən xəbərsiz idilər.
– O günlər biz “Stayki” bazasında məşq edirdik. Minskə gələn komandaları adətən klubumuzun administratoru Leonid Mixayloviç Vasilevski qarşılayırdı. Həmin axşam o, bazaya gec qayıtdı. Səhər yuxudan sonra baş məşqçimiz Eduard Vasilyeviç Malofeyev bizi bir yerə yığdı və faciə barədə məlumat verdi. Təbii ki, həmin gün məşq olmadı. Hamımız bazanı tərk etdik, – deyə Sergey Borovski xatırlayır. – Özümü qəribə hiss edirdim. Axı "Paxtakor" məhz səninlə oynamağa gəlirdi. Elə bilirdim ki, oyun başqa şəhərdə keçirilsəydi, bəlkə də bu faciə baş verməzdi.
— Axşamlar yatmazdan əvvəl futbolçuların bir qismi bazanın ərazisindəki talvarda toplaşar, digərləri isə göl kənarında gəzərdi. Saat 11-ə yaxın hamı otaqlarına çəkilərək yatardı, — deyə Vladimir Kurnev xatırlayır. — "Stayki" bazasında ikiotaqlı blokda qalırdım: bir otaqda mən, digərində isə Saşa Prokopenko ilə Petya Vasilevski yaşayırdı. Yadımdadır, uzanmışdım ki, qapı açıldı, Anatoli Baydaçnı içəri girdi və dedi: "Eşitmisən nə olub? "Paxtakor" qəzaya düşüb!" Səhər məşqdən əvvəl Malofeyev hamımıza bildirdi ki, oyun keçirilməyəcək.
Belə bir xəbəri eşidəndə istər-istəməz düşünürsən ki, özün də həmin təyyarədə ola bilərdin. İnsanın ürəyinə vahimə çökür. Əlbəttə, uşaqlara da çox heyfin gəlir. Mən o komandada iki il oynamışdım, hamısı ilə ünsiyyətim vardı. Zarafatlaşır, gülürşürdük. Bu xəbər hamımızı sarsıtdı.
Futbolçular, rəhbərlər və həlak olanların yaxınları faciədən xəbərdar olsalar da, sovet mətbuatı israrla susurdu. SSRİ-də belə faciələr haqqında danışmaq qəbul edilmirdi. Tanınmış idman şərhçisi Vladimir Maslaçenko sonralar müsahibələrinin birində xatırlayırdı ki, ona "yuxarılardan" zəng vuraraq televiziya efirində baş verənlər barədə danışmamağı qəti şəkildə tapşırmışdılar.

SSRİ birinciliyini izləyən "Veçerniy Minsk" qəzeti yalnız qısa bir məlumatla kifayətləndi:
"SSRİ çempionatının– "Paxtakor" (Daşkənd) oyunu keçirilməyəcək. Alınmış biletlər avqustun 17-də keçiriləcək "Dinamo" (Minsk) – "Zenit" (Leninqrad) matçında etibarlıdır".
Məşhur "Futbol-Hokkey" həftəliyinin yeni nömrəsini açan azarkeşlər növbəti turun nəticələri arasında Belarusdakı oyun barədə məlumatın olmamasına təəccüblənirdilər. Təyyarə qəzası haqqında ilk rəsmi məlumat yalnız bir həftə sonra – avqustun 18-də yayımlandı. Həmin gün TASS xəbər agentliyi bildirdi ki, Daşkənddə "minlərlə Özbəkistan sakini aviasiya qəzasında həlak olmuş "Paxtakor" futbolçularını son mənzilə yola salıb".
Baş verənlərə futbol federasiyası operativ reaksiya verdi. Daşkənd klubunun əsas heyəti artıq mövcud olmadığından digər klublara "Paxtakor"u müvəqqəti olaraq öz futbolçuları ilə gücləndirmək təklif edildi. Sergey Borovskinin sözlərinə görə, hansı oyunçuların Özbəkistana göndəriləcəyinə hər klub özü qərar verirdi. Minskdən Daşkəndə hücumçu Pyotr Vasilevski ezam olundu.
Bundan başqa, "Paxtakor"a nəticələrdən asılı olmayaraq daha üç il yüksək liqada çıxış etmək hüququ verildi. Komanda sonuncu yeri tutsa belə, birinci liqaya düşməyəcəkdi. Nəticədə "Paxtakor" 1979-cu il mövsümünü doqquzuncu pillədə başa vurdu.
Amma bunlar yalnız qollar, xallar və statistik göstəricilər idi. Bütün Özbəkistanın sevdiyi o kollektivi geri qaytarmaq mümkün deyildi.
Futbolçuları aparan təyyarə niyə qəzaya uğradı: rəsmi istintaqın nəticələri
Təyyarə qəzasının təfərrüatları uzun illər gizli saxlanıldı. Buna görə də müxtəlif şayiələr və fərziyyələr yarandı. Qəzanın səbəbi kimi həm hava hücumundan müdafiə raketinin zərbəsi, həm Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şerbitskinin Özbəkistan rəhbəri Şərəf Rəşidovdan qisas alması, həm də hansısa yüksək vəzifəli şəxsin uçuşu göstərilirdi. Şayiələrə görə, həmin məmura üç hava dəhlizindən biri ayrılmış, nəticədə iki sərnişin təyyarəsi eyni marşrutda üz-üzə gəlmişdi. Yekunda dispetçerlərin səhvi və qəza.
Rəsmi aviasiya-texniki ekspertizanın rəyinə görə isə toqquşmanın əsas səbəbi dispetçerlərin "radioəlaqə frazeologiyası, radio mübadiləsi və dispetçer işinin texnologiyası qaydalarını kobud şəkildə pozmaları" olub.
Həmin gün Xarkov dispetçer mərkəzində yeddi dispetçer işləyirdi. Növbə rəisi Sergey Sergeyev ən gərgin sektora təcrübəsiz stajçı Nikolay Jukovskini təyin etmiş, onun işinə nəzarəti isə Vladimir Sumskoya tapşırmışdı.
Jukovski tapşırığın öhdəsindən gələ bilmədi. O, uçuş qrafikini səhv hesabladı. Hesab edirdi ki, təyyarələrin kəsişmə nöqtəsindən keçməsi arasında üç dəqiqə fərq olacaq, lakin yanılmışdı. Nəticədə təyyarələr eyni yüksəklikdə qarşılaşdı və toqquşma qaçılmaz oldu.

Sumskoy son anda vəziyyəti xilas etməyə çalışaraq Minsk istiqamətində uçan təyyarəyə hündürlüyü dəyişməyi əmr etdi. Cavab olaraq "Qəbul edildi" sözünü eşitdi. Sonradan məlum oldu ki, ona tamam başqa bir təyyarənin pilotu cavab verib. Həmin vaxt hava məkanında uçuşların intensivliyi çox yüksək idi.
Ukrayna SSR Ali Məhkəməsi Sumskoy və Jukovskini təqsirli bildi. Hər biri 15 il azadlıqdan məhrum edildi. Sumskoy altı il yarımdan sonra amnistiya ilə azadlığa çıxdı. Digər dispetçer – Jukovskinin sonrakı taleyi barədə dəqiq məlumat yoxdur. Onun intihar etdiyi barədə şayiələr yayılsa da, bu iddia heç vaxt təsdiqlənməyib.
Sumskoy sonradan "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində demişdi ki, məsuliyyəti öz üzərindən atmır, lakin baş verənləri uğursuzluq və faciəvi təsadüflərin nəticəsi hesab edir.
Həlak olanların yaxınları isə cinayət işinin materialları ilə tanış olmaq imkanı əldə etməyiblər. Bu sənədlər uzun illərdir "məxfi" qrifi altında saxlanılır.
"Dinamo" – "Paxtakor" oyunu ilə bağlı bütün artefaktlar qısa müddətdə kolleksiya raritetinə çevrildi. Qarşılaşmaya həsr olunmuş proqram "Vo slavu Rodinı" mətbəəsində 5 min nüsxə tirajla çap olunsa da, satışa çıxarılmadı və bu gün əsl nadir eksponat sayılır.
— Oyunun keçirilməyəcəyi məlum olandan sonra proqramlar məhv edilməli idi, — deyə Belarus futbolunun tədqiqatçısı və kolleksiyaçısı Aleksandr Tomin bildirir. — Buna görə də 1970–1980-ci illərdə Minsk "Dinamo"sunun ev oyunları üçün buraxılmış bütün proqramlar arasında məhz bu proqram ən nadir hesab olunur.

Cəmi bir neçə nüsxə qorunub saxlandığı üçün Minsk "Dinamo"su, "Paxtakor" və SSRİ yüksək liqası proqramlarını toplayan kolleksiyaçılar arasında böyük maraq doğurur.
Onun dəqiq qiymətini müəyyənləşdirmək çətindir, amma məncə, bir neçə yüz ABŞ dollarından da baha ola bilər.
Faciədən artıq 47 il keçməsinə baxmayaraq, Özbəkistanda "Paxtakor"un xatirəsi yaşayır. Həlak olmuş futbolçuların şərəfinə Botkin qəbiristanlığında böyük memorial ucaldılıb, Daşkənddə isə onların adını daşıyan küçələr salınıb. Özbəkistan paytaxtının ən qısa küçəsi isə "Paxtakor-79" adlanır. Hər il komandanın xatirəsinə turnirlər və yoldaşlıq oyunları keçirilir.

2024-cü il avqustun 11-də Minskdə faciənin 45-ci ildönümünə həsr olunmuş xatirə oyunu keçirildi. Qarşılaşmada Belarus və Özbəkistanın futbol veteranları, həmçinin Medialiqanın "DMedia" klubunun futbolçuları iştirak etdilər. Oyun 6:6 hesablı heç-heçə ilə başa çatdı.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada