Bu dərə - “Uzundərə”
Xaçaturyan, Hacıbəyov və Qafqaz folkloru: plagiat iddialarına baxış
12 Avqust 2026
Erməni bəstəkar Aram Xaçaturyanın öz əsərlərinin bəzilərində Azərbaycan musiqi motivlərindən istifadə etməsi son illərdə geniş müzakirə olunan mövzulardan biridir. Bəzi mənbələr bunu təkzib edir, bəziləri isə təsdiqləyir.
Aram Xaçaturyan (1903–1978) – dünya şöhrətli sovet-erməni bəstəkarı, dirijor və musiqi pedaqoqudur. O, klassik musiqidə milli motivləri simfonik forma ilə birləşdirməsi ilə tanınır. Əsərlərində Qafqaz və Yaxın Şərq musiqi elementləri, ritmik zənginlik və emosional ifadə güclü yer tutur. Xaçaturyanın ən məşhur əsərləri sırasında “Qayane” baleti, “Spartak” baleti, eləcə də skripka, fortepiano və violonçel üçün konsertlər var. “Qayane” baletinin aktlarının birində isə “Uzundərə” rəqsindən geniş istifadə olunur.
Təsirlənmə və plagiat arasında sərhəd
Təsirlənmə ilə plagiat arasındakı sərhəd hər zaman müzakirə mövzusu olub. Müəllif başqa bir mənbədən ideya və ya üslub elementlərini yaradıcı şəkildə işləyirsə, bu, təsirlənmə hesab olunur. Ancaq mövcud melodiyanın, mətnin, habelə digər yaradıcılıq nümunəsinin mənbə göstərilmədən və ya ciddi dəyişiklik edilmədən mənimsənilməsi plagiat kimi qiymətləndirilir. Bu baxımdan, müxtəlif əsərlər arasında oxşarlıqların araşdırılması zamanı onların sadəcə folklor ənənəsindən qaynaqlandığını, yoxsa müəllif hüquqları və mənimsəmə məsələlərini gündəmə gətirdiyini müəyyənləşdirmək xüsusi əhəmiyyət daşıyır.
Təsadüfi oxşarlıq, ilhamlanma, yoxsa plagiat?
Bəstəkar Firudin Allahverdi deyir ki, “Uzundərə” rəqsinin yaranma tarixi XIX əsrə, bəzi tədqiqatlara görə isə daha erkən dövrlərə gedib çıxır. Adətən o, toy və el şənliklərində ifa olunub. Aram Xaçaturyan “Qayane” baletini isə 1942-ci ildə yazıb. Baletdə yer alan “Uzundərə” epizodu xalq arasında tanınan bu melodiyanın səhnə üçün işlənmiş formasıdır.
Sovet ideologiyası: Kosmopolitliyin ardından gələn millilik
Bəstəkar Firudun Allahverdinin sözlərinə görə, sovet dövründə ittifaq ölkələri arasında sərhədlərin açıq olması eyni musiqilərin yaxın xalqlar arasında geniş istifadəsinə gətirib çıxarıb: “Uzundərə” o dövrlərdə toy mərasimlərində “Vağzalı”dan əvvəl gəlin havası kimi səsləndirilib. Xaçaturyanın baletləri həm onun öz ölkəsində, müttəfiq respublikalar arasında, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilib və burada sovet ideologiyasına uyğun mövzuların seçilməsi ilə yanaşı, xaricdəki erməni diasporunun dəstəyi də rol oynayıb. Nəticə etibarı ilə, Xaçaturyan XX əsrin ən məşhur bəstəkarlarından biri kimi tanınıb”.
Ancaq “Uzundərə” rəqsindən söhbət gedəndə bəzi mənbələrin Aram Xaçaturyanı məhz bu musiqi parçasının müəllifi kimi göstərməsi birmənalı olaraq yanlışdır. Ona qalsa, həmin rəqsin musiqisini Xaçaturyandan 32 il əvvəl Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da…" mahnısında istifadə etmişdir. Bu, rəqsin Üzeyir bəyin yaradıcılığından öncə də xalq arasında yayıldığını aşkar göstərir.

Azərbaycan musiqisindən təsirlənmə və melodiyaların zamanla mənimsənilməsi
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Rauf Bəhmənli deyir ki, böyük həcmli əsərlər – simfoniya, opera və balet yazan bəstəkarlar üçün xalq musiqisi əsas və zəngin mənbədir.
“Xaçaturyan sovet dövründə Azərbaycan mühitində böyüyüb və bu musiqini uşaqlıqdan eşidib. “Uzundərə” Ağdam bölgəsinə bağlı xalq rəqsidir. Aram Xaçaturyanın əsərlərində Azərbaycan xalq musiqisinin ritm və melodiyaları açıq hiss olunur”, - Bəhmənli bildirir.
Musiqişünasın sözlərinə görə, Sovet dövründə Azərbaycan xalq musiqisinin ermənilər tərəfindən mənimsənilməsi XIX əsrdə Türkmənçay və Ədirnə müqavilələrindən sonra bölgəyə ermənilərin kütləvi köçürülməsi ilə bağlıdır.
“Xaçaturyan Azərbaycan musiqilərini anasından öyrənib”
Bəhmənli deyir ki, Azərbaycan musiqisinin 6/8 ritmində olması bu mövzudakı əsas sübutlardan sayılır. Xaçaturyan özü də Azərbaycan musiqisindən istifadə etdiyini, bunu anasının bildiyi Azərbaycan mahnılarından mənimsədiyini etiraf edib:
“Bəzi melodiyaların dəyişmədən təqdim olunması plagiat məsələsini gündəmə gətirir. Bu barədə düşüncələr musiqişünaslıq ədəbiyyatında və Xaçaturyanla bağlı mənbələrdə əksini tapıb”.
Mövzuya toxunan sovet tədqiqatçısı İrakli Andronikov 1981-ci ildə nəşr olunmuş “Seçilmiş əsərlər” kitabının ikinci cildində bəstəkarın musiqi dilinə Azərbaycan xalq musiqisinin təsirini vurğulayır. O, xüsusilə “Qayane” baletində və “Skripka, klarnet və fortepiano üçün trio” əsərində Azərbaycan xalq musiqisinə məxsus ritm və intonasiyaların üstünlük təşkil etdiyini qeyd edir.
Andronikov bəstəkarın qaynaqlarını təhlil edərək yazır: “Onun musiqisinin mənbələrindən danışarkən, burada üç musiqi mədəniyyətinin — erməni, gürcü və azərbaycan mədəniyyətlərinin sintezini görmək lazımdır”.
Mədəni irsin mənimsənilməsi məsələsi ümumilikdə hüquqi aspektdən də araşdırılıb. Professor Kamran İmanovun rəhbərliyi ilə hazırlanmış “Erməni plagiatının kökləri” və digər tədqiqatlarda folklor nümunələrinin mənşəyi, onların istifadəsi və müəlliflik məsələləri təhlil edilir. Bu araşdırmalarda xalq yaradıcılığı nümunələrinin mənbə göstərilmədən istifadəsi mədəni irsin mənimsənilməsi problemi kontekstində qiymətləndirilir.
“Uzundərə” haqqında tarixi sübutlar
Rauf Bəhmənli əlavə edir ki, Xaçaturyan erməni bəstəkarı olsa da, onun yaradıcılığı dünya musiqi tarixində artıq formalaşmış və qəbul olunmuş irsdir, yazdığı əsərlər tanınır və dəyərləndirilir. Bununla yanaşı, Xaçaturyan özü də yaradıcılığında Azərbaycan musiqisindən yararlandığını açıq şəkildə təsdiqləyir:
“Xalq musiqisinin canlı melodiyaları – erməni, azərbaycan və gürcü mahnı və rəqsləri – yaddaşımda dərin iz buraxdı… bu, mənim musiqi şüurumun əsasını təşkil etdi”.
Aram Xaçaturyan bu fikirləri 1952-ci ildə “My Idea of the Folk Element in Music” (“Musiqidə folklor elementinə dair fikirlərim”) adlı məqaləsində qeyd edib.
.png)
Beynəlxalq və akademik mənbələr Aram Xaçaturyanın Azərbaycan musiqisindən birbaşa istifadə etməsi və bunun elm dünyasında plagiat kimi qiymətləndirilməsi barədə rəsmi qərar, yaxud təsdiqlənmiş sübut təqdim etmirlər.
Britannica (Britaniya Ensiklopediyası) Xaçaturyan ilə bağlı məqaləsində qeyd edir ki, Aram Xaçaturyan musiqisində xalq ənənələrinin geniş təsiri var:
“O, təkcə erməni deyil, həm də Gürcüstan, Rusiya, Türkiyə və Azərbaycan daxil olmaqla, Qafqaz xalqlarının və türk-şərq musiqi elementlərinin təsirinə məruz qalmışdır. Bu, onun balet və orkestr əsərlərində müxtəlif etnik melodik və ritmik xüsusiyyətlər şəklində səciyyələnir, lakin bu, təhlil edilmiş musiqi ənənələrinin təsviri və təsirlənmə səviyyəsindədir, plagiat iddiası kimi hüquqi qiymətləndirmə deyil”.
Azərbaycan folklorunun hüquqi qorunması və beynəlxalq müdafiə mexanizmləri
Azərbaycan folklor nümunələrinin qorunması istiqamətində dövlət tərəfindən bir sıra hüquqi və institusional tədbirlər həyata keçirilib. 2003-cü ildə qəbul edilmiş “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun milli folklorun əqli mülkiyyət obyekti kimi müdafiəsini təmin edir, 2011-ci ildə edilən dəyişikliklər isə xarici ölkələrdə kommersiya məqsədli istifadəyə nəzarət mexanizmi yaradıb. Əqli Mülkiyyət Agentliyi folklor nümunələrinin qanunsuz istifadəsi hallarında dövlətin maraqlarını təmsil edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) kimi beynəlxalq qurumlara rəsmi müraciətlər ünvanlayır və Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə tanıdılması üçün mütəmadi maarifləndirmə işi aparır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də ümumi folklorun qorunması və təbliği ilə bağlı tədbirlər həyata keçirir.
Bu fonda ara-sıra bəzi əsərlərdə Azərbaycan mənbələrindən yolverilməz istifadə, yaxud mənimsənilmələrə dair iddialar səsləndirilsə və hətta “şifahi olaraq” təsdiqlənsə də, burada təsirlənmə ilə plagiat arasında sərhədlərin pozulduğunu rəsmi sənədlərdə öz əksini tapmadığı halda yekun əldə edilmir və müdafiə mexanizmləri işə düşmür.
Nərgiz Abbasova