Logo
news content
User
Kateqoriyalar

Analitika

Samvel Babayan səhnəyə qayıdır – anti-Paşinyan cəbhəsində yeni oyunçu
Ekspert: “Qarabağ erməniləri” anlayışı isə ildən-ilə getdikcə daha mücərrəd xarakter alır.

Uzun müddətdir səsi-sorağı gəlməyən “Artsax Müdafiə Ordusu”nun keçmiş “komandanı” və qondarma “Artsax Milli Təhlükəsizlik Şurası”nın sabiq “katibi” Samvel Babayan Ermənistan hakimiyyətinə qarşı kifayət qədər geniş və sərt bəyanatla çıxış edib.

Nikol Paşinyanın Dağlıq Qarabağ probleminə yanaşmaları çoxdan bəllidir, lakin Almaniyada səsləndirdiyi son bəyanatla daha bir təhlükəli həddi keçib. Paşinyan iddia edib ki, Dağlıq Qarabağ probleminin hələ də həll olunmadığını deyənlər yeni müharibə istəyirlər”, – Babayan Facebook səhifəsində yazıb.

Babayan xüsusilə vurğulayıb ki, Paşinyan “zorla Dağlıq Qarabağdan köçürülmüş” insanların geri qayıtmaq hüququnu Qarabağ hərəkatı ilə eyniləşdirərək ictimai şüuru manipulyasiya edir: “Siz Dağlıq Qarabağ problemini gündəmə gətirənlərin müharibə istədiyini deyərkən yanılmırsınız, reallığı şüurlu şəkildə təhrif edirsiniz.

Dağlıq Qarabağ xalqının problemi həll olunmayıb və bu, şüar deyil, faktdır. Bu, müharibə deyil, reallıqdır.

Həll olunmamış problemlər barədə danışanlar müharibə istəmirlər. Müharibə diqqətdən kənarda qalan problemlərdən doğur. Görməzdən gəlinən hər bir problem partlamamış mina kimidir. Təhlükə o zaman yaranır ki, hakimiyyət siyasi məqsədəuyğunluq naminə məğlubiyyəti “sülh” pərdəsi altında gizlətməyə və bu saxtakarlıqda iştirak etməyənlərin səsini boğmağa çalışır”, – o, bildirib .

Babayan Paşinyanı ziddiyyətli mövqelərdə ittiham edərək xatırladıb ki, o əvvəlcə “Artsax Ermənistandır” deyib, sonra Qarabağ xalqı adından danışıqlar aparmaq mandatının olmadığını bildirib, ardınca özünü Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı kimi təqdim edib, daha sonra isə bunu yalnız “sosial təhlükəsizlik”lə məhdudlaşdırıb. Nəticədə, Babayanın sözlərinə görə, müharibə taleyin ümidinə buraxılıb, məğlubiyyət və kapitulyasiya baş verib, Qarabağdakı silahlı qüvvələrə dair öhdəliklər yerinə yetirilməyib və həlledici anda “Qarabağın daxili işlərinə qarışmamaq” mövqeyi tutulub.

Onun iddiasına görə, bu siyasətin nəticəsində “bütöv xalq dövlətsiz, statussuz və gələcəksiz” qalıb, miqrasiya yoluna məcbur edilib. Ermənistana köçən qarabağlılar isə faktiki olaraq vətəndaşlıqdan və evdən məhrum qaçqınlara çevriliblər. Babayan bildirir ki, bu insanlar üçün nə yaşayış, nə iş, nə də sistemli inteqrasiya imkanları yaradılıb, əvəzində isə “demokratiya qalasında” onların öz hüquqları barədə danışmasına qadağa qoyulur.

Babayan vurğulayıb ki, Dağlıq Qarabağ məsələsinin bağlanıb-bağlanmamasına nə Paşinyan, nə də İlham Əliyev qərar verir. Bu, hər iki liderdən yuxarıda dayanan geosiyasi prosesdir. Onun fikrincə, problemin həllindən yayınanlar daha böyük və təhlükəli münaqişə ilə üzləşəcəklər.

Beləliklə, Samvel Babayan Ermənistanda parlament seçkiləri ərəfəsində açıq şəkildə anti-Paşinyan düşərgəsinə qoşulub. Halbuki o, 2023-cü ilin anti-terror əməliyyatından əvvəl Qarabağdakı separatçı “hakimiyyətdən” uzaq dayanır, Xankəndidə mitinqlər keçirərək ermənilərə Qarabağ azərbaycanlıları ilə birgə yaşayış imkanlarını nəzərdən keçirməyi təklif edirdi. Azərbaycan hakimiyyəti isə Qarabağ üzərində nəzarəti tam bərpa edəndən sonra Babayanın separatçı keçmişinə, fəaliyyətinə baxmayaraq, onu Qarabağdan sağ-salamat buraxmışdı. Babayan da o vaxtdan İrəvanda yaşayır. Halbuki, hazırda məhkəməsi davam edən digər separatçı liderlər kimi Bakı həbsxanasında otura bilərdi. Yeri gəlmişkən, bu, Vitali Balasanyana və keçmiş “prezident” Şahramanyana da aiddir.

İndi isə sabiq “komandan” Ermənistan hakimiyyətinə qarşı kəskin ritorika ilə çıxış edir. Bunun səbəbi nədir? Qarşıdan gələn iyun seçkiləri? Yoxsa Babayan “köhnə-yeni sahiblər” tapıb, Moskvadan (diaspordan, kilsədən) pul alıb və indi əvvəlcədən uğursuzluğa düçar olan proqramı icra edir? 

Məsələ ilə bağlı Pressklub.az-a danışan Cənubi Koreyanın Hankuk Xarici Dillər Universitetinin professoru, politoloq Rövşən İbrahimov bildirib ki, Paşinyana qarşı çıxan üç əsas qrup var: kilsə, Qarabağ erməniləri və diaspor qrupları. Onun sözlərinə görə, bu üç qrupun hər birində Rusiyanın izi açıq hiss olunur. Onlar müxtəlif akkordlardan istifadə edir, vaxtaşırı oyuna yeni komponentlər daxil edirlər.

Aydındır ki, Samvel Babayan səbəbsiz yerə meydana çıxmayıb. Ondan nəinki sadəcə xahiş etməyiblər, ona təzyiq göstəriblər. O da başa düşür ki, bunun əksi onun üçün daha baha başa gələ bilər. Prinsipcə, onun söylədiklərinin heç biri Azərbaycanla bağlı deyil. Bu, tamamilə Ermənistanın daxili siyasi ritorikasıdır. Bu halda mövcud konteksti daha baha “satmağa” çalışırlar.

“Qarabağ erməniləri” anlayışı isə ildən-ilə getdikcə daha mücərrəd xarakter alır. Məsələ ondadır ki, insanların özləri daha yaxşı yaşamaq istəyirlər. Bu qrupa qarşı formalaşmış ümumi nifrəti də nəzərə alaraq, onlar maksimum dərəcədə ya inteqrasiya olunmağa, “əriməyə”, ya da daha yaxşı həyat tapmaq ümidi ilə Ermənistanı tərk etməyə çalışırlar.

Məhz buna görə də, gec-tez bu amili kapitallaşdırmağa cəhd edənlər mütləq ortaya çıxacaq. Çünki bu faktor işləyir. Ola bilsin ki, əvvəlki illərlə müqayisədə o qədər də effektiv deyil, amma mücərrəd xarakter daşıdığı üçün onu dəqiq “tutmaq” çətindir. Və bu amil mövcud olduqca, müəyyən çətinliklər və təhdidlər yaratdıqca, ciddi siyasi alətə çevrilə bilər. Müxtəlif qruplar isə ondan ilk növbədə Paşinyana qarşı istifadə edəcəklər”, – deyə politoloq qeyd edib.

Rauf Orucov